AZ

Eyyub Hüseynov: "Ölkəmizdə bəzi restoranlarda vəziyyət ürək açan deyil"

Ölkəmizdə turizm sahəsinin inkşafına təsir göstərən istiqamətlərdən biri də restoran sektorudur. Lakin heç kəsə sirr deyil ki, mövcud vəziyyətdə bir çox kafe və restoranlarda  istehlakçıların hüquqları  pozulur.
Son dövrlər kafe və restoranlardakı qiymətlərdə artım müşahidə olunsa da, bu artımın həmin sektordakı xidmətin keyfiyyətinə də şamil etmək olmaz. 
Mütəxəssislər bildirir ki, xidmət sektoruna nəzarət güclənməli, biznes sahibləri bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, istehlakçıların sağlamlığı üçün problem yaradacaq məsələlərdən biri də  restoran zalı ilə  mətbəxinin bir-birinə uyğun olmamasıdır. Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən bir neçə restoranda monitorinqlər aparılıb və məlum olub ki,  zalda hər cür şərait yaradılan  restoranın mətbəxi antisanitar vəziyyətdədir: "Əlbətdə ki, istisna hallar var.  Məsləhət görərdim ki, istehlakçılar daha çox mətbəxi açıq olan restoranlara üstünlük versinlər.  Hər il ölkənin müxtəlif regionlarına səfərlər edirəm və restoranlardakı vəziyyətlərə baxıram. Şahidi oluram ki, bəzi restoranlarda vəziyyət ürəkaçan deyil".

Ekspertin sözlərinə görə, istehlakçıların şikayət etdiyi problemlərdən biri də restoran və çayxanlarda kompleks çay verilməsi  məsələsidir: "Bundan əlavə servis haqqının da tələb etməsi insanlara mənfi təsir bağışlayır".

Qeyd edək ki, restoran və kafe sektorunda baş verən bütün bu hallar Azərbaycanın turizm sahəsinə mənfi təsir göstərir.


Havar Şəfiyeva

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr