AZ

AİB Xəzər hidrogen dəhlizinə dəstək verəcək

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizi vasitəsilə “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsinin həyata keçirilməsi üçün Texniki Yardım Xüsusi Fondu vasitəsilə 225 min ABŞ dolları ayırıb.

AİB-nin yaydığı xəbərdə bildirilir ki, həmin layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini birləşdirəcək sualtı kabel çəkilişini nəzərdə tutur ki, bu da regional enerji əməkdaşlığının gücləndirilməsi və davamlı transsərhəd elektrik enerjisi ticarətinin yaradılması istiqamətində mühüm addımdır. Bu layihənin icrasını nəzərə tutan Anlaşma Memorandumunu 3 ölkə hökuməti 2024-cü il mayın 2-də imzalayıb və layihə regionda enerji təhlükəsizliyinin təmin edilməsinə, davamlı enerji təcrübələrinin inkişafına və iqtisadi artımın dəstəklənməsinə yönəlib. Layihədə, eyni zamanda, bərpaolunan enerjinin Xəzər regionundan Qara dənizdəki kabel vasitəsilə Avropaya ötürəcək “yaşıl dəhliz”in yaradılması nəzərdə tutulur.

Hazırda AİB-nin layihəyə müxtəlif tədbirlər vasitəsilə göstərdiyi texniki dəstək hökumətlərarası işçi qrupların formalaşdırılmasına, xüsusi təyinatlı birgə müəssisənin yaradılmasına, şəffaf və səmərəli idarəetmə strukturunun, hüquqi və kommersiya çərçivələrinin işlənib hazırlanmasına, yüksək keyfiyyətli texniki qiymətləndirmələrin və texniki-iqtisadi əsaslandırmaların gerçəkləşdirilməsi üçün ölkə nümayəndələrinin potensialının artırılmasına kömək edəcək. Bu layihə təkcə Mərkəzi Asiyada enerji əməkdaşlığını gücləndirməyəcək, həm də Paris sazişinin məqsədlərini və “yaşıl” enerji infrastrukturunun inkişafını dəstəkləyərək istixana qazı emissiyalarının azaldılmasını şərtləndirəcək.

Seçilən
13
5
xalqqazeti.az

10Mənbələr