AZ

Gəncədə “yaşıl” konfrans

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Bioresurslar İnstitutu (Gəncə) tərəfindən AMEA Gəncə Bölməsində “Təbii ehtiyatlar və tullantıların alternativ enerji kimi emalının aktual problemləri” mövzusunda iki günlük respublika elmi konfransı öz işini başa çatdırıb.

Elmi forum “Yaşıl Dünya Naminə Həmrəylik İli” və COP29 kimi tanınan Tərəfdaşlar üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Bakıda keçiriləcək qarşıdakı 29-cu Konfransına həsr edilib.

Tədbirin keçirildiyi AMEA Gəncə Bölməsinin böyük akt salonunun foyesində “Yaşıl Dünya Naminə Həmrəylik İli” və COP29 mövzuları ilə səsləşən əyani vəsaitlərdən ibarət sərgi də nümayiş etdirilib.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransın hazırki dövr üçün həlli çox vacib və aktual mövzuları əhatə etdiyinə diqqət çəkərək, bu elmi forumun müvəffəqiyyətlə keçəcəyinə ümid etdiyini bildirib.

Respublika konfransının rəhbəri və aparıcısı, AR ETN Bioresurslar İnstitutunun (Gəncə) direktoru, dosent İmran Qasımov giriş sözündə bu tədbirin yüksək elmi əhəmiyyət daşıdığını, təqdim olunmuş onlarla məruzənin elmi-nəzəri və əməli baxımdan faydalı olduğunu vurğulayıb.

Şəki Regional Elmi Mərkəzin direktoru, dosent Yusif Şükürlü çıxış edərək, rəhbərlik etdiyi elm ocağının nümayəndələrinin konfransın yüksək səviyyəli təşkilinə görə Gəncədəki həmkarlara minnətdarlığını bildirib. O, son dövrlərin qlobal texnoloji xüsusiyyətlərinin nəticəsi olaraq yaranmış ekoloji planetar problemlərin ölkəmizdən də yan keçmədiyini xatırladaraq, onların həlli yollarının araşdırılmasında elm ocaqlarının birgə, koordinasiyalı fəalliyyətlərinin vacib olduğunu diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov xatırladıb ki, ölkə rəhbərinin şəhərimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" Proqramına Azərbaycanda ilk olaraq məhz Gəncə şəhəri qoșulub.

İki gün davam edən konfransda 40-dan çox elmi məruzə dinlənilib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Seçilən
31
xalqqazeti.az

1Mənbələr