AZ

Şərqin SON FATEHİ – Nadir şahın davamçıları hansı rayonlarda yaşayırlar?

Azərbaycanın ayrı-ayrı ərazilərində çoxlu sayda Avşarlar yaşayır. Ağcabədidə, Şuşada, Qubada və başqa rayonlarımızda onlara rast gəlmək mümkündür. Onlara bəzən avşar, əvşar, bəzənsə hətta “oşar” deyirlər. 

Maraqlıdır, Avşarlar Azərbaycana nə zaman gəliblər? 
 

MÖVZU İLƏ BAĞLI:

“Atabəylər”dən sonra daha hansı tarixi dövlətlərimizlə bağlı filmlər ÇƏKİLMƏLİDİR?


Bizim.Media-nın araşdırmasına görə, avşarlar qədim dövrlərdən bütün Türk, Oğuz coğrafiyası ilə yanaşı, Azərbaycan ərazisində də məskunlaşıblar.

Oğuzun ən böyük soylarından biridi Avşarlar...

Avşarlar, Qayılarla birlikdə Oğuzun ən döyüşkən soyu hesab olunurlar. Bu boy Boz oğuzlar qolundan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Avşarların yetişdirdiyi ən böyük tarixi şəxsiyyət Nadir şah Əfşardır. Onun yaratdığı dövlətə Əfşar dövləti də deyirlər.

Hər ikisi dövlət qurub...

Nadir şah Əfşarın yaratdığı Əfşarlar dövləti və Qayı obasının yetişdirdiyi Qazi Osmanın sıfırdan qurduğu Osmanlı imperatorluğu bunun sübutudur. Hər ikisi Türkün, Oğuzun fəxr yeri olan böyük dövlət yaratma istəyinin möhtəşəm nümunələridir. Osmanlı imperatorluğu yeddi yüz ilə qədər ömür sürdü, dünyaya meydan oxudu. Nadir şahın yaratdığı Əfşar dövləti isə hökmdarın ölümündən sonra qısa müddətdə süquta uğradı. Özü də öz doğma yurddaşlarının əli ilə...

Ağcabədidəki Avşarlar kimlərdir?

Belə fikirlər var ki, guya Aran Qarabağında, Ağcabədidə məskunlaşan Avşarları Nadir şah buraya köçürüb. 1727-ci ilə aid Osmanlı qaynağında hazırkı Ağcabədi bölgəsindəki Avşar kəndi yaşayış məntəqəsi kimi qeyd olunub. 

Digər Avşar kəndləri isə Azərbaycanda, obrazlı desək, hələ "Nuh əyyamı"ndan bəri mövcuddur. 

Avşarların siması – Nadir şah

Afşarlar dünyaya çox böyük tarixi şəxsiyyətlər bəxş ediblər. Təbii ki, onların içərisində ən böyüyü Nadir şah Əfşardır. O, öz dönəmində Səfəvi imperiyasının ən böyük sərkərdəsi hesab olunurdu. Səfəvi dövlətinin əfqanlar, ruslar, Osmanlılar tərəfindən istila olunmuş ərazilərini məhz o geri qaytardı, Səfəvi dövlətinin ərazi bütövlüyünü bərpa etdi. 

Əfşar dövləti ərazisində yaşayan əfşarlarla yanaşı, bütün Qızılbaş soylarını birləşdirib qüdrətli bir dövlət qura bildi. Nadir böyük, məğlubedilməz sərkərdə idi. O, Hindistana qədər gedib çıxdı, Dehli sultanlığını fəth etdi. 

O Hindistandan o qədər böyük sərvət gətirdi ki, hətta paytaxta qayıdanda xalqdan vergi almayacağını da elan etdi. Ancaq Nadir üç illik fəthdən sonra gətirdiyi cəvahiratı ölkəsinin quruculuğuna həsr etmədi. 

Bəlkə də böyük sərkərdə Rusiyadan, Avropadan gələn yeni islahat dalğasını qəbul edə bilmədi. Pyotrun bir az ondan əvvəl apardığı islahatların əhəmiyyəti ona gərəksiz göründü bəlkə də... 

Bununla da böyük bir imperiya öz çöküşünə doğru yavaş-yavaş irəliləyirdi. Nadirin dövründə dövlət saat kimi idarə olunurdu. Qonşu imperiyalar Osmanlı və Çar Rusiyası Nadir şahdan çəkinir, Əfşarların sərhədlərinin ətrafında dolana bilmirdilər.


Ta ki silahdaşları onu öldürənə qədər...

1747-ci ildə mühafizəçiləri Nadiri qızıl çadırında qətlə yetirdilər. Ondan sonra Əfşarlar dövlətinin qara günləri başladı. 

Öz qvardiyasının əsgərləri ilə sübh namazına qədər döyüşmüş Nadir şah Əfşarın kürəyinə saplanan qılıncın ağrısından çevrilib verdiyi “Niyə, nə üçün?” sualına isə tarix hələ də cavab tapa bilmir...

Avdı Qoşqar, Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr