AZ

Antarktikada "çarpıcı" rəng dəyişikliyi aşkar edildi

Yazını böyüt
Yazını kiçilt

Antarktikada yüksələn temperaturun təsiri altında "çarpıcı sürətlə" yaşıl örtüklə örtüldüyü üzə çıxıb.

Hafta.az-ın “Nature Geoscience”a istinadən yazdığına görə, dünyanın ən soyuq bölgəsi olan Antarktika da iqlim böhranından təsirlənir. Əsasən qar, buz və qayadan ibarət olan qitədə də bütün dünya kimi son illərdə rekord temperatur müşahidə olunur.

Bu cür dəyişikliklər Antarktikanın ağ görünüşünə yaşıl rəng qatsa da, bu təsirin ölçüləri yeni bir araşdırmada ortaya çıxıb.

Alimlər NASA-nın və ABŞ Geoloji Xidmətinin Landsat proqramının peyk görüntülərindən istifadə edərək 1986-2021-ci illər ərzində Antarktika yarımadasında bitki örtüyünün dəyişməsini təhlil ediblər.

Cənub qütbündə yerləşən qitənin ən şimal hissəsi olan Antarktika yarımadası qlobal orta göstəricidən 5 dəfə daha sürətlə istiləşir.

“Nature Geoscience” jurnalında dərc edilən araşdırmada, əsasən yosunlardan ibarət olan bitki yaşayış mühitinin son 40 ildə 10 dəfədən çox artdığı müəyyən edilib.

Peyk məlumatları 1986-cı ildə 1 kvadratkilometrdən az ərazini əhatə edən bitki örtüyünün 2021-ci ildə 12 kvadrat kilometrə qədər yayıldığını göstərib.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, 2016-2021-ci illərdə regionun yaşıllaşma nisbəti 30 faiz artıb.

Təxminən 522 min kvadratkilometr olan Antarktika yarımadasının 12 kvadratkilometrinin yaşıl rəngə çevrilməsi ciddi problem kimi görünməyə bilər. Lakin yeni araşdırmanın həmrəhbəri, ekoloji ekspert Dr. Tomas Roland bildirir ki, "bu kiçik sahə heyrətamiz bir sürətlə genişlənir".

"Bizim tapıntılar təsdiqləyir ki, insan səbəb olduğu iqlim dəyişikliyinin təsirində heç bir məhdudiyyət yoxdur", Exeter Universitetindən Roland deyir: “Bu təsirlər hətta bu ən sərt, uzaq və təcrid olunmuş “səhrada” mənzərə dəyişdikcə kosmosdan görünə bilər”.

Alimlər iqlim böhranı ilə əlaqələndirdikləri bu rəng dəyişikliyinin getdikcə artacağını proqnozlaşdırırlar. Bitki örtüyünün daha geniş əraziləri əhatə edəcəyi, torpaq əmələ gəlməsinin artması, invaziv növlərin bölgəyə daxil olmasına və təbii həyatı təhlükə altına alacağı gözlənilir.

Araşdırmaya rəhbərlik edən alimlərdən Dr. Olly Bartlett "Antarktikada torpaq azdır və ya heç yoxdur, lakin bitki həyatındakı bu artım əraziyə üzvi maddələr əlavə edərək torpağın əmələ gəlməsini asanlaşdırır. Bu, çox güman ki, qitəyə elm adamları və ya digər ziyarətçilərin gətirilməsi ilə əlaqədardır” deyib.

Qaranlıq səthlər daha çox istiliyi tutduğundan, Antarktika yarımadasında rəng dəyişikliyi həm də bölgənin günəş işığını kosmosa geri göndərmək qabiliyyətinin azalmasına səbəb ola bilər. Bu vəziyyət yerli təsir yaratsa da, bitki örtüyünün daha geniş ərazilərdə yayılmasına kömək edə bilər.

Alimlər növbəti dəfə Antarktikada buzlaqların əriməsinə məruz qalan ərazilərdə bitkilərin necə yayıldığını araşdırmağı planlaşdırır.

Seçilən
44
hafta.az

1Mənbələr