AZ

Ermənilərin İrəvan həyasızlığı - 2806 il öncə...

Tarixçi: “Ermənilər sadəcə hər bir tarixi, mədəniyyəti oğurladıqları kimi, indi də Erebuni qalasını, İrəvanı mənimsəyirlər”

Sabah - oktyabrın 13-də ermənilər daha bir uydurma günü qeyd etməyə hazırlaşır. Yerli medianın məlumatına görə, “İrəvanın 2806-cı ildönümü münasibətilə” şəhərdə müxtəlif tədbirlər və bayram konserti planlaşdırılır.

Məlumdur ki, İrəvan şəhərinin əsası İrəvan xanı Rəvanqulu xanın dövründə, 1504-cü ildə (520 il öncə) qoyulub və onun şərəfinə əvvəlcə Rəvan qalası adlandırılıb. Təbii ki, şəhərə ermənilər çox sonradan gələnlər və ya köçürülənlərdir. Nəticə də bəlli: köçmən haylar köklü əhalini - azərbaycanlıları bir əsr ərzində və 3 mərhələdə (1918-1920, 1948-1953 və 1988-90) oradan çıxarıblar.

Bəs 2806 rəqəmi haradan çıxdı? Guya şəhərin bünövrəsi 520 il qabaq yox, eramızdan əvvəl 782-ci ildə (!) qoyulub.

Musa

Musa Qasımlı 

Mövzu ilə bağlı Milli Məclis sədrinin müavini, tarixçi alim Musa Qasımlı “Yeni Müsavat”a danışıb:

“Ermənilərin bütün tarixi özlərinin milli təhlükəsizlik konsepsiyalarında yazdıqları kimi miflərə, uydurmalara, xəyallara, nağıllara əsaslanır. Onlar öz tarixlərini nə qədər qədimə çəkməyə çalışdıqca, bir o qədər özlərini gülünc vəziyyətə salırlar.

İrəvan şəhərinin əsasının qoyulmasının tarixi məlumdur. Bu şəhərin əsasını Rəvanqulu xan qoyub. Ermənilərin şəhərin əsasını süni şəkildə eramızdan əvvələ aparması bəlli siyasi məqsəd daşıyır. Göstərmək istəyirlər ki, guya onlar bu ərazidə, bu şəhərdə hələ eramızdan əvvəl yaşayıblar. Amma belə iddiaların heç bir əsası yoxdur, ən kiçik tənqidə belə tab gətirmir. Bu avantüraya gedərkən ermənilər özlərinə Təpəbaşı Məhəlləsini, İrəvan qalasını və digərlərinin necə məhv etdikləri haqda sual verməlidirlər.

Tarix olduğu kimidir, onun dəyişmək cəhdlərinin gerçəkliklə heç bir əlaqəsi yoxdur".

TOFİQ

Tofiq Musatafazadə 

Tarix üzrə elmlər doktoru, professor Tofiq Musatafazadə isə qeyd edib ki, ermənilər hazırda Yerevan adlandırdıqları İrəvan şəhərinin adını Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar:

“Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan əlaqəsi olmuşdur. Gürcülər Urartuların xələfidir. Urartular bir qədər də Şimali Qafqaz xalqlarına yaxın, qafqazdilli, qismən də türkdilli xalq olublar və bir daha qeyd edirəm ki, ermənilərin onlara heç bir aidiyyəti yoxdur. Qədim yaşayış məntəqəsi olan, orta əsrlərdən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə var. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpəni də şəhərətrafı əraziyə daxil ediblər.

Ermənilər sadəcə hər bir tarixi, mədəniyyəti oğurladıqları kimi, indi də Erebuni qalasını, İrəvanı mənimsəyirlər. Burada təəccüblü heç nə yoxdur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Seçilən
118
50
musavat.com

10Mənbələr