AZ

Türkiyədə erkən seçki anonsu: Ərdoğanın mesajı nədən xəbər verir?

"Mövcud siyasi və iqtisadi vəziyyət Türkiyədə erkən prezident seçkilərinin keçirilməsinə imkan vermir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyədə erkən seçkilərinin ola biləcəyi ehtimalını şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Türkiyədə erkən prezident seçkilərinin olub-olmayacağı ilə bağlı qəti fikir bildirmək mümkün deyil:

"Kimsə bunu iddia edə bilməz. Bunun üçün şərt və mühit olmalıdır. İndiki siyasi, iqtisadi və təhlükəsizlik vəziyyəti seçkilərin keçirilməsi üçün uyğun deyil. Sosioloji sorğulara görə, hakim AKP ilə CHP arasındakı fərq çox cüzidir. Ona görə də indiki vəziyyətdə seçkinin keçirilməsi AKP-yə birmənalı zəmanət vermir. Əhalinin AKP namkizədini dəstəkləməsi üçün ən azından ölkənin iqtisadi durumunda ciddi dəyişikliklər olmalıdır".
 

 
Ekspertə görə, erkən prezident seçkiləri mövzusunun ortaya çıxması müxalifətin bələdiyyə seçkilərində qələbədən sonra eyforik vəziyyətə düşməsilə bağlıdır:

"Onlar iqtisadi durumun və AKP-nin vəziyyətinin ağır olduğu bir dövrdə seçkiyə getməklə hakim partiyaya qalib gələcəklərini düşünür. Ona görə də sözügedən informasiya müxalifət tərəfindən ortaya atılıbsa, baş tutacağına o qədər də real görünmür. Çünki Ərdoğan bir neçə gün əvvəl bildirdi ki, seçki istəyirlərsə, 2028-ci ili gözləmək məcburiyyətindədirlər. Amma erkən seçki məsələsi iqtidar tərəfindən dövriyyəyə buraxılıbsa, ola bilsin ki, bu Ərdoğanın səhhətində ciddi problemlərin yaşanması ilə bağlıdır. Yalnız belə olan halda ictimai fikri hazırlamaq üçün həmin məsələ dövriyyəyə buraxıla bilər".

Politoloq qeyd edir ki, indiki vəziyyətdə də Türkiyədə xarizmatik liderə ehtiyac var: 

"Ərdoğan bu statusa uyğun gəlir. Dünyada onu tanıyır və hörmət göstərirlər. Türkiyənin təhlükəsizliyi və gələcəyindən söhbət gedirsə, ölkə seçicilərinin davranışı bələdiyyə seçkilərindən fərqli ola bilər. Həmçinin lider olaraq Ərdoğana alternativ də görmürəm". 

Qeyd edək ki, son günlər Türkiyədə prezident seçkilərinin erkən keçiriləcəyi məsələsi gündəmə gətirilir. Bir sıra yerli mətbu orqanlar seçkilərin nəzərdə tutulduğu kimi, 2028-ci ildə deyil, 2026-cı ildə keçirilə biləcəyinin anonsunu verib. 

Rüfət Sultan
Seçilən
10
qaynarinfo.az

1Mənbələr