AZ

Nikol Paşinyan – Qərbin danışan dili

Erməni baş nazirin köhnə-yeni sülh manipulyasiyaları

Hesab edirik ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bildirdiklərinə cavab idi. Əslində, Overçuk ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son zamanlar çox tez-tez dilə gətirdiyi bir fikri səsləndirib. O deyib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdakı imzasını rəsmən geri götürməyib. Geri götürməyibsə, deməli, sənədin icrasını təmin etməlidir. Yazımız həm bu haqda, həm də Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclasında dedikləri barədədir.

Çıxışını Azərbaycan – Ermənistan sülh prosesi ilə bağlı məqamlar üzərində quran Ermənistan baş naziri elə təsəvvür yaratdı ki, sanki İrəvanın Bakı ilə barışıq sazişini imzalaması an məsələsidir. Əlbəttə, onun mövqeyi yenilik deyil. Təkcə Nikol yox, digər erməni rəsmiləri də son zamanlar oxşar fikirlər səsləndirirlər. Görünür, Paşinyan Moskvaya ölkəsinin sülhə münasibətini bir daha ortaya qoymaq üçün yollanmışdı. Münasibətdə pozitivlik varmı, bunu yazımızın sonunda vurğulayacağıq.

Beləliklə, MDB Dövlət Başçıları Şurasının iclasının Cənubi Qafqaz məkanında vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğulayan N.Paşinyan mövcud kontekstdə Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin hazırkı durumu və gələcək inkişaf perspektivləri haqqında düşüncələrini bölüşüb. O deyib ki, rəhbərlik etdiyi iqtidar regionda sülhün tezliklə bərqərar olmasının və buradakı bütün ölkələrin maraqlarının nəzərə alınaraq, bölgənin sabit və proqnozlaşdırıla bilən inkişaf yoluna çıxmasının tərəfdarıdır. Bəri başdan deyək ki, Ermənistanın son zamanlardakı siyasəti Qərbin Cənubi Qafqazda hegemonluğunu təmin etməyə yönəlib. Yəni, Nikol elə başlanğıcdaca yalan danışır.

Ardınca Paşinyan Azərbaycan – Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar görülmüş işləri sadalayıb və sərhədlərin üç hissəsinin 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzrə dəqiqləşdirildiyini diqqətə çatdıraraq vurğulayıb ki, mövcud istiqamətdə keçmiş Sovet İttifaqının respublikalararası inzibati sərhədi delimitasiya edilmiş dövlətlərarası sərhəd kimi əks olunub. Qeyd edək ki, Nikol Alma-Ata Bəyannaməsindən təsadüfən söz açmır. O, sərhədlərin digər hissələrinin müəyyənləşməsində də sənədə istinadın vacibliyinə dair subliminal mesaj verir. Mesajı nə üçün verir, məsələyə diqqət yetirəcəyik.

Hələlik isə deyək ki, erməni baş nazir bu il avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin imzalanmasını müsbət addım kimi dəyərləndirib. Və əlavə edib ki, Ermənistan Konstitusiya məhkəməsi əsasnamənin konstitusiyaya uyğunluğunu təsdiqləyib, ölkə parlamenti tezliklə sənədin ratifikasiyası məsələsinə baxacaq. Bütün bunlar öz yerində, erməni hökumət rəhbərinin fikirlərində bir vacib məqam var. Paşinyan bildirir ki, Ermənistan Konstitusiya məhkəməsinin qərarı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanınması deməkdir. Tanınma Alma-Ata Bəyannaməsi əsasında Sovet Azərbaycanının bütün ərazisini nəzərdə tutur. Bu isə öz növbəsində Ermənistan konstitusiyasında Azərbaycana və ya hər hansı başqa ölkəyə qarşı ərazi iddialarının olmadığını təsdiqləyir.

Göründüyü kimi, Nikol fikirləri ilə Ermənistan Konstitusiya məhkəməsinin ölkənin Müstəqillik Bəyannaməsinin əsas qanunda yer almayan müddəalarının etibarsızlığına dair qərarına söykənir. Təbii ki, o, sözügedən qərarın manipulyasiya olduğunu söyləməz. Biz isə bunu deyirik. Birincisi, qərarda 1990-cı ildə qəbul edilmiş Müstəqillik bəyannaməsindən tamamilə imtina yoxdur. Halbuki, həmin sənəddə yer almış ərazi iddiasının da aradan qaldırılması mütləqdir. İkincisi, məhkəmə qərarı konstitusiyanın istinad mənbəyini, yəni Müstəqillik bəyannaməsini gücdən salmaq səlahiyyətində deyil. Yəni, Paşinyanın qərara söykənərək “Ermənistanın dövlət sənədlərində qonşulara qarşı ərazi iddiası yoxdur” şəklində fikir bildirməsi adekvat sayıla bilməz. Deməli, Nikolun ölkəsi ilə Azərbaycan arasında sülhün mümkünlüyünü vurğulamasında gerçək məntiq istisnadır. Çünki Azərbaycanın tələbi yerinə yetirilməmiş qalır. İndiki durumda Bakının digər maraq və mənafeləri də təmin olunmayıb ki, bu barədə də söz açacağıq.

