AZ

“Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər…” – Perinatal Mərkəzlə bağlı iddialar

Respublika Perinatal Mərkəzində yeddi körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə iclası keçirilib.Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş gərgin başlayıb.Məlumat üçün deyək ki, bu iş üzrə üç nəfər – Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilirlər.İlk iclasdan görünən odur ki, həm təqsirləndirilən şəxslər, həm hüquqi varislərdən bəziləri işin istintaqından narazıdırlar. Mehriban Abasquliyeva iki vəkili və bir nümayəndəsi vasitəsilə etirazını məhkəmənin diqqətinə çatdırıb.“Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduqları halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmirlər. Niyə?” – Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib.Hadisə nəticəsində körpəsini itirən Lalə Ramazanovanın nümayəndəsi də işin istintaqa qaytarılmasında maraqlıdır. Nümayəndə hesab edir ki, bu hadisədə başqa şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidirlər.“Hadisənin necə baş verməsi qalıb kənarda, istintaq başqa yöndə aparılıb. Bundan başqa, hadisə baş verən vaxt xəstəxanada olan bəzi işçilər məsuliyyətə cəlb edilməyiblər. Halbuki, onlar kömək edə bilərdilər. İndi həmin işçilər zərərçəkmiş kimi tanınıblar. Evində olanlar cəlb ediliblər, iş başında olanlar yox. Hesab edirik ki, bu iş istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, bəzi məsələlərə yenidən baxılmalıdır”, – nümayəndə deyib.Mehriban Abasquliyevanın qardaşı, keçmiş məhkəmə hakimi Çingiz Bəşirov da bacısının müdafiəsində iştirak edir. O, təqsirləndirilən şəxsin nümayəndəsi kimi məhkəmədə çıxış edib.Çingiz Bəşirov bacısının işinə ilkin istintaq vaxtı düzgün qiymət verilmədiyini deyib, iddia edib ki, müstəntiqlər işdə saxta sənədlərdən istifadə ediblər. Onun sözlərinə görə, sənədlərin əksəriyyətinin əsli olmayıb, təqsirləndirilən şəxslərin adından imzalar atılıb.Prokuror Orxan Səmədov isə nümayəndənin iddialarına sərt reaksiya verib, məhkəmədən tədbir görülməsini istəyib:“Nümayəndə dövlət orqanını saxta sənədlərdən istifadə etməkdə ittiham edir. Buna yol vermək olmaz. Məhkəmə buna qiymət verməlidir”.Bundan sonra Çingiz Bəşirovla prokuror arasında mübahisə yaşanıb.Müzakirə edilən digər məsələ hadisə vaxtı xəstəxanada yüngül xəsarət alan dörd işçinin zərərçəkmiş qismində tanınması ilə bağlı olub.Abasquliyevanın vəkili həmin şəxslərin zərərçəkmiş qismində iştirakına xitam verilməsini istəyir. Müdafiə tərəfi hesab edir ki, həmin şəxslər hadisədə cüzi xəsarət alıblar, amma irəli sürülən ittihamlarda kiminsə yüngül xəsarət almasından söhbət getmir.Qaldırılan vəsatətlər məhkəmə zalında əyləşən zərərçəkmişləri qıcıqlandırıb. Onlar öz istəkləri ilə zərərçəkmiş kimi tanınmadıqlarını, heç olmaq da istəmədiklərini deyiblər.İlk iclasda müzakirə edilən sonuncu məsələ isə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri olub. Cinayət işi başlandıqdan sonra müttəhimlərin hər biri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. İclasda məlum olub ki, bir neçə ay sonra həmin qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilib.Mehriban Abasquliyevanın vəkili məhkəmədən qüvvədə olan həmin tədbirin “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib.Bütün vəsatətlər elan edildikdən sonra Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi məhkəmə heyəti qərarını elan edib. Qərara əsasən, işin prokurora qaytarılması və əlavə şəxslərin təqsirləndirilən şəxs kimi cəlb edilməsi ilə bağlı vəsatətlər baxılmamış saxlanılıb. Qərarda deyilir ki, bu məsələlərə məhkəmə istintaqı dövründə qiymət veriləcək. Qətimkan tədbirinin əvəz edilməsi ilə bağlı vəsatət isə təmin edilməyib.İlk baxış iclası oktyabrın 21-nə təyin edilib.Xatırladaq ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında yeddi körpə həyatını itirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.\\Qafqazinfo.Az

Seçilən
1
23
gender.az

10Mənbələr