AZ

Balakən gənclərinin əsas görüş və fəaliyyət mərkəzi – Gənclər evi

Image

...Qabaqçöl kəndində bir şəhid anası “Yoxsa, bizi unutdularmı”, - deyə bədbinliyə qapılıb gözlərini qapıya dikəndə həyət darvazası döyülür və içəri əllərində gül-çiçəklə bir dəstə gənc daxil olur. Onlar şəhidin məzarını ziyarət edir, qəhrəmanımız haqqında növbəti layihələri üçün ətraflı məlumat toplayır, Vətən yolunda qurban getməyin fəzilətlərindən söhbət açır, özlərinin də həmin müqəddəs yolun davamçıları olacaqlarına and içirlər. Yaxud rayon mərkəzi xəstəxanasında müalicə alan Vətən müharibəsi qazisi darıxıb palatanın pəncərəsindən həyətə boylananda könüllülər ona baş çəkməyə gəlirlər. İgid əsgərin müalicəsi ilə maraqlanır, keçdiyi döyüş yolundan söhbətlərini dinləyir, tezliklə sağalaraq ayağa qalxacağı barədə inam yaradır, həyat və fəaliyyətlərində ona bənzəyəcəklərinə söz verirlər... 

Belə mənzərələrlə Balakəndə tez-tez rastlaşmaq mümkündür, çünki rayondakı Gənclər evinin əsas fəaliyyət istiqamətlərindən biri də “Qəhrəmanlarımızı tanıyaq” layihəsidir. Yeri gəlmişkən, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpasında bu rayonun gənsləri də canlarını, qanlarını, vücudlarının bir parçasını qurban veriblər. Qürurla söyləmək olar ki, Balakənin 197 şəhidi var – onlardan 166 nəfəri Birinci Qarabağ müharibəsində, 30-u Vətən savaşında, biri isə antiterror tədbirlərində bu ali məqama yüksəlib. Yüzlərlə gənc Zəfər qazisi statusu daşıyır. Elə mərkəzin Vətənpərvərlik klubunun rəhbəri Osman Əliyev də Vətən müharibəsi iştirakçısıdır. 15 nəfərdən ibarət kollektivdə, eləcə də yüzlərlə könüllülər heyətinin sıralarında  digər qazilər və şəhid ailələrinin üzvləri də təmsil olunurlar. Əsası odur ki, həmin ünvanda həmişə qələbəlikdir, nəinki rayon, hətta bölgə gənclərinin toplantıları, müzakirələri, təklifləri, əməli fəaliyyətləri ilə müşayiət edilən əsl həyat qaynayır. Bütün bunlar isə mərkəz rəhbərliyinin dövlətin gənclər siyasətini məsuliyyətlə həyata keçirməsi, işgüzarlığı, təşəbbüskarlığı, öz həmyaşıdlarına qayğısından irəli gəlir.   

“Balakən Gənclər evi sosial xidmət müəssisəsi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual səviyyələrinin yüksəldilməsi, bacarıqlarının artırılması, sağlam həyat tərzinin təbliği, milli vətənpərvərlik hisslərinin yüksəldilməsi və bir çox digər istiqamətlərdə töhfələrini verir. Eyni zamanda prioritet sahələrimiz istedadlı gənclərin aşkar edilməsi, onlarda məlumatlılığı artırmaq, müasir düşüncə tərzi formalaşdırmaq, sorğular əsasında daha yararlı olacaq mövzularda təlim, seminar, kursların davamlı təşkili, o cümlədən gənclərin sağlamlığının qorunması ilə əlaqədar və zərərli vərdişlərin yayılmasına qarşı keçirilən silsilə tədbirlərin, yarışların təşkilidir,” qəzetimizə müsahibəsində qurumun direktoru Tale Şahverdiyev dedi. 

O bildirdi ki, Gənclər evinin tikintisinə 2008-ci ildə start verilsə də, tam şəkildə fəaliyyətə 2017-ci ildə başlayıb. Balakən şəhərinin Heydər Əliyev prospektində inşa olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində mədəni-kütləvi tədbirlər və asudə vaxtın təşkili otağı, internet-klub, stolüstü oyunlar otağı, trenajor zalı, 35 nəfərlik kafe və digər xidməti otaqlar yerləşir. İkinci mərtəbədə isə gənclərin vətənpərvərlik tərbiyəsi və təlimlərin keçirilməsi üçün otaqlar, kitabxana, 45 nəfərlik konfrans zalı və sair vardır. 

