AZ

Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi inkişaf etdirilir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri onu Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirildiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-mayor A.Burxanov general-polkovnik Z.Həsənova Özbəkistan müdafiə nazirinin salamlarını çatdırıb.

Sonra Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində rəsmi qarşılanma mərasimi təşkil edilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə özbəkistanlı həmkarı ilə fəxri qarovulun önündən keçib.

Komandanlar arasında keçirilən görüşdə Azərbaycan ilə Özbəkistanın digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yeni perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Özbəkistan nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Seçilən
12
34
yeniazerbaycan.com

10Mənbələr