AZ

“ANAMA-nın əməkdaşları işlərinin öhdəsindən layiqincə gəlirlər” - həyatın yenidən başladığı Füzuli şəhərindənREPORTAJ

Füzuli, 3 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Otuz illik erməni işğalı zamanı dağıdılan Füzuli şəhəri Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra yenidən qurulur. Tikinti işlərinin həyata keçirilməsi, infrastrukturun qurulması, kommunikasiyaların çəkilməsi üçün ilk iş məhz ərazilərin minalardan təmizlənməsi idi. Bu məqsədlə ANAMA tərəfindən böyük işlər görülür, ərazilər minalardan, partlamamış silah-sursatlardan təmizlənir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azad olunan ərazilərdə həyatın yenidən başladığı yerlərdən biri də Füzuli şəhəridir. Sakinlərin məskunlaşması üçün şəhərdə yeni çoxmənzilli binalar inşa edilib. Bu işlər məhz ərazilər minalardan təmizləndikdən sonra gerçəkləşib. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərin dirçəlməsi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması, habelə sözügedən ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün ilk mərhələdə bu ərazilər minalardan, partlamamış silah-sursatlardan təmizlənməlidir.

Füzuli sakinləri indi doğma torpaqlarında təhlükəsiz şəkildə yaşayırlar. Onlar ANAMA tərəfindən həyata keçirilən təmizləmə işlərini müsbət dəyərləndirirlər.

Söhbət etdiyimiz Taleh Bəhlulov yenidən Füzuliyə qayıtdığı üçün özünü xoşbəxt sayır. Deyir ki, 1960-cı ildə Füzulidə dünyaya gəlib. Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib. “Artıq uzun illərin Vətən həsrəti bitib və 10 aydır ki, ailəmlə Füzulidə məskunlaşmışam. Füzuli minalardan təmizlənir, ANAMA-nın əməkdaşları bu işdə səylə çalışırlar. Paralel olaraq ANAMA əməkdaşları tərəfindən əhali arasında maarifləndirmə işləri də aparılır ki, ərazidə hər hansı təhlükəli cisim gördükdə dərhal aidiyyəti üzrə məlumat verək. Biz də övladlarımıza mina təhlükəsi barədə məlumat veririk və hansı ərazilərin təhlükəli olduğunu söyləyir, tanımadıqları, bilmədiklərə əşyalara toxunmamağı tapşırırıq”, - deyə o bildirib.

Ləman Məstalıyeva da Füzulidə məskunlaşan sakinlərdəndir. Deyir ki, Füzulidə yaşamaq onun üçün yeni həyatın başlanğıcıdır və qürurvericidir. "Bir ildən çoxdur ki, Füzulidə yaşayırıq, şəhərimizdə təhlükəsizliyin tam təşkil edilməsi göz önündədir. Sakinlərin şəhər ərazisində sərbəst şəkildə hərəkət etməsi üçün buralarda daha öncədən ANAMA əməkdaşları tərəfindən yüksək səviyyədə təmizləmə işləri görülüb. Bu gün də şəhərimizdə tikinti işləri aparılır və həmin ərazilər təmizlənərək təhlükəsizlik təmin olunub. ANAMA-nın əməkdaşları işlərinin öhdəsindən layiqincə gəlirlər və paralel olaraq maarifləndirmə işləri də aparırlar ki, bu da istər məktəblilər, istərsə də digər şəhər sakinləri üçün vacibdir”.

 

Seçilən
19
1
azertag.az

2Mənbələr