AZ

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı

Şahin

Bakı, 12 oktyabr, AZƏRTAC

“Uduzmağa layiq oyun göstərmədik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev UEFA Millətlər Liqasının III turunda səfərdə Estoniyaya 1:3 hesabı ilə məğlub olan Azərbaycan yığmasının çıxışı barədə danışarkən deyib.

O, dünənki matçda millimizin üzvlərində oyun keyfiyyəti baxımından çatışmazlıq olduğunu bildirib: “Birinci hissədə xeyli qol epizodlarımız oldu. Həmin məqamda fərqlənməmək daha asan idi, nəinki topu qapıya göndərmək. Görünür, hücum xəttində çıxış edən Ramil Şeydayevlə Renat Dadaşovun oyun praktikası aşağı səviyyədədir”.

59 yaşlı mütəxəssis yığmanın müdafiədə etibarlı oynamadığını söyləyib: “Beş müdafiəçi ilə meydana çıxsaq da, Estoniya komandası bizi əks-hücumlarda cəzalandırmağı bacardı. Bəsit qollar buraxdıq. Düşünürəm ki, Fernandu Santuş bunun üzərində işləyəcək. Qrupdakı hər üç oyunda qol imkanları yaratsaq da, son nöqtəni qoymaqda çətinlik çəkdik. Çatışmazlıqları aradan qaldırdıqdan sonra yavaş-yavaş istədiyimiz milli komandanı meydanda görə biləcəyik”.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan yığması UEFA Millətlər Liqasının IV turunda Slovakiyanı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Seçilən
15
azertag.az

1Mənbələr