AZ

"Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Aktrisanın təbəssümü" televiziya filmi 1974-cü ildə çəkilib. Xalq artisti Nəsibə Zeynalovaya həsr olunan bioqrafik komediyanın süjet xəttində yer alan hadisə üstündən əlli il keçsə də, günümüzü olduğu kimi əks etdirir: aktrisanın ali məktəbi bitirib Masallıya təyinat alan qızı "Mən hara, rayon hara?" , - deyə göz yaşları içində rayon məktəbində işləməkdən imtina edir. Rayonda işləməyə təkcə ali məktəbi bitirən gənc qız deyil, anası və qohumları da kəskin etiraz edirlər.
Bu günlərdə "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yerin 3 ildir seçilməməsi" ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin açıqlaması da bu tip yanaşmaların yaratdığı problemdir. Belə ki, MİQ imtahanının nəticələrinə görə, artıq illərdir yüksək nəticə göstərən müəllimlər Bakı və ətraf ərazilərdəki məktəblərə üstünlük verirlər. Vakant yerlər isə ucqar rayonlarda olan məktəbləri və rus bölməsindəki bəzi fənləri əhatə edir: "Ən azından 40 balı keçən namizədlər həmin 2 min vakant yerə müraciət etsə idilər, işə qəbul oluna bilərdilər. Təcrübə göstərir ki, bu müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edirlər".
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Xatırladaq ki, dövlət ucqar rayonlarda çalışan müəllimlər üçün müxtəlif güzəştlər tətbiq edib. Bəs müəllimləri ucqar kəndlərdən və bölgələrdən qaçmağa nə məcbur edir?
Məsələyə münasibətdə ekspertlərin fikirləri də maraq doğurur:
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Bayramova hesab edir ki, ilk növbədə müəllimləri bölgələrə getməyə həvəsləndirən sosial imtiyaz paketləri olmalıdır: "Bu problem hər zaman var və kompleks yanaşma tələb edir. Həvəsləndirici paketlər olmalıdır ki, gənc qadınlar və ailə cütlükləri ucqar məktəblərdə işləməyə getsinlər. Digər tərəfdən, bölgələrdə çalışan müəllimlərin özlərini inkişaf etdirmələrinə dəstək olunmalıdır". İctimai Şura üzvünün fikrincə, hələ tələbəlik dövründə regionlarda işləmək mədəniyyətini gənclərdə inkişaf etdirmək lazımdır: "Hesab edirəm ki, ali məktəblərdə tələbələr müəllim kimi hazırlanan vaxt bu mədəniyyət də onlarda formalaşmalıdır ki, onlar ucqar yerlərdə işləməkdən imtina etməsinlər. Yerlərdə qazanılan təcrübənin daha əhəmiyyətli olduğunu onlara başa salmaq lazımdır".
"Müəllimlərin böyük əksəriyyəti qadınlardır. Xüsusən də, gənc və yeni ailə quran qadınlar üçün ucqar kəndlərdə işləmək ciddi problem yaradır. Bəzən ailələri və valideynləri icazə vermir. Kişi müəllimlər isə yüksək əmək haqqı marağındadırlar" , - deyə Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov məsələyə münasibət bildirib.
Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi ucqar kəndlərdə və ümumən kənd yerlərində işləyən müəllimlər və təhsil işçiləri haqqında ciddi düşünməlidir. Yeni seçilmiş Milli Məclis isə bunun qanunvericilik bazasını müəyyənləşdirməlidir: "Yerli sakin olmayan müəllimlər üçün əhəmiyyətli dərəcədə həvəsləndirici tədbirlər nəzərdə tutulmalıdır. Hesab edirəm ki, onların əməkhaqqı bir neçə dəfə artırılmalı, sosial imtiyazlar müəyyən olunmalıdır. Mənzil şəraiti ilə bağlı məsələlər də həll olunmalıdır. Əgər bu məsələlər həll olunsa, sözsüz ki, yüksək bal toplayan müəllimlərin bir qismi kənddə, rayonda işləməyə həvəsli olarlar".
Ekspertin fikrincə, ümumi təhsilin keyfiyyəti baxımından hazırda Azərbaycanda ən vacib problemlərdən biri kənd məktəbləri ilə şəhər məktəbləri arasındakı kəskin fərqin aradan qaldırılmasıdır: "Təsəvvür edin, Finlandiyada kənd məktəbləri ilə şəhər məktəbləri arasında keyfiyyət baxımından fərq cəmi 7 faiz təşkil edir. Bir neçə il əvvəl inkişaf etmiş Almaniyada bu fərq 42-47 faiz təşkil edirdi. Bizdə, bəlkə də, bu fərq 80 faizdən də çoxdur. Kənd məktəblərində nə qədər yüksək intellektli şagirdlərin istedadı məhv olur, çünki onlar keyfiyyətli təhsil görmürlər. O məktəblərdə zəif müəllimlərin sayı həddindən artıq çoxdur. Həmin məktəblərə güclü müəllimlər göndərilməlidir. Bunun üçün kənd yerlərinə müasir hazırlığa malik müəllimlər getməli və onların fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırılmalıdır".
ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova hesab edir ki, gənclər ali məktəbi bitirdikdən sonra çox vaxt paytaxtın ab-havasından qopmaq, şəhərdən getmək istəmirlər: "Biz tələbələrə bu sualı verəndə çoxunda Bakıda qalma həvəsinin olduğunu müşahidə edirik. Rayonlarda iş yerlərinin az olması və ya prioritetli olmamasını bildirir, bu istiqamətdə inkişafın o qədər də fayda verməyəcəyini düşünüb getmək istəmirlər. Bəziləri magistratura təhsilini davam etdirmək üçün qalır. Ondan sonra da regionlara geri dönmək istəmirlər. Bu da nəinki bağça və məktəblərdə, ümumiyyətlə bir çox sahələrdə problemlər yaradır". X.Həmidova hesab edir ki, bu məsələdə "regionlarda müəllim nə qədər inkişaf edə bilir?", "prosesdə nə qədər faydalı ola bilir?" kimi inkişaf tendensiyasına baxmaq lazımdır. Həmçinin, sosial imtiyazlara nəzər salmağa da ehtiyac var: "Müəyyən güzəştlər olmalıdır. Hesab edirəm ki, regionlardakı məktəblərin inkişaf tendensiyası artırılsa, oradakı şərait düzəlsə, işləmək istəyənlər olacaq. Bilirsiniz ki, ucqar kəndlərdə məktəblərin çoxunda şərait yoxdur. Onlar üçün şərait yaradılsa, inkişafları üçün təlimlər keçirilsə, konfranslar və s. təşkil olunsa, problemin həllində daha uğurlu nəticə əldə etmiş olarıq".
Seçilən
81
50
oxu.az

8Mənbələr