AZ

İnsanlar nəyə görə bu qədər miqrasiya edirlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
Birləşmiş Millətlər Təşkilatının Ali Qaçqınlar Komissarlığı qlobal miqyasda miqrantların sayının 120 milyon nəfərə çatdığını açıqlamışdı. Söhbət bu ilin iyun ayına olan rəqəmdən gedir.
Dünya ölkələrinin əhali üzrə sıralamasına nəzər salaq. Yaponiyanın əhalisi 124, Filippinin isə 114 milyon nəfərdir. Yaponiya bu sıralamada 11-ci yerdə dayanır. Deməli, miqrantların hamısını bir ölkə əhalisi kimi götürsək, bu ölkə dünyanın 12-ci ölkəsi olacaq.
Miqrantların 73 faizi cəmi 5 ölkəyə mənsubdur. Bu ölkələrin adını demək olar hər gün televiziyalardan eşidirik: Əfqanıstan, Suriya, Venesuela, Ukrayna və Sudan. Suriyada vətəndaş müharibəsi 2011-ci ildən davam edir. Bu ölkənin 13.8 milyon insan öz yaşayış yerini dəyişməyə məcbur olub. Onların da təxminən yarısı - 6.4 milyonu mühacirətə gedib. Ukraynanı isə 6 milyona yaxın insan tərk edib.
Məlum olduğu kimi Venesuela istisna olmaqla digər ölkələr ağır müharibələr görüblər. Bütün bunlar başadüşüləndir. Müharibə miqrasiya üçün başlıca səbəb olsa da, digər səbəblər də mövcuddur.
Miqrasiya xəritəsində ən diqqətçəkən ölkə ABŞ-dir. Belə ki, ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına görə pandemiyadan əvvəl ölkəyə girən hər 10 qanunsuz miqrantın 9-u Cənubi Amerika ölkələrinin payına düşürdü. İndi isə bu rəqəm yarı-yarıya qədər azalıb, yəni hər 10 nəfərin 5-i digər qitələrin payına düşür. Ancaq azalan faiz nisbətidir, miqrantların sayı isə durmadan artır. Misal üçün, 2019-cu ildə ABŞ-yə gələn kolumbiyalıların sayı cəmi 400 idisə hazırda bu rəqəm 154 mindən artıqdır. 2019-cu ildə Afrikada yerləşən Mavritaniyadan olan 20 miqrant sərhəddə saxlanmışdısa, hazırda 15 260 miqrant qeydə alınıb. Türkiyənin rəqəmləri də kifayət qədər ciddidir, 15 min 430. Bütün bu rəqəmlər 2023-cü ilə aiddir.
Avropa ölkələrində də vəziyyət fərqli deyil. Almaniyada 1.2 milyon ukraynalı miqrant var. Polşada isə bu rəqəm 950 mindir.
Azərbaycanlı miqrantlarla bağlı bir faktı qeyd edək, 2014-2022-ci ildə 1682 nəfər Almaniyadan ölkəmizə readmissiya olunub, yəni geri qaytarılıb.
Bütün bu rəqəmləri, statistikaları, ölkə adlarını və məlumatları alt-alta yazarkən insanı ən çox bir sual düşündürür. İnsanlar nəyə görə bu qədər miqrasiya edirlər? Əlbəttə, söhbət müharibədən gedirsə, bütün bunlar başadüşüləndir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi müharibə heç də əsas səbəb deyil.
Ölkəmizdə də bir çox insan miqrasiya arzusundadır. Eləcə də çoxlu miqrantlar var. Bizdə müharibə cəmi 44 gün davam etdi. Özü də bu müharibə yaşayış məntəqələrimizdən uzaqda aparılırdı. Bəs niyə bu qədər insan xaricə can atır?
Əlbəttə ki, bu çox mürəkkəb bir problemdir. Mənə elə gəlir ki, psixoloji səbəblər də əhəmiyyətlidir. Belə ki, insanlar problemləri özlərindən kənarda axtarmağa meyillidirlər. Ona görə də uzaq diyarları özləri üçün xilas hesab edirlər.
Digər bir səbəb də heç şübhəsiz ki, "qonşudan qalma dala" prinsipidir. İnsanlar miqrasiya etmək istəyən adamları görür, onlara həsəd aparır və özləri də miqrasiya etməyə can atırlar. Sosial şəbəkələrdə müxtəlif ölkələrə miqrasiya edən, ya da etmək istəyənlərin çoxlu qrupları var. Bu qruplara nəzər saldıqda üzvlərin bir çoxunun miqrasiya etdikləri ölkələrlə bağlı ən adi məlumatlarının olmadığı nəzərə çarpır. Ancaq gedənlər öz uğursuzluqlarını örtmək üçün elə bir təəssürat yaradırlar ki... Bu da getmək istəyən insanlarda yersiz bir özünəinam formalaşdırır.
Əlbəttə ki, Azərbaycan dünyanın ən ideal ölkəsi deyil. Ancaq Azərbaycanı Sudan, Əfqanıstan, Suriya ilə bir yerə qoymaq da insafsızlıq və hətta nadanlıqdır. Bununla belə insanlar xarici ölkələrə, miqrant olmağa can atırlar. Hərçənd miqrasiya çox ağır, üzücü və məşəqqətli bir prosesdir. Bir sözlə, heç nə asan, heç nə sadə deyil.
120 milyon miqrant isə tarixin heç bir dövründə olmayıb. Bu rəqəmin özü belə yaşadığımız dövrün nə qədər ziddiyyətli, mərhəmətsiz və mürəkkəb olduğunu göstərir.
Seçilən
68
50
oxu.az

10Mənbələr