AZ

Bakıya bir həftədə II zərbə: Biz niyə uduzuruq?

Milli Məclisin deputatları kollektiv imza ilə XİN başçısı Ceyhun Bayramova müraciət edərək, ABŞ-ın və ABŞ Konqresinin ünvanına ən sərt tənqidlər səsləndirib, Ermənistanı müharibəyə təhrik etdiyi, Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmağa çalışdığı, İrəvanın silahlanmasına onmilyonlar ayırdığı və tərəfdaşlarını da bu prosesə qoşduğunu və s. və i.a. bildirərək, ABŞ-la sazişlərə son qoyulmasını tələb ediblər.

Qətiyyən haqsız deyillər; ABŞ, AB-nin Ermənistanı silahlandırdığı, hətta adını “Sülh fondu” qoyduqları qurumdan İrəvanın silahlanması üçün vəsait ayırdıqları hər kəsə bəllidir.

Bugünkü müraciət həqiqətlərin çılpaq ifadəsi baxımından da normaldır – Konqresin bir qrup deputatının Azərbaycan əleyhinə müraciətinə qarşı başqa yol qalmır.

Bəs, azərbaycanlı millət vəkilləri “bugünə” – yəni ABŞ Konqresinin hər iki palatasından 60-a yaxın üzvünün ABŞ hakimiyyətini “müharibə cinayətlərinə, qanunsuz girov götürməyə və Ermənistanın suveren ərazisinin işğalına görə” Azərbaycanı məsuliyyətə cəlb etmək çağırışına qədər nə ediblər?

Yaxud AŞPA-da məhz COP29 ərəfəsində Azərbaycanla bağlı “insan haqları və ekologiya” mövzusunun müzakirəsi… (Müzakirəyə baxın: insan haqları və ekologiya! Bu iki mövzunu necə “uyğunlaşdırıblar”?)

Bu müzakirəyə qədər Azərbaycan millət vəkilləri hansı addımlar atdılar?

Baxın erməni deputatlara: il boyu çalışırlar, erməni diasporu, erməni lobbisi ilə birgə dayanmadan konqresmenlərlə, AŞPA parlamentarilərilə gecə-gündüz iş aparırlar.

Ermənistan parlamentinin fraksiya rəhbəri İşxan Saqatelyan hansı işləri necə gördüklərini açıqlayır – kimlərlə görüşüblər, o müraciəti təşkil etməkdən ötrü hansı “fakt və sübutları” necə təqdim ediblər və s.

Bir sitat: Erməni partiya, diaspor, lobbi qurumlarının təşəbbüsü ilə Avropa Parlamentinin deputatları, səkkiz yüzdən çox beynəlxalq təşkilat, universitet və alimlər Azərbaycanda insan hüquqları və ekoloji sahə ilə bağlı problemlər barədə məlumatlandırılır; Paralel iş nəticəsində ABŞ Konqresinin hər iki palatasının 60-a yaxın üzvü Konqresin Ermənilərlə iş üzrə komitəsinin həmsədri Frank Fallon və senator Ed Murkinin məktubuna qoşulur; qurumun müxtəlif ölkələrdə fəaliyyət göstərən ofisləri COP29 sammiti ərəfəsində Bakı həbsxanalarında saxlanılan erməni məhbusların vətənlərinə qaytarılmasını əsas məqsəd kimi qarşıya qoyaraq, Azərbaycana təzyiqləri artırmaq üçün səylərini əsirgəmir və s.

Yəni aylardır erməni diasporu, lobbisi, millət vəkilləri avropalı və amerikalı həmkarları ilə kontaktdadırlar, onlara “fakt” təqdim edirlər, rəy yaradırlar, fikir formalaşdırırlar və hazırladıqları layihə Konqresdən geri qayıdanda belə dayanmırlar, davam edirlər;

O cümlədən AŞPA-da – Azərbaycan nümayəndə heyətinin olmamasından maksimum bəhrələnən ermənilər bu qurumda “fəaliyyət azadlığı” əldə ediblər.

Bəs, Konqresdə belə bir müraciət hazırlananda, AŞPA-da Azərbaycanla bağlı “dinləmələr” keçirilməsi təşəbbüsü başlayanda Azərbaycan millət vəkilləri hansı həmkarlarına, nələri yazdılar, onların elektron ünvanlarına hansı faktları, sübutları, dəlilləri göndərdilər?

Azərbaycan millət vəkillərinin son səfərləri hara olub və hansı təyinatla? Kimlər Avropa parlamentariləri ilə şəxsi ünsiyyət kanalı yaradıb, kimlər konqresmenlərlə virtual yazışır, onlara nəyi izah edirlər?

Azərbaycan millət vəkillərindən kimlər hansı beynəlxalq mediaya məqalələr göndəriblər – təbii ki, o medianın təmsil olunduğu dildə!

AŞPA-da Azərbaycan əleyhinə keçirilən “dinləmələrdə” 306 deputatdan cəmi 119-u iştirak etmişdi və onların da 33-ü bu müzakirənin əleyhinə səs vermiş, 5 deputat isə bitərəf qalmışdı.