Deməli, Paşinyanın “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin ən azı 80 faizinin razılaşdırılmasından söz açması mənasızdır. Onun hər iki ölkənin xarici işlər nazirləri formatında sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işlərin intensivləşdirilməsi barədə razılıq əldə olunduğunu vurğulaması da ABŞ ritorikasının məhsuludur. Yada salaq ki, belə bir açıqlama Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən yayılıb və nazirlər Ceyhun Bayramovla Ararat Mirzoyanın BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ-nin Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə keçirilmiş görüşündə səslənib. Sözügedən görüşün isə heç bir əməli nəticəsi olmayıb.

Əməli nəticə həm də ona görə yoxdur ki, Ermənistan sülh prosesinə kompleks yanaşmır. İrəvanın təklifi budur ki, barış sazişinin layihəsi üzrə razılaşdırılmış müddəalara əsaslanan sülh müqaviləsi imzalansın, digər məsələlər üzərində iş davam etdirilsin. Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclasında da bildirdiyi elə bu olub. Baş nazirin sözlərinə görə, istənilən halda, bütün suallara cavab verən və ikitərəfli münasibətlərin aspektlərinin hamısını tənzimləyən sülh müqaviləsi hazırlamaq mümkünsüzdür. “Üstəlik, imzalanmış və ratifikasiya olunmuş sülh müqaviləsi olduqda, digər mümkün məsələlərin həlli xeyli asanlaşacaq, çünki regionda vəziyyət fərqli olacaq”, – deyən Paşinyanın yenə spekulyativ davrandığı aşkardır. Məsələn, o, əsas məsələnin Azərbaycanın və Ermənistanın bir-birinə qarşı ərazi iddialarının olmamasını təsdiqləmələrindən, gələcəkdə belə iddialarla çıxış etməyəcəklərinə dair öhdəlik götürmələrindən, güc tətbiq etməkdən və ya güc tətbiqi ilə hədələməkdən uzaq durulmasından, bir-birinin daxili işlərinə qarışmamaqdan, diplomatik münasibətlərin qurulmasından və tərəflərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılmasıdan ibarət olduğunu vurğulayıb. Nikolun sözlərindən belə çıxıb ki, imzalanacaq sülh müqaviləsində sadaladığı müəddalar əskini tapmalıdır. Bəs fundamental məsələlər necə, onların üzərindən keçilməlidir?

Ermənistan sırf Paşinyanın vurğuladığı formatda sülh müqaviləsinin imzalanmasını istəyir ki, sənəd baza kimi təsdiqlənsin. Nəticədə, istər-istəməz, İrəvanın əvvəl üzərinə götürdüyü öhdəliklərdən imtina mümkünləşəcək. Əgər Nikolun sadaladığı prinsiplərin əsas sayıldığı sülh sazişi ərsəyə gəlsə, Ermənistan gələcəkdə həlli mühüm əhəmiyyət daşıyan məsələlərdən boyun qaçırmaq üçün hüquqi əsas yaratmış olacaq. Deməli, Paşinyan Azərbaycanın prinsiplərindəki ardıcıllığın pozulmasına nail olmağa çalışır. Nəzərə alaq ki, ölkəmiz indiyədək Ermənistanın və onun xaricdəki havadarlarının destruktiv davranışlarına qarşı güc amilini işə salaraq, mübarizə aparıb və nəticə əldə edib. Hazırkı şərtlərlə, yəni konseptual məsələlərə aydınlıq gətirilmədən sülh müqaviləsi imzalansa, ölkəmiz destruktivizmə qarşı güc tətbiqi imkanından məhrum duruma düşəcək. Onu da nəzərə alaq ki, sülh müqaviləsindən sonrakı istənilən güc tətbiqinin beynəlxalq miqyasda təcavüzkarlıq kimi qiymətləndirilmə ehtimalı daha böyükdür.

Bəli, Paşinyan ölkəmizi neytrallaşdırmağa çalışsa da, hiyləgərliyi aşkardır. Ancaq, o, bununla kifayətlənmir və Cənubi Qafqazda sabitliyin yaradılmasının digər mühüm aspekti kimi bütün nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasının zəruriliyindən danışır. Şübhəsiz ki, sülh müqaviləsi üzrə 80 faizlik razılaşdırmadan söz açanda, bunu nəzərdə tutmur. Çünki regional kommunikasiyaların açılması Ermənistanın anti-sülh manipulyasiyalarının tərkib hissəsidir.

Əvvəldə Rusiyanın baş nazirinin müavini A.Overçukun fikirlərini təsadüfən diqqətə çatdırmadıq. Məsələ ondadır ki, hazırda Paşinyanın üçtərəfli bəyanatda yer almış imzasını danmasındakı başlıca motiv regional nəqliyyat əlaqələri ilə bağlıdır. Nikol məsələnin reallaşması baxımından ölkəsinin “Dünyanın kəsişməsi” avantürasını ortaya atır və Moskvadakı çıxışında da ondan danışıb: “Bu layihənin mahiyyəti belədir: Ermənistan öz ərazisindən nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel yollarının keçməsini təmin etməyə hazırdır – Gürcüstandan İrana, əks istiqamətdə və ondan kənara, Türkiyədən Azərbaycana, əks istiqamətdə və kənara. Biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırıq”.

Yeri gəlmişkən, Paşinyanın imzasının yer aldığı üçtərəfli bəyanatda, daha dəqiq desək, sənədin 9-cu bəndində bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Ermənistanın baş naziri deyir ki, “Ermənistan Respublikası öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini tam təmin etməyə hazırdır. Bu, bizim istəyimizdir, öhdəliyimizdir və biz buna zəmanət veririk”. Deməli, Paşinyan İrəvanın üçtərəfli bəyanatdakı öhdəliyini fərqli tərzdə interpretasiya etməklə məşğuldur ki, bunun özü də aşkar manipulyasiyadır. Ən əsası isə Nikol Moskvada bəyan edir: “Ermənistanın hər hansı formada, guya, üçüncü dövlətlərin onun suveren ərazisində təhlükəsizliyini təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün bəyanatlar, sadəcə, həqiqətə uyğun deyil. Öz ərazisində təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin suveren öhdəliyidir. Bu bizim işimizdir və biz bunu etməyə zəmanət veririk”.

Bəli, Ermənistan özünün əsas öhdəliyini yerinə yetirmək istəmir. Həm diqqətə çatdırdığımız sonuncu sitat, həm də Paşinyanın “Dünyanın kəsişməsi”ndən söz açması bunun təsdiqidir. Məlumdur ki, “Dünyanın kəsişməsi” Azərbaycanın 44 günlük müharibədən sonra irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünə qarşıdır. Mövcud məqam ölkəmiz tərəfindən, kifayət qədər, yaxşı dərk edilir. O da dərk edilir ki, “Dünyanın kəsişməsi” erməni avantürizmini ayaqda saxlamağa hesablanmış layihədir. Layihə Ermənistanı qlobal tranzit xabının mərkəzinə çevirməyi nəzərdə tutur. Qərb bu yolla ölkəni iqtisadi cəhətdən möhkəmləndirməyi və onun köməyi ilə istənilən an regionu təzyiq və təhdid altında saxlamaq üçün rıçaq qazanmağı düşünür. Ən əsası isə “Dünyanın kəsişməsi” Cənubi Qafqazı Rusiyanın təsirindən uzaqlaşdırmağı hədəfləyir. Ermənistan bu məram naminə alətə çevrilməyə hazırdır, Azərbaycan isə həmişəki kimi, özünün balanslı siyasətinə sadiqdir və içərisində olduğu heç bir prosesin digər dövlətə, o cümlədən Rusiyaya qarşı yönəlməsini istəmir. Ona görə də ölkəmiz üçtərəfli bəyanatın icrasının vacibliyini bildirir və erməni tərəfinin Qərbin təhriki ilə planlaşdırdığı spekulyativ yanaşmasına imkan vermir.

Əlbəttə, Azərbaycan Naxçıvana quru yolunun olmasında maraqlıdır. Ölkəmiz Ermənistanın hazırkı şərtlərlə razılaşmayacağı təqdirdə, həmin yolun İran ərazisindən keçməsini məqsədəmüvafiq sayıb. Mövcud istiqamətdə Tehranla razılıq da əldə edilib. Yeri gəlmişkən, həmin razılığı Qərb, xüsusən də ABŞ, bir növ, süngü ilə qarşılayıb. Qərbdə çox yaxşı başa düşürdülər ki, Naxçıvana quru yolunun İrandan keçməsi İrəvanın əvvəllərdə olduğu kimi, dalanda qalması ilə nəticələnəck. Görünür, Paşinyan da bunun fərqindədir. Ona görə də MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında məsələyə yer verib: “Bizim təkliflərimizə reaksiya verən Azərbaycan vurğulayır ki, Ermənistan regional kommunikasiyalar açmaq istəməsə, Azərbaycan İran İslam Respublikasının Naxçıvanla əlaqə yaratmaq imkanlarından yararlanacaq. Biz, əlbəttə ki, etiraz etmirik. Çünki bu, iki ölkə arasında suveren münasibətlər məsələsidir. Amma bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz İran İslam Respublikasının verdiyi şərtlərlə bizim ərazimizlə nəqliyyat əlaqələrini təmin etməyə hazırıq. Bundan başqa, biz qarşılıqlılıq, bərabərlik, suverenlik və tərəflərin yurisdiksiyasına hörmət prinsipləri çərçivəsində sərhəd nəzarəti prosedurlarında bəzi sadələşdirmələr etməyə hazırıq”.

Bu yerdə yenidən cənab Overçukunla fikirlərinə yenidən diqqət edək. Məsələ burasındadır ki, onun da tərkibində yer aldığı Azərbaycan, Rusiya və Ermənistanın baş nazirləri müavinlərinin işçi qrupunda bir çox məsələlər, o cümlədən, Naxçıvana yoldakı nüanslar razılaşdırılmışdı. Yazımızda adını çəkdiyimiz Rusiya XİN-in rəsmi nümayəndəsi M.Zaxarova bununla əlaqədar açıqlamasında Ermənistanın yurisdiksiyasına ziyan vurmamaq şərtilə mexanizmin tətbiqinə dair ortaq məxrəcə gəlindiyini bildirmiş, son anda erməni tərəfinin prosesdən imtina etdiyini diqqətə çatdırmışdı. Zaxarovanın sözlərinə görə, Ermənistan üçtərəfli bəyanata əsasən Naxçıvana yolda təhlükəsizliyi təmin etməli olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin, eyni zamanda, Azərbaycan tərəfində də dayanmasına dair iddia səsləndirmişdi. Nəticədə razılaşma pozulmuşdu ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov durumu Ermənistanın regional kommunikasiyaların açılmasını sabotaj etməsi kimi dəyərləndirmişdi. Görəsən, indi nə isə dəyişibmi?

Dəyişən yalnız bir məqam var. Söhbət Paşinyanın Naxçıvana yoldakı sərhəd nəzarətinin daha asan, yəni sadələşdirilmiş formada həyata keçirilməsinə razılıq səsləndirməsindən gedir. Ölkəmiz yolun heç bir gömrük və sərhəd nəzarəti olmadan fəaliyyətini prinsipial məqam kimi vurğulayırsa, görəsən, Nikolun haqqında söz açdığı nədir? Hər halda, ortada real hansısa məsələ yoxdur. Bir şey tam aydındır ki, Azərbaycan Ermənistanın təhlükəsizlik zəmanətinə etibar etmir və etməməkdə haqlıdır. Çünki İrəvan indiyədək heç bir səmimiyyət göstərməyib, qeyri-konstruktiv yol tutub. Zamanında İran ərazisindən Naxçıvana yol da məhz bu səbəbdən gündəmə gəlmişdi. Hərçənd, indi İslam Respublikasının yeni rəhbərliyinin mövcud istiqamətdəki mövqeyi müəyyən deyil. Görünür, Nikol məhz buna görə məsələnin üzərinə gəlir. Öz aləmində belə düşünə bilər ki, Azərbaycanın Ermənistanın şərtləri ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Amma belə ola bilməz.

Sonda ümumiləşdirmə apararaq deyək ki, N.Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə qeyri-adekvat, avantürist baxışın ifadəsindən başqa bir şey deyildi. Belə manipulyativ yanaşma barış mühitinin formalaşmasını əngəlləyir. Sülhün olmamasından ən çox əziyyət çəkəcək ölkə isə Ermənistandır. Təəssüf ki, Nikol Paşinyan başda olmaqla Ermənistanın rəhbərliyində təmsil olunanlar bunu anlamır, Qərbin qlobal mövqeyinin ifadəçisi ampluasında görünməyə üstünlük verirlər. Elə Nikol da Moskvada Qərbin dili ilə danışmaqdan başqa bir şey etmədi.

XQ-nin analitik qrupu

Seçilən
110
50
xalqqazeti.az

10Mənbələr