AZ

Erməni terrorunun şahidi: Düşmənin bazarı hədəf almasında əsas məqsədi daha çox insanı öldürmək idi

Gəncə, 5 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Vətən müharibəsinin davam etdiyi bir vaxtda, 2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri cəbhədən yüzlərlə kilometr aralıda yerləşən Gəncə şəhərini ikinci dəfə raket atəşinə tutdu. 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin, özəl xəstəxananın yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə düşən raketlərdən biri də Mərkəzi bazara tuş gəldi. Nəticədə 3 mülki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirildi, mülki infrastruktura xeyli ziyan dəydi.

Bazarın atəşə tutulmasının canlı şahidi olan şəhər sakini, ticarət kompleksinin rəhbəri Mahmud Mahmudzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Gəncənin bir gün öncə bombalanmasına baxmayaraq, oktyabr 5-də bütün şəhərdə olduğu kimi, bazarda da həyat öz axarı ilə davam edib.

“Hələ də yadımdadır, hava həmin gün tutqun, yağışlı, dumanlı idi. Ticarət kompleksində çalışan insanlar öz işlərinin başında idilər. Ermənistanın Gəncəyə bir gün öncə xain hücumuna baxmayaraq, heç kəs qorxmurdu. Bazardakı alıcı sayı da az deyildi. Düşünürəm ki, düşmənin bazarı hədəf almasında əsas məqsədi daha çox insanı öldürmək idi”, - deyə hadisə şahidi bildirir.

Onun sözlərinə görə, raket zərbəsinin dalğası bazar ərazisində 7 hektar əraziyə təsir edib. İkimərtəbəli bina tamamilə yararsız hala düşüb. Digər binalarda yerləşən mağazalara da ciddi zərər dəyib.

“Gəncə bir gün əvvəl raket atəşinə tutulmuşdu deyə, təhlükəsizliyi təmin etmək üçün ikimərtəbəli binalardakı insanları digər obyektlərə yönləndirmişdik. Xoşbəxtlikdən raket məhz ikimərtəbəli binalar olan əraziyə düşdü. Əgər insanların çox olduğu kənd təsərrüfatı məhsulları bazarına düşsəydi, xeyli insan həlak olacaqdı. Hadisə nəticəsində 3 nəfər xəsarət aldı”, - deyə Mahmud Mahmudzadə əlavə edir.

Vətən müharibəsi zamanı döyüş meydanında məğlubiyyətlə üzləşib, geri çəkilməyə məcbur olan düşmənin acığını Azərbaycanın dinc şəhərini, mülki əhalisini raket atəşinə məruz qoymaqla çıxmaq istəyi azərbaycanlıların gözünü qorxutmadı: “Düşünürdük ki, insanlar ertəsi gün bazar ərazisinə gəlməzlər, ancaq əksinə oldu. Heç kim bir addım geri durmadı. Hər kəs gəlib, dağılan ərazilərin təmizlənməsi, obyektlərdə qalan malların daşınmasına kömək edir, sahibkarlara dəstək göstərməyə çalışırdı. Hamını Vətən sözü, qələbəyə inam birləşdirirdi. Bu mübarizlik əzmi, ruhu qələbə ilə nəticələnən Vətən müharibəsi bitənədək davam etdi”.

Qeyd edək ki, Vətən müharibəsinin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Bu terror aktları nəticəsində 626 mülki şəxs həlak olub, 175 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Seçilən
16
azertag.az

1Mənbələr