Milli Məclisin (MM) 43 deputatı oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyib.
Onlar ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və onun qeyri-hökumət təşkilatlarının Azərbaycanda gerçəkləşdirdiyi bütün layihələrin dayandırılmasını, eləcə də USAID-in ölkələrində fəaliyyətinə son qoyulmasını xahiş ediblər.
Deputatların ləğv edilməsini istədikləri sənədlər sırasında “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” birgə bəyanat (1997-ci ildə imzalanıb) və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” (2013-cü il) saziş yer alıb.
Politoloq Turan Rzayev Referans.az-a açıqlamasında Milli Məclis nümayəndələrinin müraciətinə münasibət bildirib.
“Bu, əslində, gözlənilən bir reaksiya idi. Məsələ ondan ibarətdir ki, bu gün Amerika Birləşmiş Ştatları konqresində konkret senatorlar var ki, erməni lobbisi ilə açıq-aşkar əməkdaşlıq edirlər, hətta bunu erməni dostluq qrupu adı altında həyata keçirirlər. Bununla da Azərbaycana qarşı əsassız iddialar, qarayaxma kampaniyaları, manipulyasiya cəhdləri edirlər. Çox tragikomik bir haldır ki, bu gün keçmiş “Dağlıq Qarabağ” münaqişəsindən bəhs edilməzkən hətta Ermənistanın Baş naziri Nikol Paşinyan belə daha bu ritorikalara müraciət etməzkən bəzi Amerikalı senatorlar, konqresmenlər lobbinin təlimatı əsasında əsassız sürətdə erməni haqlarından, Qarabağa qayıdışdan və regionun demoqrafik vəziyyətinin “pozulması” kimi iddialardan bəhs edirlər. Bunlar artıq geridə qalmış, məsələnin bitmiş hissəsidir. Əvvəla Azərbaycan heç vaxtı Qarabağın erməni etnik kimliyini dəyişməyib. Əksinə 1-ci Qarabağ müharibəsi zamanı ermənilər azərbaycanlıları buradan zorla, soyqırımı əsasında çıxarıblar”.
Turan Rzayev bildirib ki, Azərbaycan 2-ci Qarabağ müharibəsi sonrası və lokal antiterror tədbirləri fonunda reinteqrasiya prosesi başladıb və Qarabağ ermənilərinin yenidən Azərbaycan cəmiyyətinə inteqrasiyasını yenidən gerçəkləşdirməyə çalışırdı.
“Amma onlar bunu istəmədilər, konstitusiyamıza tabe olmadılar, qanunlarımızı qəbul edib bayrağımız altında yaşamadılar. Olduqca rahat bir şəkildə, öz seçimləri ilə əşyalarını da götürüb Laçından keçərək Ermənistana getdilər və buradan da dünyanın müxtəlif yerlərinə yayıldılar. Bütün bu prosesləri ermənilər özü etmişkən Azərbaycanı regionun demoqrafik tarazlığının pozulmasında günahlandırmaq absurd məsələdir. Eyni zamanda bunun ABŞ konqresində səslənməsi də bir o qədər gülüncdür. Bu ölkə özünü demokratiyanın qoruyucusu kimi təqdim etsə də, qeyd edilən məsələlərə nə demokratiyada, nə də insan haqlarında yer var, nə də ki dövlətlərarası münasibətlərdə”.
Ekspert qeyd edib ki, Azərbaycan və ABŞ arasında müxtəlif vaxtlarda problemlər olub amma ümumi olaraq münasibətlər normal idi.
“Təəssüflər olsun ki, ABŞ-da bəzi şəxslər dövlətin ümumi xarici siyasətinə də təsir edirlər. “Super güc” ədası ilə çıxış edən və dünyada özünü demokratiyanın qoruyucusu kimi qələmə verən ölkənin bir neçə erməni milyarderin, lobbinin əlində oyuncağa çevrilməsi gülünc bir haldır. ABŞ bu gün regionda daha ciddi proseslərin baş verdiyini görür, məsələn, Azərbaycanın ərsəyə gətirdiyi TANAP və TAP layihələri ilə bu gün Avropanın ən etibarlı tərəfdaşı halına gəlmişik. Enerji siyasətimiz bu gün Amerika tərəfindən də təsdiqlənir. Lakin bununla paralel olaraq indi bizə belə iddialar gəlir. Təbii olaraq konqresin bu reaksiyasına Milli Məclisin deputatları da məsuliyyətli şəkildə cavab verməli idilər və cavab veriblər də. Bu təqdirəlayiq haldır. Bizim parlament nümayəndələri daim belə məsələlərdə öz fəallıqları ilə seçiliblər”.
Politoloq vurğulayıb ki, bu, yeddinci çağırış deputatlarının fəaliyyətində ilk ciddi iş kimi qiymətləndirilə bilər. Turan Rzayev ABŞ və Azərbaycan münasibətlərində müəyyən qədər soyuqluq müşahidə olunduğunu deyib. Lakin o, ABŞ konqresi və Azərbaycan parlamenti arasında olan bu prosesin münasibətləri daha da pisləşdirəcəyini düşünmür. Bu hal ABŞ tərəfindən dövlət səviyyəsində Azərbaycana qarşı bir təhdid olsaydı, bu nüans münasibətlərə ciddi təsir edə bilərdi.
Fidan Vəlisoy