AZ

Laçının MDB-nin mədəniyyət paytaxtı olması nə deməkdir?..

Image

Aydın Xan Əbilov: “Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu alması çöx önəmli hadisədir”

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq. Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə danışıb.

"Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə 2025-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçirəcəklər" - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.

Xatırladaq ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.

“Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanın 30 ildə apardığı siyasətin, beynəlxalq hüquq müstəvisində mübarizənin real nəticəsi olaraq İkinci Qarabağ müharibəsi zəfərlə yekunlaşdı. Bundan sonra gələn reallıqlar Azərbaycanı güc mövqeyi kimi tanıtdı: “Qafqaz ölkələrində baş verən hadisələr dünyanın inkişafına təsir edir. Azərbaycan, Gürcüstan, qismən də Ermənistanda başlayan hadisələr SSRİ-nin süqutuna səbəb oldu. Azərbaycanın zəfəri, qələbəsi bütün dünyanın diqqətinə səbəb oldu. Azərbaycanın bütövlüyündə alınmaz qalaya çevrilən Laçının MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsi ölkəmizin növbəti qələbəsidir. Bəli, Laçın Azərbaycanın alınmaz qalasıdır. Laçın, Qərbi Azərbaycanla Cənubi və Şimali Azərbaycanın mərkəzində yerləşir. Laçın sivilizasiya və mədəniyyət beşiyi sayılır”.

Həmsöhbətimiz hesab edir ki, Laçının Azərbaycanın yaşayış məskəni olaraq MDB-nin mədəniyyət paytaxtı seçilməsi ölkəmizin geopolotik uğurudur: “Məlumdur ki, işğal dönəmində Laçın bərbad vəziyyətdə idi. Torpaqlarımız geri alındıqdan sonra sülh və mədəniyyət beşiyi olaraq Xankəndi, Şuşa və Laçında mədəniyyətlə bağlı müxtəlif tədbirlər keçirilib. Xarı Bülbül festivalı, beynəlxalq musiqi festivalları, folklor günləri və digər mədəni, ədəbi tədbirlər keçirilib. Keçirilən bütün tədbirlər həm də Ermənistana mesajdır ki, baxın, biz mədəniyyət vasitəsilə də xalqları birləşdiririk. Bu baxımdan   Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu alması çöx önəmli hadisədir. Məlumat üçün deyim ki, Laçında qədim Albaniyaya aid abidələr, kilsələr, ziyarətgahlar, tarixi abidələr olub. Ancaq həmin tarixi abidələrin, qəbir yerlərinin, kilsələrin bir çoxu ermənilər tərəfindən məhv edilib. Həmçinin, Azərbaycan saz sənətinin böyük bir qolu məhz Laçında inkişaf edib. Laçın artıq inkişaf dövrünə qədəm qoyub. Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilən bütün torpaqlar yenidən qurulur, o cümlədən Laçın da”.

Kulturoloq hesab edir ki, Laçının MDB-nin mədəniyyət paytaxtı seçilməsi Ermənistanın beynəlxalq arenada növbəti məğlubiyyətidir: “Laçının MDB-nin mədəniyyət paytaxtı statusu alması iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, bu şəhərə turistlərin marağı artacaq və ora səfər edəcək əcnəbilərin sayı artacaq. Laçına qayıdış tezləşəcək”.

Günel CƏLİLOVA





Seçilən
19
1
baki-xeber.com

2Mənbələr