AZ

Ermənistanın "boş gülləsi": Havada qalan hədələr, təsirsiz xəbərdarlıqlar - ŞƏRH » AzadMedia.az

 



2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki bir günlük antiterror tədbirləri Cənubi Qafqaz regionunda yeni reallıq yaradıb. Demək olar, artıq dörd ildir ki, bölgədəki yeni reallıqlar burada sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını zəruri edir.

44 günlük savaş regionda yeni geosiyasi durumun əsasını qoymaq, qlobal dünya nizamına təsir etmək, Azərbaycanın hərbi gücünü ortaya qoymaqla yanaşı, həm də göstərdi ki, mənasız hədələr, xəbərdarlıqlar “boş güllə”dən başqa bir şey deyil. Belə ki, Ermənistan hərbi-siyasi hakimiyyəti və Qarabağdakı keçmiş xunta hələ müharibədən əvvəl 44 günlük döyüşlər dövründə səsləndirdikləri bəyanatlarla, bəlkə də, nəyəsə nail olmağa- Azərbaycanı qorxutmağa çalışırdılar. Amma bu cəhdlər nəticəsiz qaldı.

 

Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 6-da o zaman işğal altında olan Şuşa şəhərinə səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Sonra Cıdır düzündə çaxır içərək yallı oynamışdı. Bu provokativ addımların davamı sonralar da gəldi. N.Paşinyan və komandası hər fürsətdə Azərbaycana “barmaq silkələyirdi”.

Hələ 2017-ci ildə erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri yeni müharibə bəyanatları verməyə başlamışdılar. O demişdi ki, Ermənistan arsenalındakı “İsgəndər” raketləri ilə Gəncədəki böyük zavodları, Mingəçevirdəki su anbarlarını vura bilər. General beləliklə, Azərbaycanın iflic ola biləcəyini iddia etmişdi.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da vaxtı ilə oxşar açıqlama vermişdi. O bildirmişdi ki, Ermənistan Bakını vura biləcək silahlara malikdir.

Ermənistan keçmiş müdafiə nazirlərindən olan David Tonoyan isə vaxtı ilə “qırmızı xətti” sözün əsl mənasında keçmişdi. O, “yeni ərazilər üçün yeni müharibə” bəyanatı ilə çıxış edərək tərəflər arasında ritorikanın daha da kəskinləşməsinə səbəb olmuşdu. Yeri gəlmişkən, bildirək ki, bu açıqlama ilə rəsmi İrəvanın aqressiv, destruktiv mövqeyi bir daha ifşa olunmuşdu. Aydın görünür ki, Ermənistan Qarabağ məsələsinin sülh yolu ilə həllində maraqlı deyil.

Eks nazir başqa bir çıxışında isə söyləmişdi ki, müharibə üçün yeni cəbhə açıla bilər. Bu, əslində onun “yeni ərazilər üçün yeni müharibə” tezisinin məntiqi davamı kimi də başa düşülə bilər.

D.Tonoyanın rəsmi Bakını açıq-aydın müharibə ilə hədələməsi onu deməyə əsas verirdi ki, Ermənistan seçimini edib.

Bundan başqa, adı çəkilən general 2020-ci ildə verdiyi açıqlamaların birində hücum üçün əmr gözlədiklərini demişdi. Həmin açıqlama səslənəndən sonra Ermənistanın hərbi təxribatları intensivləşdi. Bu isə sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. Ermənistan 44 günlük müharibə dövründə də ritorikasını dəyişmədi. Məğlub olduqlarını etiraf etmək istəməyən, bunu taktiki geri çəkilmə kimi qələmə verən rəsmi İrəvan və hazırda Azərbaycandakı təcridxanalarda olan separatçı rejimin başçıları vaxtı ilə Gəncəni, Mingəçeviri vuracaqlarını, Kür çayına qədər və ondan da o tərəfə gedəcəklərini deyirdilər. Onlar düşünürdülər ki, bu bəyanatlardan çəkinən Azərbaycan müharibəni dayandıracaq. Ancaq qarşı tərəf rəsmi Bakının iradəsinə təsir edə bilmədi. Azərbaycan müharibəni sona qədər davam etdirdi.

Onu da deyək ki, müharibə dövründə qarşı tərəfin özünün iddia etdiyi kimi bir şəhərimiz, o cümlədən Gəncə vuruldu. Mülki insanlar öldü, yaralandı. Separatçıların başçısı Araik Arutyunyan sonradan bunun birbaşa olaraq onun əmri ilə həyata keçirildiyini etiraf etdi. Lakin ermənilər bununla da Azərbaycanı yolundan döndərə bilmədilər.

Beləliklə, həm müharibə dövründə, həm də savaş ərzində davam edən hədə ritorikasının bir neçə məqsədi var idi: Birincisi, Azərbaycanı qorxutmaq və çəkindirmək. İkincisi, daxili ictimai rəydə pessimizmə şərait yaratmaq. Üçüncüsü, beynəlxalq ictimai rəyi çaşdırmaq.

Sonda isə Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən tam çəkilməyə məcbur oldu, Qarabağdakı separatçılar isə Bakıda istintaq altındadırlar və ədalət məhkəməsi qarşısında törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər.

Görünən odur ki, rəsmi İrəvan “Dəmir yumruğun” dadını bilməyinə baxmayaraq, havadarlarının təsir və təhriki ilə bu gün də revanşist iddialarından tam əl çəkmir. Bu isə nə Ermənistanın özü, nə də region üçün yaxşı nə isə vəd etmir. Odur ki, rəsmi İrəvanın tarixi təcrübədən dərs çıxarmasında fayda var.(Report)
Seçilən
75
50
azadmedia.az

10Mənbələr