AZ

Dörd milyard il öncə həyatın olduğu sirli planet - “Yerə ordan gəlmişik”

Hələ illər öncə Marsa göndərilən “Spirit”, “Opportunity” və “Curiosity” kosmik missiyaları 4 milyard il əvvəl qırmızı planetdə bol oksigen və nəhəng okeanların ola biləcəyini üzə çıxarmışdı. Yer “həyatın beşiyi” adlandırılsa da, həyatımızın mənbəyi qırmızı planet ola bilər. Bəlkə də Marsdan gələn meteoritlər Yerə həyat və ilk bakteriyaları gətirmişdi.

Teleqraf.com xəbər verir ki, bəzi elm adamları Marsın 4 milyard il əvvəl həyat üçün uyğun bir planet olduğunu iddia edirlər.

Alimlər uzun illər baş sındırdıqları “Marsda su varmı” sualına cavabı hələ 2008-ci ildə tapmışdılar. Həmin il NASA-nın “Phoenix” zondu Marsa endi və torpağın altında buzlu su tapdı, amma bu, yalnız başlanğıc idi. NASA-nın ard-arda göndərdiyi zondlar qırmızı planetdə əvvəllər okeanlar, dənizlər və çayların olduğunu göstərən çoxlu dəlillər tapdı.

Suyun olması Marsda həyatın olması demək deyil. Hələlik elm adamları bu planetdə bircə canlı və ya əvvəllər mövcud olmuş canlılara dair bir iz belə tapa bilməyiblər. Alimlər atmosferi incə olan Marsın həyat üçün əlverişli olmadığı qənaətindədir. Amma Yerin atmosferinin əsasən karbon və karbonmonoksid qazlarından ibarət olduğu zamanlarda Mars oksigenlə zəngin idi. Dörd milyard il əvvəl Yerdə həyat olmazkən, Mars artıq yaşayış üçün əlverişli bir planetdi.

Vaxtilə “yaşıl” olan Marsın bu gün “qırmızı planet” adlandırılmasının səbəbi onun dəmir oksidi tozu, yəni pasla örtülməsidir.

Oksigen izləri

2004-2010-cu illər arasında Mars ətrafında səyahət edən və torpaq nümunələrini araşdıran “Spirit” planetin süxurlarında oksigen izlərinin olduğunu göstərdi. Planetin torpağında kükürd, azot, hidrogen, oksigen, fosfor və karbon elementlərinin izlərini aşkarlandı.

Kükürd birləşmələri Yerdəki bakteriyalar üçün çox vacibdir. Planetimizdəki mikroblar enerji mənbəyi kimi sulfat və sulfitlərdən istifadə edirlər.

Planetdən götürülən nümunələri qiymətləndirən alimlər belə qənaətə gəldilər ki, zond araşdırma apararkən köhnə çay yatağı və ya quruyan gölün dibində olub.

Qədim su yatağı həddindən artıq turşu və ya duzlu deyildi, tərkibində 20 faiz gil vardı. Bu, göstərir ki, qədim çay yataqlarını örtən gil təbəqəsi qırmızı planetin torpağında minerallarla qarışıb. Minerallarla zəngin olan bu qarışıq milyardlarla il əvvəl Marsda yaşayan mikrobları qidalandıra bilərdi. Amma elm adamları bu nəticələrdən əmin deyillər. Marsın keçmişdə həyat üçün uyğun olması orada bu gün və ya keçmişdə canlıların yaşaması demək deyil. Bunun üçün bizə daha çox dəlil lazımdır.

“Həyat daşıyan sirli obyektlər”

Oksford Universitetinin geoloqları da “Spirit”in məlumatlarını təhlil edərək, 3.7 milyard illik planet qayalarında oksigen izləri aşkar etmişdilər. Əldə edilən nəticələrdən əmin olmaq istəyən mütəxəssislər bu məlumatları Marsdan Yerə gələn 180 milyon – 1.4 milyard il arasında olan meteoritlərlə müqayisə etdilər. Məqsəd Marsda oksigenin mənbəyini tapmaq idi.

Qədim Marsın atmosferindəki oksigenin mənbəyi vaxtilə burada yaşamış və fotosintez yaradan bakteriyalar ola bilərdi. Bu halda keçmişdə Marsda həyatın mövcud olduğu dəqiq olardı. Digər tərəfdən, süxurlardakı oksigenin mənbəyi vulkanik fəaliyyətlər də ola bilərdi.

