AZ

Cənubi Qafqaz ciddi bir təhlükə ilə üz-üzədir: “Çünki Avropa İttifaqı və ABŞ…”- ŞƏRH

“2020-ci il Vətən Müharibəsində əldə edilmiş Zəfərdən sonra bir çox dövlətlər Azərbaycanın daxili işinə qarışmaqla kifayətlənməyib birtərəfli və qərəzli hesabatlar təqdim edir, açıqlamalar verirlər. Təbii ki, haqsız olan bu fikirlər dövlətimiz tərəfindən “səmərəsiz, əsassız və qəbuledilməz” kimi qiymətləndirilir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ uzun illər Azərbaycanı strateji tərəfdaş kimi gördüyünü qeyd edirdi, hətta NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər:

“Məlumdur ki, Əfqanıstandakı əməliyyatlar zamanı da oranı son tərk edən tərəfdaş dövlət məhz Azərbaycan olub. Ümumiyyətlə, son 4 ildə Amerikanın dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda olan münasibətlərə ciddi zərbə kimi qiymətləndirirəm.

Ağ evin Cənubi Qafqazla bağlı siyasətindəki əsas məqsəd Azərbaycanı regiondakı lider mövqeyindən çəkindirmək üçün dövlətimizə təzyiq etməkdir. ABŞ Konqresi və Avropa parlamenti kimi beynəlxalq qurumların dövlətimizə qarşı aqresiyasının təməlindəki əsas səbəb Ermənistana olan sevgi deyil. Bütün beynəlxalq aləmə də məlumdur ki, hazırda regionumuz güc savaşı meydanına çevrilmək kimi ciddi bir təhlükə ilə üz-üzədir. Çünki Avropa İttifaqı və ABŞ Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən daha çox digər rəqiblərinin Qafqazdakı rolunun güclənməsindən narahatdır. Əgər bu gün Cənubi Qafqazda mövqe savaşı gedirsə, bunun yeganə günahkarı Ermənistan rəhbərliyidir, əgər bu dövlət prinsipial və milli maraqlarına arxalanan siyasət yürüdə bilsəydi, regionda sülh və sabitlik bərqərar olardı. Bir sözlə, Mərkəzi Asiyaya getmək və qısa yol olaraq Cənubi Qafqazdan istifadə etmək istəyən güclər sülhə və sabitliyə maneə olur. Bunun üçün isə onlar hətta Azərbaycanın daxili işlərinə, digər dövlətlərlə olan münasibətlərinə belə qarışmaqdan çəkinmirlər. Azərbaycanın digər dövlətlərlə imzaladığı tərəfdaşlıq müqavilələri nə Avropa İttifaqı, nə dəki Ağ evin müzakirə obyekti ola bilməz. Bütün bunları da nəzərə alaraq dövlətimizi qarşı tərəfi gücləndirib müdafiə etməklə hədələyən ABŞ-la olan sazişlərə xitam verilməsini istəyirik”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
50
editor.az

10Mənbələr