AZ

Gözlərinizi qoruyun!

Ümumdünya Görmə Günüdür...

Gözlərimiz ən vacib orqanlarımızdan biridir. İlk baxışda sadə görünən bu orqan əslində, çox mürəkkəb quruluşa, bir-biri ilə bağlı olan ayrı-ayrı hissələrdən ibarətdir. Təəssüf ki, bir çox hallarda onun qeydinə qalmaq əvəzinə daha da zəiflədirik. Mütəxəssislər televizor, telefon və kompüter qarşısında mümkün qədər az zaman sərf etməyi, boş vaxtları açıq havada gəzməyi məsləhət görürlər.
Hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü kimi qeyd edilir. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə təsis edilib və görmə qabiliyyəti tam məhdud olanların, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.

19 milyondan çox insan...

ÜST-ün məlumatına görə, dünyada təxminən 2,2 milyard insan görmə qabiliyyətindən məhrumdur. Göz xəstəliklərindən əziyyət çəkənlərin sayı isə 19 milyondan çoxdur. Görmə qüsuru olanların 82 faizinin yaşı 50-dən yuxarıdır. Son illərdə bir çox ölkədə yaşlılar arasında görmə qabiliyyətini itirənlərin sayı daha çoxdur. Lakin vaxtında müalicə edilməklə korluq hallarının əksər hissəsinin qarşısını almaq olar.

Görmə zəifliyinin səbəbləri

Görmənin zəifləməsi həyat keyfiyyətinə ciddi şəkildə təsir edən bir problem olmaqla yanaşı, fərqli səbəblərə əsaslanır. Müasir dövrdə texnologiyadan geniş istifadə gözlərin yorulmasına və hətta görmə itkisinə səbəb ola bilər. Bu proses təkcə yaşla bağlı deyil, eyni zamanda, həyat tərzimiz, iş şəraitimiz və genetik amillərlə də əlaqədardır. İnsanlar görmə zəifliyi ilə üzləşdikdə bu problemi aradan qaldırmaq üçün müxtəlif yollar axtarırlar, lakin bunun səbəblərini başa düşmək çox vacibdir.
Görmə zəifləməsinin səbəblərindən biri də genetik faktorlar və irsi amillərdir. Əgər ailə üzvlərində, xüsusilə valideynlərdə göz xəstəlikləri varsa, bu övladların da eyni problemləri yaşaması üçün risk yaradır.

Texnologiyanın gözlərə təsiri

Texnologiyanın inkişafı həyatımızı asanlaşdırsa da, uzun müddət ekran qarşısında vaxt keçirmək göz sağlamlığı üçün zərərlidir. Kompüter, telefon və televizor kimi cihazların istifadəsi zamanı gözlərimiz yorulur, bu da görmə zəifliyinə səbəbdir. Xüsusilə, rəqəmsal ekranların yaydığı mavi işıq göz retinasına ziyan vurur və zamanla görmə qabiliyyətini zəiflədir. Bu vəziyyət kompüter görmə sindromu adlanan vəziyyətin yaranmasına gətirib çıxara bilər. Mütəxəssislər ekran qarşısında olan zaman hər 20 dəqiqədən bir 20 saniyə ərzində uzağa baxmağı tövsiyə edirlər ki, gözlər dincəlsin. Bu müddət ərzində göz qapaqlarının hərəkəti artırılmalı və gözlər nəm saxlanılmalıdır.

Düzgün qidalanmama və vitamin çatışmazlığı

Göz sağlamlığı üçün düzgün qidalanma çox vacibdir, çünki bir çox vitamin və minerallar gözlərin normal fəaliyyət göstərməsi üçün lazımdır. A vitamini göz sağlamlığı üçün ən vacib vitaminlərdən biridir və onun çatışmazlığı gecə görmə zəifliyinə səbəb ola bilər.

Stress və yuxusuzluq

Stress və yuxusuzluq müasir həyatın ən çox rast gəlinən problemlərindən biridir və göz sağlamlığına da mənfi təsir göstərir. Uzun müddətli stress göz əzələlərinin gərginləşməsinə, göz təzyiqinin artmasına və nəticədə görmə zəifliyinə səbəb ola bilər. Yuxusuzluq isə gözlərin dincəlməsinə mane olur və zamanla göz quruluğu, baş ağrıları və görmə qabiliyyətinin zəifləməsinə yol açır.

Gözlərə mexaniki zərbələr

Gözlərə olan mexaniki zərbələr və travmalar da görmə zəifləməsinin səbəblərindən biridir. Bu cür zədələr idman zamanı, sənaye işlərində və ya sadəcə, təsadüfi qəzalar nəticəsində baş verir. Göz travmaları nəticəsində gözün daxili strukturları zədələnir və bu da bəzən tam görmə itkisinə gətirib çıxara bilər.

Yaşlanma...

Yaşlanma insan bədəninin hər bir orqanına təsir etdiyi kimi, gözlərə də ciddi təsir edir. İnsan yaşlandıqca gözlərin elastikliyi azalır və bunun nəticəsində görmə qabiliyyəti zəifləyir. Bu problem 40 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur.
Son statistikaya görə, ölkəmizdə 172, 7 min nəfər göz xəstəliklərindən əziyyət çəkir. Onların 32, 8 mini 13 yaşadək, 46, 3 mini isə 18 yaşınadək olanlardır.

Yeganə BAYRAMOVA

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr