Mesut Özil bir neçə gün öncə "Qarabağ"ın futbolçuları ilə görüşmək üçün Azərbaycana gəlmişdi. Ölkəmizə səfəri zamanı Şəkiyə də yollanan türk əsilli almaniyalı burda "Şəki Siti"nin oyununu da canlı izləyib.
Azreform.info xəbər verir ki, II Liqa təmsilçisinin prezidenti Elgün Hüseynov Offsideplus.az-a açıqlamasında ulduz futbolçunu matça gəlməyə necə razı salmalarından danışdı:
"Mən əvvəldən Mesut Özilin Şəkiyə gələcəyini eşitmişdim. Burda dini mədrəsəni ziyarət edəcəyini bilirdim. Mədrəsənin rəhbərindən xahiş elədim. Çox çalışdıq. Özilin "Qarabağ"la görüşəcəyi məlum idi. Amma, Şəkidə futbola gələcəyi məlum deyildi. Bir az çətin başa gəldi. Biz də çox israr etdik. Bir gün əvvəl gedib Mesutla axşam yeməyində görüşdüm, danışdıq. Oyuna gəlməyə razılaşdı".
Klub rəhbəri görüşə azarkeş marağını da qeyd etdi:
"Stadionda 1500-ə yaxın azarkeş var idi. Ümumilikdə 601 bilet satılıb. Bunlardan 471-i stadionda, 130-u isə sosial şəbəkələrdə satılıb. Bilet satışından 1202 manat gəlir əldə etdik. Daha çox gözləyirdim. Sadəcə vaxtımız az oldu. Axşam bildim ki, Mesut Özil matça gələcək. Reklama, afişaya vaxt olmadı. Hətta insanlar onun gələcəyinə inanmırdı. Azərbaycan futboluna azarkeşlərin marağını artırmaq üçün belə tədbirlər daha çox lazımdır".