AZ

Hakan Fidan bu gün Xorvatiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənub-Şərqi Avropa Sammitinin üçüncü toplantısında iştirak etmək üçün bu gün Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək.

Diplomatik mənbələrin verdiyi məlumata görə, sammitin ilk toplantısı 2023-cü ilin avqustunda Yunanıstanın paytaxtı Afinada, ikinci toplantı isə 2024-cü ilin fevralında Albaniyanın paytaxtı Tiranada keçirilib.

Xorvatiya və Ukraynanın ev sahibliyində keçiriləcək  üçüncü sammitdə bu ölkələrin liderləri ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Monteneqro, Kosovo, Şimali Makedoniya, Moldova, Rumıniya, Serbiya, Sloveniya və Yunanıstanın dövlət və hökumət başçılarının da iştirak edəcəyi gözlənilir. Sammitdə Avropa Komissiyasının da təmsil olunacağı bildirilir.

Hakan Fidanın sammitdəki çıxışında Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoyulması və beynəlxalq hüquq əsasında ədalətli, davamlı bir həllin təmin edilməsi üçün göstərilən səylərə dəstəyini vurğulaması gözlənilir. Eyni zamanda, sammit çərçivəsində Ukraynadakı vəziyyət və regional hadisələrlə bağlı məsləhətləşmələr aparması da planlaşdırılır.

Qeyd edək ki, Hakan Fidan sonuncu dəfə 15-16 iyun tarixlərində İsveçrədə keçirilən Ukrayna Sülh Sammitində prezident Rəcəb Tayyib Ərdoğanı təmsil etmişdi.

Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ikitərəfli və çoxtərəfli təşəbbüslərini, döyüşən tərəflərlə təmaslarını davam etdirir. Eyni zamanda, humanitar və iqtisadi sahədə müharibənin təsirlərini azaltmaq üçün müxtəlif addımlar atır.

Türkiyə, 2022-ci ilin mart ayında Rusiya və Ukrayna tərəflərinin ilk dəfə bir araya gəldiyi görüşlərə ev sahibliyi edib, Qara Dəniz Taxıl Dəhlizi təşəbbüsü çərçivəsində təxminən 33 milyon ton Ukrayna taxılının ixracını asanlaşdırıb və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə tərəflər arasında əsir mübadiləsinə vasitəçilik edib.

Türkiyə regionda sülhün və sabitliyin bərpasında fəal diplomatik rol oynamağa davam edəcək.

 

 



Seçilən
18
trt.net.tr

1Mənbələr