AZ

Milan Lazoviç: Azərbaycan Qərbin təzyiqlərinə tabe olmur, öz siyasətini yeridir - MÜSAHİBƏ

Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç Azərbaycan-Amerika münasibətləri, eləcə də Ermənistanda müxalifətin yeni etiraz dalğası barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə yenidən ABŞ-ı çox sərt tənqid edib. Dövlət başçısı bildirib ki, 60 konqresmen Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etdiyinə görə ona qarşı sanksiyaların tətbiq edilməsini təklif edib. Prezidentin sözlərinə görə, bunun arxasında Dövlət Departamenti dayanır. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra ABŞ-ın Bakını tənqid etməsi müntəzəm və getdikcə amansız xarakter aldı. ABŞ-ın Azərbaycana qarşı həmişə ikili siyasət aparmasının səbəbi nədir?

- İlham Əliyevin belə sərt reaksiyası bir sıra amillərlə əlaqələndirilir. Birincisi, Azərbaycanın reaksiya verməyə məcbur olmasıdır. Dövlət başçısı ABŞ-ın tamamilə əsassız tənqidlərə cavab verib. O, artıq ABŞ tərəfindən “klişelərə” çevrilmiş, qəsdən media məkanına atılan bu bəyanatlara cavab verir. İkinci məqam dünyada dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Azərbaycan üçün tamamilə aydındır ki, ABŞ-ın hegemon olduğu birqütblü dünya artıq dözülməzdir. Azərbaycan Respublikası isə güclü, konstruktiv, uzaqgörən dövlət kimi gələcəyin çoxqütblü dünyada olduğunu görür və BRİKS, ŞƏT kimi beynəlxalq birliklərə yaxınlaşır, şərq və “qlobal cənub” ölkələri ilə əlaqələri inkişaf etdirir. Azərbaycan çoxqütblü dünyaya yönəlib və bunu hər cür nümayiş etdirir. Bu, ABŞ-ın siyasətinə uyğun gəlmir. Ona görə də Bakının Vaşinqtonla münasibətlərində ciddi fikir ayrılıqları var.

Üçüncü amil Azərbaycanın ötən il öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsidir. ABŞ-da bir çox insan bu faktdan xoşhal deyil. Baxmayaraq ki, Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Birləşmiş Ştatlar bunu rəsmən tanıyır, lakin ştatlarda Ermənistanı və Qarabağın “müstəqilliyi” ideyasını dəstəkləyən kifayət qədər ciddi qüvvələr var. Və bu qüvvələr Vaşinqtonun siyasətinə özlərinə lazım olan istiqamətdə təsir göstərməyə çalışırlar və Bakı bunu çox gözəl başa düşür.

Dördüncü amil odur ki, Azərbaycan Qərbin Bakının fikrinə tamamilə məhəl qoymayaraq, öz “məhləsində” təxribatlar təşkil edilməsinə göz yuma bilməz. Bu, Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyası deyilən, əslində isə NATO-nun kəşfiyyat missiyasının yerləşdirilməsi deməkdir. ABŞ və Aİ-nin Ermənistana maliyyə axınını, respublikada təhlükəsizliyi və həyatın müxtəlif sahələrini nəzarətə götürməsi Azərbaycanı qane edə bilməz.

Azərbaycan prezidentinin sərt və ədalətli reaksiyası da bu amillərlə bağlıdır. Həqiqətən də, Azərbaycan rəhbərinin qeyd etdiyi kimi, təhlil etsək, ABŞ-ın siyasəti həmişə ikitərəfli olub.

Ötən gün Kəmalə Harris Ermənistanı və ermənilərin Qarabağa qayıtmasını dəstəkləyib. Bu, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində erməni diasporundan daha çox səs toplamaq məqsədi daşıyan ritorikadır. Eyni zamanda, Harrisin bəyanatı ABŞ-da Ermənistanı dəstəkləyən və reallığı təhrif edərək Qarabağ erməniləri mövzusunu manipulyasiya etməyə çalışan bəzi siyasi qüvvələrin mövqeyini əks etdirir. Hamıya məlumdur ki, Azərbaycan ən yüksək səviyyədə Qarabağ ermənilərinin Qarabağda qala biləcəyini və onlara Azərbaycan vətəndaşlarının bütün hüquqlarının təmin ediləcəyini bəyan edib. Amma erməni əhalisi könüllü olaraq Qarabağı tərk etmək qərarına gəlib. İndi də bundan Azərbaycana qarşı dost olmayan qüvvələr tərəfindən təzyiq aləti kimi istifadə olunur.

- ABŞ-ı bu qədər açıq və səmimi tənqid etməyə hər dövlətin cəsarəti çatmır. Azərbaycan bunu etməkdən niyə qorxmur, real sanksiyalardan qaçmaq üçün hansı təhlükəsizlik yastığı var?

