AZ

Qazaxıstanda rəqəmsal yeniliklər gündəlik həyata rahatlıq gətirir

Qazaxıstanda

Astana, 5 oktyabr, AZƏRTAC

Rəqəmsal texnologiyalar Astana sakinlərinin gündəlik həyatına getdikcə daha çox nüfuz edir, şəhərdə hərəkət etmək və gündəlik tapşırıqları yerinə yetirmək üçün rahat həllər təklif edir. Bakıda olduğu kimi, bu yeniliklər Astana sakinlərinin həyatını asanlaşdırmaqla yanaşı, həm də şəhəri qonaqlar üçün daha əlçatan və rahat edir.

İlk növbədə, 2GIS proqramını qeyd etmək lazımdır. Onun köməyi ilə hansı avtobusun istədiyiniz marşrutla getdiyini asanlıqla müəyyən edə bilərsiniz. Sadəcə gedəcəyiniz ünvanı daxil edib, sonra piyada, maşınla və ya ictimai nəqliyyatla daşıma üsulunu seçmək kifayətdir. Əgər siz avtobusu seçmisinizsə, proqram marşrut nömrəsini və gediş yerini göstərəcək. Üstəlik, real vaxt rejimində avtobusun hərəkətini izləyə və onun hazırda harada olduğunu görə bilərsiniz. Bu, şəhər və ictimai nəqliyyat sistemi ilə tanış olmasanız belə, Astana ətrafında sərbəst hərəkət etməyə imkan verir.

İkinci mühüm proqram taksi sifariş etmək üçün “inDrive” sistemidir. Onun özəlliyi ondan ibarətdir ki, ünvanı daxil etməklə, siz olduğunuz yerdən təyinat yerinə qədər olan səyahətin təxmini qiymətini dərhal görürsünüz. Sifarişinizə neçə taksi sürücüsünün baxdığını da görə bilərsiniz. Heç kim qəbul etməsə, ödənişi bir az artıra bilərsiniz. Taksi sürücüləri də öz qiymətini təklif edə bilərlər. Məsələn, siz 1000 tenqe göstərdiniz, taksi sürücüsü isə 1200 tenqeyə getməyi təklif edir. Bu yolla siz qiymətdə danışıq apara və qarşılıqlı faydalı razılaşma əldə edə bilərsiniz.

Ödəniş üçün sürücünün telefon nömrəsinə pul köçürmək xüsusilə rahatdır: səyahətin sonunda siz sadəcə pulu göndərirsiniz və bu, prosesi mümkün qədər sadə və sürətli edir.

Astanada insanların əksəriyyəti artıq nağdsız ödənişlərə keçib. Nağd puldan istifadə edənlərə çox nadir rast gəlinir. Bəli, bəzi insanlar onlardan istifadə edirlər, lakin çox vaxt nağdsız ödənişə üstünlük verilir.

Üçüncü yenilik isə internetdə düzgün dərmanı asanlıqla tapmaq imkanıdır. Tutaq ki, siz müəyyən bir dərman almaq istəyirsiniz. Doğru dərmanı axtarmaq üçün bütün apteklərə baş çəkmək ehtiyacından qaçmağa imkan verən tibbi portal – “i-teka.kz” var. Sayta daxil olursunuz, dərmanın adını yazırsınız və proqram avtomatik olaraq onun hansı apteklərin anbarında olduğunu və qiymətini göstərir. Dərmanın mövcudluğunu yoxlamaq üçün aptekə zəng edə və ya sadəcə gəlib satın ala bilərsiniz. Beləliklə, sizə lazım olan dərmanın harada olduğunu əvvəlcədən bilirsiniz və axtarış üçün vaxt itirmək məcburiyyətində deyilsiniz.

Diqqətimi çəkən dördüncü məqam mobil tarifdə dəqiqələri internet trafikinə dəyişmək imkanı oldu. Məsələn, internet və telefon danışıqlarını özündə birləşdirən paketiniz var, lakin siz internetdən daha tez-tez istifadə edirsiniz. Belə olan halda, operatorun tətbiqinə keçə və istifadə olunmamış dəqiqələri əlavə internet trafikinə dəyişə bilərsiniz.

Yekun olaraq qeyd etməliyik ki, rəqəmsal texnologiyalar Qazaxıstanda gündəlik həyatı xeyli asanlaşdırır, həmçinin vaxta qənaət etmək imkanı verir. Şəhər boyu naviqasiyadan və taksi sifarişindən tutmuş mobil xidmətlərə qədər hər şey daha əlçatan və internet tətbiqləri sayəsində olduqca rahatdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
47
azertag.az

1Mənbələr