AZ

Joel Matip futbolçu karyerasına xitam verdi

“Liverpul”un 33 yaşlı kamerunlu keçmiş mərkəz müdafiəçisi Joel Matip peşəkar karyerasını bitirməsi ilə bağlı məlumatı təsdiqləyib.

Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir:

“Liverpulda hər kəs Joel və ailəsinə gələcək üçün ən yaxşısını arzulayır” – “qırmızılar”ın mətbuat xidməti bəyan edib.

Xatırladaq ki, kamerunlu futbolçunun ingilis klubu ilə müqaviləsinin müddəti bu ilin iyul ayında başa çatıb. Həmin vaxtdan Matip komandasız idi.

Joel Matip “Veytmar”, “Boxum” və “Şalke”nin futbol akademiyalarında yetişib, 2016-cı ilin iyulunda isə “Şalke”dən azad agent qismində “Liverpul”un düşərgəsinə keçib.

Matip “qırmızılar”ın heyətində ümumilikdə 201 oyun keçirib, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Joel Matip 2010-cu ilin martında debüt etdiyi Kamerun yığmasının heyətində 27 oyuna 1 qol vurub.

Joel Matipin qənimətlər muzeyində ilk kuboklar “Şalke” ilə qazandığı Almaniya Kuboku və Almaniya Super Kubokudur. Qalan bütün mükafatlarını Matip “Liverpul”la qazanıb: İngiltərə Premyer Liqası, İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (2 dəfə), İngiltərə Super Kuboku, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku.

Seçilən
30
arena.az

1Mənbələr