AZ

Tural Gəncəliyev: ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur - VİDEO

İlk növbədə, müdafiə sahəsində imzalanmış və hazırda danışıqları davam edən müqavilələrə son verməklə, biz bir daha göstəririk ki, ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur. Azərbaycan özü müstəqil, güclü ölkədir, güclü Liderimiz var. Biz öz təhlükəsizliyimizi, geosiyasi planlarımızı, strateji baxışımızı ABŞ-ın dəstəyi olmadan özümüz həyata keçiririk. Çünki amerikalılar dünyanın əsas hegemon hərbi gücü olduqlarını düşünürlər. Hesab edirlər ki, onların hərbi dəstəyi olmadan heç bir ölkə müvəffəqiyyət qazana bilməz. Biz isə deyirik, xeyr, bizim özümüzün hərbi gücümüz var, özümüzün müdafiə sənayemizi inkişaf etdiririk. Azərbaycan nou-hau hərbi texnologiyalarını inkişaf etdirir. Azərbaycan dəfələrlə sübut edib ki, özü buna qadirdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasında çıxışı zamanı Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.

O qeyd edib ki, ikinci məsələ ABŞ-ın QHT-lərinin, USAID-in, onlardan ayrılaraq müxtəlif adlarla fəaliyyət göstərən “Transparency İnternational”, “Human Rights Watch” və digər təşkilatları bu ölkənin hibrid müharibə aparmaq üçün istifadə etdiyi alətlərdir. Açıq şəkildə demək lazımdır ki, Cənubi Qafqazda ABŞ onsuz da Ermənistanı bu təşkilatlarla “işğal” edib. Ona yeganə sədd Azərbaycandır ki, ABŞ-ın qarşısında dayanaraq bu təşkilatların, destruktiv fəaliyyət göstərən ünsürlərin ölkəyə müdaxilə etməsinə imkan vermir. Qonşu ölkə Gürcüstan da dirəniş göstərir. Amma o, hansı təzyiqləri müşahidə edir?

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan müstəqillik qazandığı ilk illərdə ABŞ-ın bu QHT-ləri, o cümlədən USAID, hətta özlərinə “sərhədsiz jurnalistlər”, “sərhədsiz vəkillər”, “sərhədsiz reportyorlar” kimi müxtəlif adlar seçərək sərhəd tanımadan fəaliyyət göstərirdilər. Transmilli korporasiyalar fəaliyyətlərini transsərhəd korporasiyası kimi davam etdirir. Guya humanitar məsələlərlə məşğul olan ABŞ mədəniyyətin, ingilis dilinin, təhsilin öyrənilməsi adı altında ölkələrə daxil olur, casus şəbəkələri yaradır. Sonra ABŞ-dan daxil olan bir siqnalla həmin ölkələrdə xaos yaradılmasının, cəmiyyətin alt-üst edilməsinin, ixtilaf törədilməsinin dəfələrlə şahidi olmuşuq. Məsələn, onlar Ermənistanı bu fəaliyyətləri ilə ələ alıblar.

“İkinci Dünya müharibəsindən sonra ABŞ soyuq müharibəyə qədər daha çox hibrid müharibələrdən istifadə edirdi, açıq qarşıdurmaya getmirdi. Ancaq biz gördük ki, soyuq müharibə başa çatdıqdan sonra ABŞ-ın fəaliyyət göstərmək üçün hibrid müharibə aparmasının əsas vasitələri məhz bu təşkilatlar oldu. USAID, “Sərhədsiz Reportyorlar”, “Sərhədsiz Jurnalistlər” kimi təşkilatlar adlarını sülh korpusu, demokratiya institutları qoyublar. Çünki bu, çox gözəl səslənir. Ancaq onlar “gözəl adlar” altında çox məkrli planlarını həyata keçirmək istəyirlər. 2001-ci ildə ABŞ-da baş verən psevdo terror aktından sonra bu təşkilatlar dünyanın bütün nöqtələrinə sızıb, sirayət eləyiblər. Onlar Avropa ölkələrində heç bir məhdudiyyət olmadan açıq şəkildə fəaliyyət göstərirlər. Onlar istəyirlər ki, konservativ dəyərləri qoruyan, konservativ prinsiplərinə sahib çıxan regionlara, ölkələrə müdaxilə etsinlər. Ona görə, ilk növbədə, Azərbaycan kimi ölkələri hədəf alırlar. Çünki biz öz milli maraqlarımızı qoruyan, güclü Liderimiz olan ölkəyik. Yəni, bizimlə belə söhbətləri diktə yolu ilə aparmaq olmaz. Ona görə də biz Xarici İşlər Nazirliyindən xahiş etdik, ona müraciət etdik ki, bundan sonra formal da olsa, - onsuz da hamısının fəaliyyətləri dayandırılıb, - bu təşkilatların fəaliyyətinə birdəfəlik son qoyulsun və onların adı kağız üstündə də qalmasın”, - deyə deputat bildirib.

Tural Gəncəliyev vurğulayıb ki, beləliklə, ABŞ-ın Cənubi Qafqazda hibrid müharibələrinə son qoyulmalıdır. Onların yeganə əlaltısı olan Ermənistan isə təəssüf ki, bunu başa düşmür. ABŞ-ın dünyada ən böyük səfirliklərindən biri Ermənistandadır və İrəvandakı həmin səfirlikdə 1500-2000 diplomat çalışır. USAID və digər casus şəbəkələrinin üzvləri isə orada xaos yaratmaqla məşğuldurlar. 

Seçilən
1
5
musavat.com

6Mənbələr