AZ

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Şuşa, 8 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə nazirinin birinci müavini Davron Sultanov, Qazaxıstanın səhiyyə nazirinin müavini Yerbol Ospanov, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenaliyev və Şimali Kipr Türk Respublikasının səhiyyə nazirinin müavini Düriye Deren Oygarla ikitərəfli görüşlər keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri, uğurlu təcrübə mübadilələri və mütərəqqi nailiyyətlərin qarşılıqlı tətbiqi imkanları müzakirə olunub.

İkitərəfli görüşlərdə Teymur Musayev Təşkilat çərçivəsində vahid tibb elmi məkanının yaradılması və vahid rəqəmsal səhiyyə standartlarının hazırlanmasının vacibliyini qeyd edib. Transplantologiyanın müasir tibbin ən sürətlə inkişaf edən sahələrindən olduğunu vurğulayan nazir, birgə sistemin yaradılmasına dair imzalanan sənədin önəmini diqqətə çatdırıb.

Öz növbəsində, TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri bugünkü iclasın səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd ediblər. Görüşlər zamanı yoluxucu xəstəliklərin qarşısının alınması, əczaçılıq sənayesinin inkişafı və dərman vasitələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə proqram və təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Həmçinin səhiyyə və müalicə turizminin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsinə də maraq ifadə olunub.

İclas çərçivəsində imzalanan sənədlərin və qəbul edilən qərarların mahiyyətini vurğulayan Təşkilatın üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri Azərbaycanın “Türktransplant” sisteminin yaradılmasına dair təşəbbüsünü yüksək qiymətləndiriblər.

 

Seçilən
1
4
azertag.az

5Mənbələr