Atmosferdəki oksigen yalnız vulkanlar və qeyzerlərin havaya atdığı qazlardan gəlsəydi, məlum olardı ki, Mars bir vaxtlar həyat üçün əlverişli olsa da, canlılar yaşamamışdı.

Marsda həyat vardısa, təxminən 3.7 milyard il əvvəl sona çatmışdı. Bununla bağlı araşdırma aparılan ən qədim Mars meteoritinin cəmi 1.4 milyard yaşı var, o dövrdə planetin atmosferində oksigen yox idi. Bununla belə, Mars meteoritləri az miqdarda oksigen ehtiva edir. Bəs niyə? Qırmızı planetin meteoritləri qismən ərimiş mantiyadan ibarət olan Marsın içindən gəlir. Ən gənci 180 milyon yaşında olan bu cisimlər vulkanik fəaliyyətlər zamanı səthə çıxan lava axınlarının bərkiməsi nəticəsində əmələ gəlmiş olmalıdır.

Digər tərəfdən, milyardlarla il əvvəl Marsın səthi meteorit zərbələri nəticəsində əriyəndə qədim atmosferdəki az miqdarda oksigen mantiya təbəqəsinə qarışmış ola bilər. Bu o deməkdir ki, yerin dərinliklərindən gələn lavadan əmələ gələn yeni süxurlar belə az miqdarda oksigen ehtiva edir.

Elm adamları qədim Mars atmosferindəki oksigenin Mars bakteriyalarından gəldiyini sübut edə bilsələr, Yerdən əvvəl qırmızı planetdə həyatın olduğunu da sübut edəcəklər. Amma bunu sübut etmək asan deyil.

Yad planet

Süxurlarında yüksək miqdarda oksigen tapılmasının ən ağlabatan izahı Mars bakteriyası olsa da, o, hələ də yad planetdir. Qırmızı planetdəki bəzi çətin anlaşılan kimyəvi proseslər qədim Mars atmosferində oksigenin mənbəyi ola bilər. Marsda heç olmasa mikrob fosilləri (bakteriyaların torpaqda buraxdığı mikroskopik çuxurlar) tapılmayana qədər qədim Mars atmosferindəki oksigenin bioloji mənşəli olduğunu deyə bilmərik.

Hər halda Marsın 4 milyard il əvvəl yaşamaq üçün əlverişli olduğu bəllidir. Bəs niyə bu gün Mars yaşamaq üçün əlverişli deyil? Okeanlar quruyub, atmosferdə sərbəst oksigen və səthində bir damla belə su yoxdur. Amma hər şeyə baxmayaraq, qırmızı planetin bir vaxtlar atmosferində oksigen olduğunu bilirik.

Yerin yarısı böyüklükdə bir planet olduğu üçün Marsın dəmir-nikel-kükürddən ibarət kiçik və yüngül nüvəsi tez soyumuşdu. Xüsusilə, bir neçə milyard il öncə baş verən son böyük asteroid toqquşması Marsa ciddi ziyan vurdu və planetin qabığının qismən əriməsinə səbəb oldu. Alimlər bu prosesin Marsın maqnit sahəsini məhv etdiyini düşünürlər. Planetə can verəcək atmosfer üçün isə maqnit sahəsi lazımdır.

Yerdəki həyatın mənşəyi

Bir nəzəriyyəyə görə, həyat Yerə Marsdan gəlmiş ola bilər. Məsələn, Yerdə həyatın başlanmasına səbəb olan bakteriyalar bir meteoritlə Marsdan gəlmiş ola bilər. Amma bu, hələlik məlum deyil. Amma bir fərziyyəyə əsasən, həyatın “tikinti materialları”, yəni amin turşuları adlanan üzvi molekullar Günəş sistemində formalaşan asteroid və kometalarda üzə çıxıb.

Başqa bir məşhur nəzəriyyəyə görə, Yerdəki suyu planetimizə çırpılan kometa və asteroidlərə borcluyuq. Bu asteroidlər həyatın əsası olan amin turşularını da Yerə gətirmiş ola bilər. Üstəlik, Karl Saqanın dediyi kimi, Yer və Günəş sistemini əmələ gətirən qaz və toz buludları milyardlarla il əvvəl partlamış ulduzların qalıqlarından ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
17
2
teleqraf.com

3Mənbələr