AZ

Dosent Tacir Qurbanov: Aşıq Ələsgərin abidəsi Azərbaycanda bu sənətə verilən dəyəri əks etdirir

Dosent

Bakı, 5 oktyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə 1971-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyini respublika səviyyəsində keçirib. Dahi rəhbər az müddət sonra bu yubiley tədbirini Moskvada, Kremlin Sütunlu salonunda keçirərək həmin tədbirdə iştirak edib. Təbii ki, milli-mənəvi dəyərlərimizə qayğı və diqqət bu gün də davam etdirilir. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin Bakının mərkəzində heykəlinin qoyulması buna bariz nümunələrdən biridir. Abidənin açılışı isə bu ilin sentyabr ayının 30-da oldu. Böyük aşığın heykəli Bakının görkəmli yerində – Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda ucaldılıb. Abidənin açılışında çıxış edən Prezident İlham Əliyev xatırlatdı ki, üç il bundan əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki sərəncam imzalayıb. Birinci Sərəncam böyük sənətkarın 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi idisə, ikinci Sərəncam Aşıq Ələsgərin heykəlinin Bakıda qoyulmasıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin aparıcı elmi işçisi dosent Tacir Qurbanov söyləyib. O bildirib ki, Aşıq Ələsgər poeziyasında Azərbaycan dilinin, Azərbaycan ruhunun, daha doğrusu, türk ruhunun monumental bir göstəricisi var. Aşıq Ələsgər sənətinə verilən dəyər bütövlüklə sazımıza-sözümüzə verilən qiymətdir. Milli-mənəvi dəyərlərimizi bu gün yaşatmaq hər birimizi sevindirir, qürurlandırır. Bu abidə qaya parçası üzərində ucaldılıb. Heykəlin hazırlanmasında heykəltəraşlıqda klassik portretçilik ənənəsindən istifadə olunub. Bu abidə xalqın yaddaşında dərin iz buraxan bir şəxsiyyətin irsini və kimliyini təcəssüm etdirir. O, həm sufi şairi, həm ustad aşıq kimi təcəssüm olunur.

“Abidənin açılışı yaddaqalan bir hadisə kimi tarix səhifəsinə yazıldı. Aşıq Ələsgərin abidəsi Azərbaycanda qoyulan ilk aşıq heykəlidir. Bu, həm Azərbaycan aşıq sənətinə verilən dəyəri, həm də Aşıq Ələsgərin Azərbaycan aşıq sənətində ən görkəmli sənətkar olduğunu əks etdirir. Digər tərəfdən bu, həm də Qərbi Azərbaycan mövzusu ilə səsləşir. Axı Aşıq Ələsgər Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində doğulub boya-başa çatmışdır. Qərbi Azərbaycan ən qədimlərdən aşıq sənətimizin beşiyidir. Burada Azərbaycan aşıq sənətinin Dərəçiçək, Göyçə, İrəvan, Dərələyəz, Gümrü və Ağbaba aşıq mühitləri var. Bu mühitlər erməni vandalizmi nəticəsində yox olmuşdur. Aşıq Ələsgərin heykəlinin Bakının görkəmli yerində qoyulması hamını sevindirir. Bu, həm də Qərbi Azərbaycana qayıdışla paralellik təşkil edir”, - deyə alim əlavə edib.

T.Qurbanov qeyd edib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz Qarabağı işğaldan azad edəndə düşmən gözəl Qarabağımızda xarabalıq buraxmışdı. Az vaxtda orada abadlıq işlərinə başlanıldı: “Yenə Qarabağımızda gözəl kəndlər, qəsəbələr, yaşayış məntəqələri salındı. Erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıdıblar. Gün gələcək Qərbi Azərbaycana da qayıdış başlanacaq. Aşıq Ələsgərin belə bir möhtəşəm abidəsi Qərbi Azərbaycanda da ucaldılacaq. Azərbaycanda milli-mənəvi dəyərlərimizə dövlətimiz həmişə xüsusi qayğı və diqqət göstərib. Dövlətimizin başçısının Azərbaycan aşıq sənəti və onun görkəmli nümayəndələrinə münasibəti bunu bir daha təsdiqləyir”.

Seçilən
11
azertag.az

1Mənbələr