“Gənclər evimiz bir çox yaddaqalan layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Bunlara misal olaraq, respublikadakı Gənclər evləri arasında təcrübə mübadiləsi məqsədi ilə həyata keçirilən “Gənclərin sosial təşəbbüsləri” festivalı, “Fındıq-fest”, regionumuzun uğur qazanmış gənclərini ictimaiyyətə daha yaxından tanıtmaq, gənclərin yaradıcı və intellektual potensialının üzə çıxarılması və inkişafı, onların geniş şəkildə elmi, yaradıcı və intellektual fəaliyyətə cəlb edilməsi üçün reallaşdırılan “Uğurlu gənc” layihəsi, “Ölkəmizi tanıyaq və tanıdaq” devizi ilə təşkil olunan ölkədaxili turlar, aqrar sahəyə marağın artırılması, gənclərin məşğulluğunun təmini məqsədilə "Gələcəyin fermerləri" adlı layihə, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədi ilə görüş və diskussiyalar, düşərgələr, intellektual yarışlar, aksiyalar, fləşmoblar, kurs və dərnəkləri göstərmək olar”, deyə - bayaqdan qonşu masada hansısa məsələni çözməyə çalışan Gənclər evinin metodisti Fuad Mikayılov, fəallar Mədinə Gerayeva və İsmayıl Məmmədov da söhbətimizə qoşulurlar. 

⁠Məlum olur ki, Balakəndəki Gənclər evi bölgədə yeganə bu tipli sosial xidmət qurumudur. Ümumiyyətlə respublika üzrə 32 Gənclər evi fəaliyyət göstərir. Hazırda tikilməkdə olanları da nəzərə alsaq, yaxın gələcəkdə belə mərkəzlərin sayı 36-ya yüksələcək. Təkcə bu il rayonun fəal gəncləri yerli və ölkəmiqyaslı təşkilat və müəssisələrlə onlarla müştərək layihə reallaşdırıblar. Müvafiq şəkildə uşaq və yeniyetmələrin sağlam böyümələri ilə əlaqədar rayon səhiyyə sistemi, narkotiklərə, digər zərərli vərdişlərə qarşı mübarizə hüquq-mühafizə orqanları, dini radikalizmlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəliyi ilə birgə və sair tədbirlər həyata keçirilir. Könüllülərlə iş üzrə koordinator - klub rəhbəri Fəridə Eminova: “Gənclərin gənclik enerjisi ilə əldə olunmuş geniş təcrübə və bacarıqlar qazanması istiqamətində hər il “Könüllü inkişaf” proqramına start verilir. 2024-cü il ərzində 60 gənc “Könüllü inkişaf” proqramını uğurla başa vurub. Ümumi statistikaya nəzər salsaq, 8 ay ərzində fəaliyyət göstərən kurs və dərnəklərdən 395 nəfər yararlanıb. Gənclərlə birlikdə 110-dan çox tədbir, seminar, təlim həyata keçirilmişdir”.

Könüllülərdən Səadət Cerçiyeva, Zamin Yüzbaşıyev və başqaları dövlətimizin gənclərə qayğısı və bu yöndəki siyasətindən xeyli razıdırlar: “Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları qanun və dövlət proqramlarının uşaq və gənclərin hərtərəfli inkişafının təmin edilməsində, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyət daşıyır. Gənclərin fəallığının artırılması və hərtərəfli inkişafında, eyni zamanda onların respublikamızın hüdudlarından uzaqlarda da yaxşı tanınmalarında belə müəssisələrə böyük ehtiyac var. Burada yaradılmış nümunəvi şərait gənclərimizin intellektual potensialının, vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə, onların yeni texnologiyalara yiyələnmələrinə, habelə müxtəlif tədbirlərin, “dəyirmi masa”ların, təlimlərin keçirilməsinə xüsusi töhfə verir”.

Mərkəzdə olduğumuz zaman metodist Lalə Orucova, klub rəhbərləri Hürü İbrahimzadə, Samirə Rüstəmova, Sona Xəmmədova və digərlərinin vəzifə borclarına böyük məsuliyyətlə yanaşdığı, könüllülərdən Xacay Əhmədiyeva, Ülvi Lətifov, Şəbnəm Osmanova, ⁠İsmayıl Eminov, ⁠Ləman Sadıqlı, Sehri Kazımova, ⁠Nəsimi Qarayev, Günel Qardaşovanın gənclərin yaxın dostları kimi tanındıqları vurğulandı.

Gənclər evinin rəhbəri Tale Şahverdiyev bildirdi ki, cari il ərzində qazanılan ən mühüm uğurlardan biri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azad Azərbaycan Televiziyası ilə birgə düzənlədikləri “Şən Gənc” layihəsinin yay düşərgəsində ən yaxşı mahnı kateqoriyası üzrə qalibin seçilməsidir: “Zəfər, azadlığa qovuşan şəhərlər, Suverenlik, Gənclər, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi, sair əlamətdar günlər geniş qeyd olunur. Balakən Gənclər evi gənclərin hərtərəfli inkişafı, vətənpərvər ruhda yetişdirilməsi üçün daim yardımçıdır. Bütün gəncləri müəssisəmizin xidmətlərindən yararlanmağa dəvət edirik!”


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru






Seçilən
18
baki-xeber.com

1Mənbələr