Yəni ermənilər uzun aylardan, Azərbaycan nümayəndə heyətinin olmamasından istifadə edərək, cəmi 81 deputatı öz tərəflərinə çəkə bilmişdilər. Bəs, bizim millət vəkillərimiz Azərbaycanın AŞPA-ya qayıtmasını israr edən bir neçə ölkənin nümayəndə heyətləri ilə əlaqə saxlayırmı? Onlar Azərbaycanı müdafiə etməyə tam hazırdırlar axı! Bu müzakirə ərəfəsində Azərbaycanın ədalətli mövqeyindən yana olan deputatların ölkəmizə qarşı 2 oktyabrda keçirilən müzakirədə tam şəkildə iştirakını təmin etmək olmazdımı?

Yalnız Gürcüstan nümayəndə heyəti və gürcü deputat Givi Mikanadze Azərbaycan nümayəndə heyətinin iştirak etmədiyi bir iclasda Azərbaycanı müzakirəyə çıxarmağın ədalətsizlik olduğu barədə çıxış etmişdi. Mikanadzenin bu mövqeyini neçə deputat, neçə parlamentari bölüşə bilərdi?

Azərbaycanın AB-nin neçə ölkəsi ilə yüksək səviyyədə münasibətləri var? Həmin ölkələrin nümayəndə heyətləri ilə bizim köhnə-təzə deputatların əlaqələri hansı səviyyədədir?

Gözləyirik, əleyhimizə prosesi müşahidə edirik və yaxud ümumiyyətlə, layihələrdən, yazılı müraciətlərdən, müzakirə təşəbbüslərindən xəbərimiz belə olmur, - yalnız qərar, qətnamə, müraciət qəbul olunandan sonra reaksiya veririk! Təbii ki, reaksiyamız da ancaq sərt, tələb formasında!

AŞPA-da da, Konqresdə də müzakirələr bir çox hallarda “şəxsi münasibətlər”lə formalaşır. O deputatlarla hansı əlaqələr qurublar bizim deputatlarımız?

Hökumət, dövlət siyasəti ayrıdır – Ceyhun Bayramov və ya digəri AŞPA-nın tanınan-tanınmaz deputatı ilə yazışmaz, onun görəvi, missiyası, istiqaməti başqadır, dövlətlərlə, öz həmkarları ilə işləyir. Bəs, deputatlarımız nə edir?

Hə, konqresmenlər ABŞ hökumətinə müraciət imzalayandan sonra Azərbaycan hökumətinə müraciət edirlər; AŞPA qərar verəndən sonra belə heç bir deputatın ölkə daxilində, hətta Azərbaycan mediasında, öz sosial şəbəkə hesablarında reaksiyası yoxdur.

İş o yerə çatır ki, Xocalıda şəhid olan 2 yaşlı qızın fotosunu ermənilər “öz ölüləri” kimi təqdim edib, bizə qarşı kampaniya apara bilirlər.

Birmənalı olaraq ermənilərdən böyük dövlətlər sui-istifadə edir; birmənalı olaraq erməni diasporuna hökumətlər dəstək verir – bu, təəssüf ki, reallıqdır, həqiqətdir. Ancaq bu reallıq bizim “oturub gözləməyimizə” əsas vermir!

Fakt budur ki, artıq uzun müddətdir Azərbaycana qarşı informasiya hücumu həyata keçirilir, yalan sübutlar toplanır, emal edilir, 5 deputat satın alınırsa, 15 deputat bu yalanlara inandırılır, nəticə isə göz qabağındadır!

Hansı bir deputatımız İşxan Saqatelyan kimi, hesabat verə bilər ki, bu qədər deputatla görüşüb, bu faktları təqdim edib, bu cür təbliğat aparıb?

Hansı deputat heç olmasa gündə bircə konqresmenə, avropalı parlamentariyə kiçik bir email göndərdiyini göstərə bilər?

Millət vəkili – komfort həyat şəraiti deyil, VİP-də gəzmək deyil; xaricə xəstəxanaya gedib, özünü “yığdırmaq” üçün imtiyaz deyil - hazırkı geopolitik savaşda milli mücadilədir, fədakarlıqdır, gecə-gündüz yatmamaqdır, savaşmaqdır;

Millət vəkili – biznesin sipəri olmaq deyil, biznesdə topladıqlarından xalq üçün, millət üçün, dövlət üçün, hakimiyyət üçün xərcləməkdir, kampaniya aparmaqdır, ölkəmizin dostlarının sayını artırmaqdır!

2020-də və 2023-də Ordumuz, Xalqımız, Dövlətimiz, Ali Baş Komandan meydanda sözünü dedi!

İndi Dövlətin apardığı yeni savaşda səngərə siz yatmalısınız, siz “müasir silahlar”dan, “dron"lardan siz istifadə edib, düşmənin qalalarını dağıtmalısınız…

…İndi bəzi millət vəkilləri elə biləcək ki, doğrudan onlara AK-dən atəş açmağı və dron uçurtmağı öyrənməyi məsləhət görürük.

Bax, dərdimiz budur!

Seçilən
5
50
axar.az

10Mənbələr