AZ

MDB dövlət başçıları İkinci dünya savaşının başa çatmasının 80 illiyi ilə bağlı müraciət qəbul edib

"Biz dünya xalqlarını tarixin saxtalaşdırılmasına, faşizmin, nasizmin dirçəlişinə və yeni dünya savaşı törətmək cəhdlərinə qarşı çıxmağa çağırırıq..."
 
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının sammiti öz işini başa çatdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Podrobno.uz" nəşri məlumat yayıb.
 
MDB dövlət başçıları İkinci dünya müharibəsinin başa çatmasının qarşıdakı 80-ci ildönümü ilə bağlı müraciət qəbul edib və tarixin saxtalaşdırılmasına yol verməməyə çağırış edib.
 
Məlumatda deyilir ki, dövlət başçıları 14 sənəd imzalayıb. Onlardan biri də "Sovet xalqının 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbəsinin 80 illiyi ilə əlaqədar olaraq Birlik ölkələri xalqlarına Müraciət"dir. Müraciətdə deyilir:
 
"Biz, MDB dövlət başçıları Birlik ölkələri xalqlarına müraciət edərək tarixin saxtalaşdırılmasını pisləməyə və ona yol verməməyə, nasist, faşist və buna bənzər milliyyətçi hərəkatlara, onların ardıcıllarına haqq qazandırılması və şərəfləndirilməsinə, o cümlədən irqi və dini ayrıseçkiliyə, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyünün bütün forma və təzahürlərinə qarşı qətiyyətlə çıxmağa çağırırıq", - müraciətdə deyilir.
 
Birlik dövlət başçıları həmçinin dünya xalqlarına faşizmin, nasizmin, militarizmin dirçəlişinə yol verməməyə və yeni dünya müharibəsini törətmək cəhdlərinin qarşısını almağa çağırıb.
 
"Yer üzərində sülh və azadlıq uğrunda həlak olanların xatirəsini yad etmək, var gücümüzlə onların öz həyatlarını qurban verdikləri haqq işini müdafiə etmək, nasizmin və neonasizmin istənilən təzahürlərinə, habelə yeni dünya savaşı təhlükəsinə qarşı bütün xeyirxah insanların birliyini möhkəmləndirmək bizim ümumi borcumuzdur", - müraciətdə deyilir.
 
Sammitdə qəbul edilən qərarlardan biri "Əmək Şöhrəti şəhəri. 1941-1945-ci illər" fəxri adının təsdiq edilməsi olub.
 
Bundan başqa, dövlət başçıları bir sıra digər sənədlər imzalayıb. O cümlədən 2025-ci ildə Azərbaycanın Laçın şəhəri, 2026-cı ildə Ermənistanın Mehri şəhəri, 2027-ci ildə isə Belarusun Molodeçno şəhərinin Birliyin Mədəniyyət paytaxtları elan edilməsi barədə qərardır.
 
Həmçinin MDB iştirakçısı olan dövlətlərin müdafiə nazirləri Şurasının yanında Hava hücumundan müdafiə məsələləri üzrə Koordinasiya Komitəsinin  sədri və MDB Antiterror Mərkəzinin rəhbəri barədə qərarlar qəbul edilib. Təşkilatda növbəti ildə sədrlik Tacikistana keçib.
Seçilən
15
moderator.az

1Mənbələr