AZ

Böyük Britaniya COP29-da konsensus əldə edilməsinə dəstək verməyə hazırdır - Səfir

Böyük Britaniya Bakıda Paris Sazişinin 6-cı maddəsi ilə bağlı məsələlər üzrə konsensus əldə etmək üçün bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq etməyə hazırdır.

Day.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ADA Universitetində "Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində keçirilən "Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri" mövzusunda dəyirmi masada bildirib.

"Qlazqo şəhərində COP26-nın sədri olaraq Böyük Britaniya 6-cı maddə üzrə beynəlxalq karbon bazarları üçün qaydaların hazırlanmasında əsas rol oynadı və uzun illər davam edən fikir ayrılıqlarını aradan qaldırdı. Bu, sədrlik dövrümüzün ən böyük nailiyyətlərindən biridir, bütün müzakirə iştirakçılarının gərgin işinin nəticəsidir.

COP29-da 6-cı maddə ilə bağlı həll olunmamış məsələlər qalmaqdadır və mən Azərbaycana bu məsələnin əhəmiyyətini vaxtında başa düşdüyü və irəliləyişə yardım etməyə hazır olduğu üçün təşəkkür etmək istəyirəm. Öz növbəsində, Böyük Britaniya ekoloji və sosial ədalətə əsaslanan bir həll yolu üçün çalışmağa davam edəcək, bu da bazar iştirakçıları üçün lazım olan aydınlığı təmin edəcək. Biz Bakıda konsensus əldə etmək üçün bütün tərəflərlə konstruktiv şəkildə işləməyə hazırıq", - səfir bildirib.

O, Böyük Britaniyanın qlobal karbon bazarlarının formalaşmasına yönəldilmiş tədbirlər gördüyünü və inkişaf etməkdə olan ölkələrin bu bazarlara çıxışını təmin etdiyini vurğulayıb.

Səfirin sözlərinə görə, karbon qiymətinin müəyyən edilməsi iqlim dəyişmələri ilə mübarizənin əsas tərkib hissəsidir. Bu, emissiyaların azaldılması və özəl sektorun mobilizasiyası üçün iqtisadi cəhətdən effektiv bir yol təqdim edir.

Seçilən
6
1
day.az

2Mənbələr