AZ

Rəqəmsal sektorun gənc biznes fəalları

Azərbaycanlı startapçılar beynəlxalq rəqabətdə imkanlarını sınamaq iqtidarındadır

Azərbaycanda rəqəmsal iqtisadiyyatın müasir trendlərindən biri olan startap ekosistemi artıq biznes ideyalarının mükəmməl aləti kimi özünü doğrultmaqdadır. Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə və böyüməsinə səbəb olub. Bu motivasiyalar sayəsində qlobal süni intellekt ailəsinə daxil olan Azərbaycan startapları təkcə son bir ildə 2,2 milyon dollar həcmində investisiya cəlb etməyə nail olub. Həmin sərmayələr hesabına startap ideyaları üzrə inkubasiya proqramlarının sayı da genişlənməkdədir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində bildirib ki, 2023-2024-cü illərdə nazirlik yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəklədiyi 20 inkubasiya və akselerasiya proqramına 600-dən çox komanda müraciət edib, 165 minimal işlək məhsulu olan startap ərsəyə gəlib. Bu, qısa bir dövr üçün çox ümidverici göstəricidir və qarşıdakı illərdə hədəf aktiv innovativ layihələrin sayının 500-ə çatdırılmasıdır. Mövcud dinamika və ideya ötürcülüyü həmin rəqəmlərə daha tez çatmağın mümkün olacağına ümid yaradır.

10 illik vergi güzəştləri, iqtisadi stimullar

Ölkədə yaradılmış əlverişli investisiya mühiti, vergi stimulları və digər təşviqlər startapların inkişafında müstəsna rol oynamaqdadır. Vergi Məcəlləsinin 102.1.31.-ci maddəsinə əsasən, “Startap” şəhadətnaməsi olan fiziki şəxs şəhadətnaməni aldığı tarixdən 3 il müddətinə və həmin startap şəhadətnaməsi üzrə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri vergidən azaddır. Həmçinin, startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviqlər də bu sahədə motivasiyaedici mühit yaradıb.

Startapların nüfuz etdiyi yüksək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmaqdadır. Texnopark rezidentlərinin sayının 96-ya yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə mənfəət, gəlir, əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.

Nəticədə bu güzəşt və motivasiyalar yüksək texnologiayalar və innovasiyalar sektorunda çalışan gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intellekt məhsulları üzrə inkişafında əlverişli mühit yaradır.

“Startap şəhadətnaməsi” biznes ideyalarını motivasiya edir

İndiyədək 167 sahibkarlıq subyektinə “Startap şəhadətnaməsi” verilib ki, bu da qeyd edilən sahədə biznes ideyalarının sayının artmasına dəlalət edir. Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. Məsələn, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”na üzv olan statapçılar investisiyalarda daha fəaldır.

Yüksək texnologiyalar sektorunda investisiya risklərinin minimallaşdırılması startapların maliyyə resurslarına çıxış imkanlarını da genişləndirib. Son ildə müxtəlif İT fondlarının bazara daxil olması, xüsusilə də “Caucasus Ventures” kimi innovativ ideyalara dəstək verən vençur kapital fondunun təsis edilməsi bu sahədə ideya rəqabətini genişləndirməkdədir. Təkcə, həmin fond 19 startapa 1,5 milyon dollar dəyərində investisiya yönəldib.

Təşviqedici siyasət sayəsində Azərbaycanın yüksək texnologiyalar parklarına daxil olan qabaqcıl investorların sayı da artır. Onlardan biri - Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti “Adviad” MMC Avropa Yenidənqurma və İnkişaf Bankının “Star Venture Proqramı”nın qaliblərindəndir və 5 ölkədə 100-dən çox müştəriyə xidmət göstərir. Eləcə də “Technofusion LLC” süni intellekt və texnologiyalar sahəsində rəqəmsal dünyada bizneslərlə rəqabət aparmağa iddialı şirkətlərdəndir.

Dünya Startap Yarışmasında Azərbaycan brendi

Bu motivasiyalar sayəsində son illərdə Azərbaycanın İT və rəqəmsal sektorlarında startap, süni intellekt və biznes ideyaları dünya ölkələrinin startapları ilə rəqabət aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub. Azərbaycanlı startapçılar artıq okeanın o tayında da rəqabət üçün im?anlarını sınamağa çalışır. Yaxın vaxtlarda ABŞ-da keçiriləcək Ümumdünya Startap Yarışmasına iştirak hüququ qazanmaq bu imkanları nümayiş etdirmək baxımından yaxşı fürsət hesab edilə bilər. 

E.CƏFƏRLİ

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr