AZ

“Ostin Şoyquya dedi ki” - “Rusiya 2022-ci ildə nüvə zərbəsi endirməyə hazır idi”

2022-ci ildə döyüş meydanındakı itkiləri “fəlakətli həddə çatacağı” təqdirdə Rusiya Ukraynada nüvə silahından istifadə etməyə hazır idi.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu məşhur amerikalı araşdırmaçı jurnalist Bob Vudvord özünün yeni “Müharibə” adlı kitabında yazıb.

O deyir ki, həmin vaxt ABŞ və Rusiyanın baş qərargah rəisləri tez-tez telefonla danışıblar. ABŞ-nin Baş Qərargah rəisi Mark Milli Valeri Gerasimovdan Rusiyanın nüvə silahından istifadə etməsi üçün hansı şərtlərin olduğunu soruşub. Gerasimov cavab verib ki, onlardan biri “döyüş meydanında fəlakətli itkilər zamanı taktiki nüvə silahından istifadə etmək hüququdur”. Milli isə cavabında "bu şərtlərin heç birinin baş verməyəcəyini" söyləyib.

Vudvord yazıb ki, ABŞ kəşfiyyatının Kremldə öz mənbələri var. Ona görə də ABŞ kəşfiyyatı unikal, “seçilmiş” məlumata malik olub. Bu məlumatlara əsaslanaraq, Ağ Ev Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalının 50% olduğuna inanıb.

Kitabda 2022-ci ilin oktyabrında ABŞ Müdafiə naziri Lloyd Ostin ilə Sergey Şoyqu arasında gərgin telefon danışıqları təsvir edilir.

“Əgər bunu etsəniz, Ukraynada bütün məhdudiyyətlərə yenidən baxacağıq”, - deyə Ostin telefon danışıqlarının birində nüvə silahından istifadə barədə bildirib: “Bu, Rusiyanın dünya miqyasında elə təcrid olunmasına gətirib çıxaracaq ki, siz ruslar bunu tam qiymətləndirə bilməzsiniz”.

"Mən təhdid olunmağı sevmirəm", - deyə Şoyqu cavab verib.

Ostin isə cavabında bir qədər də sərt ifadələr işlədib: “Cənab nazir, mən dünya tarixinin ən güclü ordusuna rəhbərlik edirəm. Mən təhdid etmirəm”.

İki gün sonra Rusiya tərəfi daha bir telefon danışığı təşəbbüsü ilə çıxış edib. Həmin vaxt Şoyqu qəti şəkildə deyib ki, ukraynalılar guya “çirkli bomba” istifadə etməyi planlaşdırırlar. Oktyabr ayı ərzində o, Britaniya və Fransa müdafiə nazirlərinə də zəng edərək hadisəni danışıb.

Vudvordun sözlərinə görə, Ostin Şoyquya ona inanmadığını deyib: “Biz bunun heç bir əlamətini görmürük və belə bir şey olsa, dünya da bunu görəcək”.

O zaman ABŞ Müdafiə nazirinin Siyasi Məsələlər üzrə müavini olmuş Kolin Kahl daha sonra həmin epizod haqqında deyib: “Bu, bəlkə də bütün müharibənin ən qorxulu anı idi”.

Kitabda deyilir ki, bu nüvə təhdidləri 2022-ci ilin sonunda Rusiya ordusunun məğlubiyyətinin qarşısını əhəmiyyətli dərəcədə alıb. Kitabda ukraynalı və amerikalı rəsmilərə, hərbi zabitlərə və kəşfiyyat zabitlərinə istinadla deyilir ki, Kremlin “nüvə şantajı”na görə Birləşmiş Ştatlar Ukraynanı müharibənin gedişatını dəyişdirə biləcək silahlarla təmin etməyə cəsarət etmədi.

“AzPolitika.info”

Seçilən
58
50
azpolitika.info

10Mənbələr