- Azərbaycan bu vəziyyətə yenidən dəyişən dünya nöqteyi-nəzərindən qiymətləndirmə ilə yanaşır. Azərbaycan Respublikasının Rusiya ilə əla münasibətləri var. Dediyim kimi, qlobal Cənubi, Şərq ölkələri ilə, həqiqətən də konstruktiv qarşılıqlı fəaliyyətə hazır olan ölkələrlə əməkdaşlıq inkişaf edir. Bakı çox gözəl başa düşür ki, sanksiyaların tətbiqi və bəzi məhdudlaşdırıcı tədbirlərdən sonra Azərbaycanın işləməsi üçün kimlərsə var. Bəli, potensial sanksiyalar müəyyən ziyana səbəb olacaq, lakin bu, Bakı üçün bir növ fəlakət olmayacaq. Nümunə kimi uzun illərdir ki, sanksiyalar altında yaşayan və hələ də beynəlxalq arenada tərəfdaşları olan Rusiyanı götürə bilərik. İnanıram ki, Bakı da öhdəsindən gələr. Onun üçün milli maraqları müdafiə etmək daha vacibdir, nəinki kiminsə ona nə edəcəyini diktə etməsi. Azərbaycan həqiqətən müstəqil siyasət aparan dövlətdir. Onun beynəlxalq aləmdəki statusu yalnız bundan irəli gəlir.

Yeri gəlmişkən, indi Azərbaycan Fransanın müntəzəm anti-Azərbaycan siyasətinə sözdə deyil, əməldə də cavab verir. Azərbaycan bu gün Fransanın müstəmləkəçiliyinə qarşı mübarizədə liderlərdən birinə çevrilib və Fransa Respublikası tərəfindən hüquqları pozulmuş və pozulmaqda olan xalqlara kömək etməklə bu mövzuda çox fəal iştirak edir. Kiçik görünən bir dövlətin Fransanın xalqların hüquqlarını pozması problemi ilə məşğul olması Azərbaycan Respublikasının regional oyunçu çərçivəsindən kənara çıxdığını göstərir.

Bu, Bakının gələcəyə yönəlmiş xarici siyasət gündəliyinin məntiqi davamıdır, Azərbaycan daha ədalətli dünyaya ehtiyac görür. Və bu, dünya ictimaiyyətinə Qərb mərkəzli dünyanın ədalətsiz olduğunu nümayiş etdirir, çünki o, zəif xalqların zülmü üzərində qurulub. Və bu ədalətsizliyə qarşı durmağa hazır olduğunu göstərir. Birləşmiş Ştatlar mövzusuna qayıdaraq, Azərbaycan nəhayət gələcəkdə Şimali Amerika hindularının gündəmini zəbt etsə, təəccüblənmərəm.

- İlham Əliyevin bu açıqlamaları ötən həftə Rusiyanın Xarici Kəşfiyyat Xidməti və FSB rəhbərlərinin Qərblə bağlı səsləndirdiyi bəyanatlarla çox üst-üstə düşür. Belə ki, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, Qərb Aİ-nin Ermənistandakı missiyasını NATO missiyasına çevirməyə çalışır ki, bu da Ermənistanı Azərbaycanla sülh prosesini gecikdirməyə meylləndirir. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri bəyan edib ki, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları ABŞ-ın rusiyalı diplomata qarşı təxribatının qarşısını alıb...

- Bizim Qərbin Cənubi Qafqaz və onun hüdudlarından kənarda siyasəti ilə bağlı qiymətləndirmələrimiz həqiqətən də oxşardır. Rusiya və Azərbaycan regionun işlərinə kənardan müdaxilənin əleyhinədir. Moskva və Bakının fikrincə, regional məsələlərin həlli üçün 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) mövcuddur.

Müəyyən Qərb dövlətləri, xüsusən də ABŞ və Fransa Ermənistandan tramplin kimi istifadə edərək, bölgədə, o cümlədən hərbi cəhətdən möhkəmlənmək, öz hərbi kontingentlərini göndərmək, baza açmaq istəyirlər. Vaxtilə Qərb Gürcüstanı özünün regional tramplininə çevirməyə çalışırdı, indi isə bunun əks prosesinin getdiyini görürük. Tbilisi tədricən Qərbdən uzaqlaşır. Ermənistan isə Qərblə əməkdaşlığa arxalanır, bəlkə də bunun ölkə üçün fəlakətli nəticələr verəcəyini tam dərk etmir. Qərb Ermənistandan Rusiya, Azərbaycan və digər region ölkələrinə təsir rıçaqı kimi istifadə etmək istəyir.

- Qərbin təxribatı nəticəsində Azərbaycanla Ermənistan arasında yeni müharibə mümkündürmü?

