Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, ifadəsində ehtiyatda olan zabit olduğunu, lakin Müdafiə Nazirliyində mülki işçi kimi çalışdığını vurğulayıb: “Bir gün sabiq Baş qərargah rəisi məni yanına çağırdı və şirkət lazım olduğunu bildirdi. Mən özüm ona şirkət təklif etdim. Şirkəti öz təşəbbüsümlə təklif etmişəm. O, məni Mahir Rəfiyevin yanına göndərdi. Mən ora getdikdə artıq Mahir Rəfiyev hüquqşunası ilə məni gözləyirdi. Şirkətin sənədlərini ona təqdim etdim. Sənədlərə baxış keçirildikdən sonra uyğun bilmədilər. Adıma həmin gün şirkət açıldı. Növbəti gün sənədləri təqdim etdim. Ondan sonra şirkətlə əlaqəm kəsildi”.
Təqsirləndirilən şəxs deyib ki, mərhum nazir Fazil Məmmədov işdən azad olunandan sonra 42 milyon borcu olduğunu öyrənib: “Mən bankda bir dəfə olmuşam. Üzərimdən oyun oynanılıb. Mənə o qədər pulu kim verə bilərdi? Demirəm ki, pulu Nəcməddin Sadıqov, ya da Fazil Məmmədov götürüb. Lakin onlar bunun yolunu bilirdilər”.
O, daha sonra “Çox danışmaq istəmirəm”, deyərək ifadəsini yekunlaşdırıb.
Dövlət ittihamçısının “Sənədlərdə imzanız var. Bu necə olur?” sualına cavab olaraq Zahid Niftəliyev bildirib ki, bankda olarkən sənədlərə imza çəkib: “Mən bir dəfə bankda oldum. Onda da sənədləri imzaladım. Başqa sənəd imzalamamışam, şirkətlə əlaqəm olmayıb”.
Məhkəmənin qalan hissəsi qapalı keçirilib.
Proses noyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.