PREZİDENT İLHAM ƏLİYEV: "Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir"
Ölkəmizin qarşısında dayanan bütün vəzifələr yerinə yetirilir və artıq yeni mərhələ, yeni dövr başlayıb. Vətən müharibəsində ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə tarixi Zəfər qazandı. Ötən ilin sentyabrında isə suverenliyimiz bütün ölkə ərazisində tam bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində geniş və proqram xarakterli nitqi ilə ötən dövrə yekun vurdu, dövlətimizin qarşısında duran hədəfləri, prioritetləri açıqladı və vurğuladı ki, bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq və bu dövrün böyük nailiyyətləri olacaq. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlət başçısı deyib: "Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik".
HƏDƏFİMİZ İQTİSADİYYATIMIZI BUNDAN SONRA DAHA DA ŞAXƏLƏNDİRMƏK VƏ DAYANIQLI İNKİŞAF MODELİNİ TƏKMİLLƏŞDİRMƏKDİR
"Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir".
Bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında söyləyib.
"İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik", - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında "Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim" söyləyərək bəzi rəqəmləri diqqətə çatdırdı. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Hər ay, hər il onların sayının artacağı bildirildi.
Prezident İlham Əliyev müşavirədə çıxışında onu da vurğuladı ki, inflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir: "Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik".
GÜCLÜ İQTİSADİ İNKİŞAFLA UĞURLU HƏDƏFLƏRƏ DOĞRU
Bəli, bu gün Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir
Dövlət başçısı yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Dövlət başçısı İlham Əliyev hələ bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın uğurları fonunda qarşıdakı dövrün əsas vəzifələrini açıqlayarkən bu fikri xüsusi qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Bu günlərdə imzalanmasının 30 iliyini qeyd etdiyimiz "Əsrin müqaviləsi"nin ölkəmizə qazandırdığı uğurların aydın ifadəsini məhz hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində aydın görmək mümkündür. Öncə iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi, sonra əldə olunan gəlirlər təyinatı üzrə xərclənərək qeyri-neft sektorunun inkişafına, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldildi. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın hazırda dünyaya təkmil iqtisadi inkişaf, həmçinin dirçəliş modelini təqdim etməsini şərtləndirir. Bunun üçün tarixi Zəfərimizdən ötən 4 ildə azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa işlərinə diqət yetirmək kifayətdir.
İQTİSADİ İNKİŞAF GÖZLƏNİLƏN SƏVİYYƏDƏDİR
Prezident İlham Əliyev müşavirədə çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğun vurğulayaraq iqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlətimizin başçısı bildirdi: "Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir".
Prezident İlhaim Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən əasa mühüm məqamı xüsusi qeyd edib ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Dövlətimizin başçısı iqtisadi məsələlərə həsr olunmuş müşavirədə onu da bildirib ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir. Cari ilin ötən dövründə, yəni yanvar-avqust aylarında ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Habelə qeyri-neft sənayesində 7,8 faiz artım qeydə alınıb.
Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış uğurlu addımlar və düşünülmüş islahatların nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir: "Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir"..
BU UĞURLARIN TƏMƏLİNDƏ QƏTİYYƏT, PRİNSİPİALLIQ, MİLLİ MARAQLARA HESABLANMIŞ ARDICIL SİYASƏT, LİDERLİK YENİLMƏZLİYİ VƏ GÜCLÜ AZƏRBAYCAN AMİLİ DAYANIR
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, İkinci Qarabağ müharibəsində Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 4 şəhərin və 4 kəndin sakinlərinə qovuşması bunun bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və güclü Azərbaycan amili dayanır. İqtisadi sistemin formalaşdırılması və təkmilləşdirilməsi, daim nəzarətdə olan maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həllinə yönəldilən diqqət sayəsində cəmiyyətdə sabitlik və təhlükəsizlik üçün münbit şərait yaranıb, Azərbaycan siyasi sabitlik adası kimi nüfuz qazanıb. Artıq dünyada sözünə imzası qədər dəyər verilən qalib, bütövləşən Azərbaycanla bütün sahələrdə hasablaşırlar. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev bütün çıxışlarında bu reallığı da diqqətə çatdırır ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır.
Beləliklə, 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq son 21 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.
RƏFİQƏ KAMALQIZI