- Yəqin ki, yox. Belə bir ssenarinin baş verməməsi üçün həm Rusiya, həm də Azərbaycan çox səy göstərir. Bundan başqa, Bakı ilə İrəvan arasında sülh sazişi üzrə danışıqlar aparılır. Bəli, ləng gedir, amma proses hələ də davam edir. Ona görə də yaxın gələcəkdə müharibənin mümkünlüyünü düşünmürəm. Baxmayaraq ki, Fransa Ermənistanı silahlandırmağa çalışır.

- Arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi Ermənistan müxalifəti Paşinyanı devirmək cəhdinin uğursuzluğa düçar olmasından sonra yenidən etiraz aksiyalarına başlayıb. Düzdür, müxalifət hərəkatının mübarizə taktikasını dəyişdiyi hələ ki, bəlli deyil. Sülh prosesi mövzusundan eyni qaydada istifadə davam edir, guya Ermənistan hakimiyyəti Ermənistanı satır, Qarabağda qisas mövzusundan hələ də istifadə olunur...

- Müxalifətin Nikol Paşinyanı devirmək kimi arzuladığı məqsədə nail olacağı və ya Qarabağla bağlı nəyəsə nail olacağı ehtimalı azdır. Üstəlik, indiyə qədər bunu edə bilməyiblərsə görünür, müxalifət yayda özünü ciddi şəkildə yenidən formatlaşdıra bilməyib. Bəyanatlar hələ də eynidir, əhalidən ciddi dəstək yoxdur. Bundan başqa, Paşinyana Qərbdən güclü dəstək var. Hakimiyyətə gəlişindən bəri dəfələrlə “siyasi meyit” elan edilib. Biz Ermənistanda onun istefası tələbi ilə çoxsaylı etiraz dalğalarının şahidi olmuşuq. Amma son nəticədə müxalifət müxtəlif liderlərin rəhbərliyi altında (amma etiraf etmək lazımdır ki, eyni proqramla) heç vaxt bu məqsədinə nail ola bilmədi. Bu dəfə də inanıram ki, heç nə alınmayacaq.

Üstəlik, obyektiv olaraq, Paşinyan Azərbaycanla sülh danışıqları prosesinə rəhbərlik edən Ermənistanın lideridir; Yəni bu və ya digər dərəcədə danışıqlar prosesinin nəticələri var.

Bəli, Ermənistanda əhalinin bir hissəsi müxalifətin mövqeyini bölüşür. Amma Qarabağ məsələsi artıq qapalı məsələdir. Respublikada əhalinin bir hissəsi tədricən dərk edir ki, Qarabağ məsələsinin həlli ilə Azərbaycan və Türkiyə ilə münasibətlərin tədricən qurulması ilə ölkə üçün blokadaya son qoymaq, iqtisadi əlaqələr qurmaq üçün yaxşı imkanlar açılacaqdır. Və bu, adi insanların həyatını yaxşılaşdıracaq.

- Bakı Ermənistanla sülh sazişinin imzalanmasının əsas şərtini Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını qoyur. Sizcə, Paşinyan bu addımı atacaqmı?

- İrəvan, bildiyiniz kimi, 2027-ci ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum elan edib. Düşünürəm ki, Nikol Paşinyan sonda Azərbaycana qarşı ərazi iddialarını Konstitusiyadan çıxarmağa razı olacaq. Çünki bu, Bakının sülh müqaviləsi bağlamaq üçün qeyd-şərtsiz tələbidir. Bunsuz, çətin ki, bir şey alınsın. Düşünmürəm ki, Paşinyan və ya onun müttəfiqləri hansısa yolla Bakıya təsir göstərə bilsinlər ki, bu məsələ qaldırılsın, çünki bu, təməl daşıdır. Amma Konstitusiyanın dəyişdirilməsi ilə bağlı vəziyyət uzanacaq. Hazırda İrəvan əsas qanunu dəyişməyə hazır deyil. Hesab edirəm ki, Ermənistan hakimiyyətinin indi bu məsələ ilə bağlı qəbul etdiyi “taym-aut” əhalini belə bir addıma hazırlamaq zərurəti ilə bağlıdır, çünki açıq-aydın görünür ki, mövcud revanşist əhval-ruhiyyəni nəzərə alsaq, müxalifət onları qızışdırmağa çalışır. Qarabağın Ermənistan Konstitusiyasından çıxarılması qeyri-populyar tədbirdir, təbii ki, bu, Ermənistanda çoxları arasında dəstək tapmır, ona görə də risk etməmək üçün hakimiyyət bu bir neçə il ərzində əhalini hazırlayacaq.

Tərcümə- Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Seçilən
110
50
sesqazeti.az

10Mənbələr