AZ

COP29: Azərbaycan və İtaliya Bərpaolunan Enerji Əməkdaşlığını Müzakirə Etdi, G20-də COP29 Təşəbbüsləri İrəli Sürüldü

Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto Fratini və Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə mühüm görüşlər keçirib.

Energetika Nazirliyinin Fins.az-a verdiyi məlumata görə, Pərviz Şahbazovun İtaliyalı nazir ilə görüşündə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. SOCAR ilə İtaliyanın "Eni S.P.A" şirkəti arasındakı tərəfdaşlıq, TAP layihəsinin ötürücülük gücünün artırılması və “CESI”nin “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırılmasında iştirak etməsi əsas müzakirə mövzuları olub. Görüşdə, 2024-cü ildə İtaliyaya 9,6 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırıldığı qeyd edilib. Həmçinin "Yaşıl enerji dəhlizi" layihəsinin mövcud vəziyyəti və bu layihənin texniki-iqtisadi əsaslandırmasına Bolqarıstanın daxil edilməsi vurğulanıb. Serbiya və İtaliyanın bu layihəyə qoşulma perspektivləri də geniş şəkildə müzakirə edilib. Görüş zamanı COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub və italiyalı nazir “Enerji Günü” tədbirinə dəvət edilib.

Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə keçirilən görüşdə isə COP29 çərçivəsində "Hidrogen Bəyannaməsi"nin enerji təşəbbüsləri arasında yer aldığı qeyd edilib. Azərbaycanda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumat verilib. COP zamanı hidrogen mövzusunda əməkdaşlıq imkanları və tədbirlərdə iştirak müzakirə edilib. Hidrogen Şurasının COP29-da uğurlu nəticələr əldə edilməsi üçün maraqlı dairələrin cəlb edilməsində dəstək göstərmək təklifləri də vurğulanıb.

* * *

Energetika naziri Pərviz Şahbazov Braziliyada keçirilən G20-nin enerji keçidi üzrə nazirlər iclasında Azərbaycan və Braziliyanın növbəti “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” dövrü üçün sıx əməkdaşlıq etdiyini vurğulayıb. O, həmçinin G20 çərçivəsində təşkil olunan tədbirlərin və yaxınlaşan G20 Liderlər Sammitinin ambisiyaların artırılması və COP29-un nəticələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

Bu barədə Energetika Nazirliyi Fins.az-a məlumat verib.

Nazir Şahbazov COP29 Sədrliyinin əsas prioritetlərindən bəhs edərək, iqlim dəyişiklikləri ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını qarşılamaq üçün yeni kollektiv kəmiyyət hədəflərinin razılaşdırılması və karbon bazarlarının effektiv istifadəsi ilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsini vacib məsələlərdən biri kimi qeyd edib.

Energetika Nazirliyindən bildirilib ki, "Yaşıl Enerji üzrə Zona və Dəhlizlər", "Qlobal Enerji Saxlancları və Şəbəkələri" və "Hidrogen Bəyannaməsi" kimi təşəbbüslər dünyada enerji keçidinin sürətləndirilməsinə yönəlib.

Nazir Pərviz Şahbazov çıxışında enerji keçidinin fərdi və kollektiv səylər tələb edən bir proses olduğunu vurğulayıb və Azərbaycanın bu keçidə inklüziv yanaşmaya tam sadiq olduğunu bildirib. O, COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazır olduğunu əlavə edib.

Seçilən
6
20
fins.az

10Mənbələr