Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daha bir şirkət təsis edib.
Banker.az xəbər verir ki, “Socar Capital Sığorta Brokeri” MMC Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 100 min manat olmaqla Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 64 ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin rəhbəri Elxan Həsənov Nizami oğludur. O, hazırda digər törəmə şirkət “SOCAR Capital”ın baş əməliyyat inzibatçısıdır.
Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.
Onun bu fəaliyyəti lisenziya ilə mümkündür və bu bazarda tənzimləyəci Azərbaycan Mərkəzi Bankıdır. Mərkəzi Bank isə sonuncu dəfə 2021-ci ildə sığorta brokerinə lisenziya təqdim edib.