AZ

Kreml Cənubi Qafqazda nüfuzunu itirir: Putinin vasitəçilik istəyi baş tutmadı...

"Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi, lakin alınmadı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, nə Bakı, nə də İrəvan Moskvanın vasitəçiliyində maraqlı deyil: "Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”. Uşakov “bəziləri” dedikdə kimi və ya kimləri nəzərdə tutub? Əslində Bakı ilə İrəvan arasında sülh sazişiylə bağlı fikir ayrılığı ortadan qaldırılmadığına görə, görüşə ehtiyac olmayıb. Buna baxmayaraq, İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Şoltsdan fərqli olaraq Putində alınmadı. Bu həm də onunla əlaqədardır ki, Bakı və İrəvanın Moskva ilə tərəfdaşlıq münasibətləri olsa da, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı deyil. Doğru olan da budur. Məsələlərin həlli birbaşa danışıqlardan keçir".

 

Politoloq Məhəmməd Əsədullazadə də vurğulayıb ki, Putinin əsas məqsədi üçtərəfli görüş keçirmək olub: "MDB dövlət başçılarının sammitində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüş keçirdi. Halbuki Rusiya tərəfi prezident İlham Əliyev və N. Paşinyanla üçtərəfli görüş keçirib, sülh müqaviləsi üzrə vasitəçilik missiyasını nümayiş etdirəcəkdi. Ermənistan tərəfi belə bir görüşə razı olmadı. Kremlin mətbuat katibi Peskov da bir tərəfin belə bir görüşə razı olmadığını qeyd etdi. Sirr deyil ki, üçtərəfli görüşdən imtina edən Ermənistan tərəfidir.

Bununla da Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçi missiyası bitdi. Ermənistan Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlara üstünlük verir. Moskvada belə bir görüşə ehtiyac yox idi". 

M.Əsədullazadə əlavə edib ki, Rusiya üçün aktual olan Zəngəzur dəhlizinin açılmasıdır: "Putin hər iki liderlə Zəngəzur dəhlizini müzakirə edib. Rusiya dəhlizə nəzarət etmək üçün N. Paşinyanla danışıqlar aparır. Bu kontekstdə danışıqların müsbət istiqamətdə irəliləyişə gətirib çıxaracağı istisnadır".

Nigar,

Sitat.info

Seçilən
2
1
sitat.info

9Mənbələr