AZ

Ukrayna müharibəsi bitir?

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqların şərtlərini müzakirə etməyə və müharibəyə son qoymağa hazırdır.  Qərb müharibəyə son qoymaq üçün  Kiyevə təzyiqləri artırır”. 

Bunu “Bloomberg” yazıb. Nəşr bildirib ki, Kiyev öz planının bütün təfərrüatlarını hələ açıqlamadığına görə Ukrayna rəsmiləri  növbəti manevrlər üçün yer saxlayırlar.

Atəşkəs danışıqları zamanı ABŞ-dən etibarlı təhlükəsizlik zəmanətinin alınması əslində, Kiyevin NATO-ya üzvlüyü demək olacaq. “Bloomberg” qeyd edir ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinədir. Buna görə də bütün tərəfləri danışıqlar masasına oturtmaq üçün hansı formulun daha məqbul olacağı hələ bəli deyil.

Ukrayna Prezident Zelenski 1991-ci il sərhədlərinə qayıtmaqda və Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını ehtiva edən “sülh formulu”nu həyata keçirməkdə israrlıdır.

Rusiyalı politoloq, Rusiya-Amerika və Rusiya Avropa İttifaqı arasında münasibətlər üzrə ekspert Dmitri Suslov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Qərb Ukrayna münaqişəsi ilə bağlı  status-kvonun saxlanmasının artıq ona sərfəli olmadığını anlayır:

"Status-kvonun saxlanması Kiyev rejiminin və onunla birlikdə Qərbin qaçılmaz məğlubiyyətidir. Çünki aprel ayında ABŞ yenidən Ukraynaya hərbi yardım göstərdi. May ayında Ukrayna səfərbərlik haqqında yeni qanun qəbul etdi. Lakin vəziyyət Kiyev üçün müsbətə doğru dəyişmir. Döyüş meydanında məğlubiyyətə uğrayır. Kursk vilayətinin işğalı da istənilən nəticəni vermədi. Artıq Qərbdə anlayırlar ki, hansısa yolla status-kvonu dəyişmək lazımdır”. 

Ekspertin fikrincə, onu iki yolla dəyişmək olar:

“Birinci yol eskalasiyadır, lakin bu, çox təhlükəlidir. Rusiya ilə birbaşa hərbi toqquşma ilə nəticələnər, yəni Üçüncü Dünya müharibəsinin başlayar. Rusiya isə bunun qarşısını almaq üçün  siyasətini gücləndirir. Nüvə doktrinasına dəyişiklikləri təqdim edir. İkinci alternativ münaqişəni həll etmədən onu dondurmaqdır.

Əslində Qərb hər ikisini həyata keçirir. Bir tərəfdən eskalasiya ilə hədələyir, digər tərəfdən isə məsələni dalana dirəməyə çalışır”.

Cəbhə xəttinin Rusiya ilə Ukrayna arasında yeni faktiki sərhədə çevrilməsinə toxunan politoloq qeyd edib ki, bu, münaqişəni həll etməyəcək:

"Qərbdə hətta belə bir variant da fəal şəkildə müzakirə edilir ki, Ukrayna NATO-ya yalnız öz nəzarətində olan ərazilərlə daxil edilsin, NATO-nun nizamnaməsinin beşinci maddəsi Rusiyanın nəzarətində qalan ərazilərə tətbiq edilməsin. 

Bu variant Zelenski üçün də qəbuledilməzdir, çünki Zelenski rəsmi şəkildə 1991-ci ilin sərhədləri bərpa olunana qədər döyüşməyin vacibliyini deyir və yalnız bundan sonra NATO-ya üzvlüyə tərəfdardır. Bu, o deməkdir ki, Qərb Zelenskiyə çox ciddi təzyiq göstərir. Buna görə də “Financial Times”,  “Bloomberg” kimi nəşrlərdə mütəmadi olaraq bu təzyiqin göstərildiyi və Kiyevin Qərblə bağlı qapılar arxasında mümkün kompromisləri müzakirə etdiyi haqqında məqalələr dərc olunur. 

Ancaq vurğulamaq istəyirəm ki, bu variant daha çox qəbuledilməzdir. Çünki Rusiya üçün əsas məsələ ərazilər deyil, müharibədən sonrakı Ukraynanın gələcəyidir. Bu, Ukraynanın Qərblə təhlükəsizlik və hərbi sahədəki münasibətlərinin xarakteridir, bu Ukraynanın statusudur.

Rusiyanın əsas məqsədi Putin tərəfindən münaqişə başlayanda müəyyən   olunan hədəfləri həyata keçirməkdir. Bunlar neytral status, demilitarizasiya, denasifikasiyadır. Bu hədəflər 2022-ci ilin aprelində imzalanmış İstanbul razılaşmasında qeyd olunmuşdu, lakin bu razılaşma Qərb tərəfindən pozuldu. Qərb eyni anda həm Kiyev, həm də Moskvaya təzyiq etməyə çalışır. Amma bu variant Rusiya və Ukrayna üçün uyğun deyil”.

Ekspertin fikrincə,  qərbin status-kvonu dəyişmək istəməsinin bir səbəbi də həm müharibəni, həm də eskalasiyanı eyni zamanda davam etdirməkdə çətinlik çəkməsidir:

“Yaxın Şərqdəkı müharibənin artmasıdan sonra bu, özünü daha çox göstərir. Qərbin Ukraynaya dəstək vermək qabiliyyəti azalır. Buna görə də Qərb Ukrayna münaqişəsini dondurmaqda maraqlıdır”.

Seçilən
6
50
cebheinfo.az

10Mənbələr