AZ

Neftçalanın icra başçısı səyyar görüş keçirib - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qədimkənd kənd sakinləri ilə səyyar görüş keçirib.

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Qədimkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Ölkə Başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin inkişafının və tərəqqisinin əsasını təşkil edir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və bu gün bütün sahələr üzrə  əldə olunan uğurların əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilən daxili və xarici dövlət strategiyasının təşkil etməsi haqqında danışıblar.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanan və milli maraqların qorunmasına xidmət edən dövlət strategiyasına əsaslanır. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Bu strateji kursun yaradıcısı 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev olub. Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev ölkəmizi regionda ən güclü dövlətlər sırasına gətirib. Bu gün ölkəmiz regionun əsas dövlətlərindən birinə çevrilib.

RİH-in başçısı möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar içməli su bulaqlarının sayının artırılması, kənddaxili avtomobil yolunun təmir olunması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” //rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Seçilən
109
4
modern.az

10Mənbələr