Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatları Bexan Baraxoyev, Rizvan Kurbanov, həmçinin Rusiya Federasiya Şurasının üzvü, senator Süleyman Kərimova qarşı qan davası elan edib.
“AzPolitika” xəbər verir ki, Kadırov bunu Çeçenistanın güc strukturları ilə keçirdiyi iclasda deyib.
Kadırov iddia edib ki, sözügedən şəxslər hətta onun qətlini sifariş ediblər. Onun dediyinə görə, bu, Rusiyanın ən tanınmış şirkətlərindən olan “Wildberries” ətrafında yaranan münaqişəyə görədir: "Onların öz biznesləri var və onlar nəinki bu qadının (“Wildberries”-n sahibi Tatyana Kim-red.) biznesini əlindən alıblar, hətta mənim qətlimi sifariş ediblər”.
Çeçenistan rəhbəri deyib ki, senator və milyarder Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib (valyutanı dəqiqləşdirməyib).
Kadırov əlavə edib ki, o, bu şəxslərə qarşı qan davası elan edir, lakin günahsız olduqlarını sübut etsələr və ittihamları təkzib etsələr, bunu dayandırmağa hazırdır.
Xatırladaq ki, “Wildberries” şirkətilə bağlı qalmaqal yay aylarında başlayıb. Çeçenistan lideri şirkətin sahibi olan Tatyana Kimlə onun əri arasında yaranan qarşıdurmada ikinciyə “krışalıq” etməyə başlayıb. “Wildberries” iyunun ortalarında reklam operatoru olan “Russ” ilə birləşdiyini elan edib. Lakin Kimin əri bunun əleyhinə çıxıb. Həmin ərəfədə Kim boşanma ərizəsi verib. Onun ərinin şirkətdəki payı isə cəmi 1 faiz olub.