“Ermənistan konstitusiyasında dəyişikliklər olmadan sülh müqaviləsi imzalanarsa, davamlı olmayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra yeni hakimiyyətin bu müqaviləyə nə qədər sadiq olacağından danışan politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, istər gələcək, istərsə də indiki hakimiyyət daxilində dəyişikliklər olacağı təqdirdə, Ermənistanın müqavilədən imtina etməsi perspektivləri var.
“Buna səbəb isə Ermənistanın mövcud konstitusiyasıdır. Həmin konstitusiya İstiqlaliyyət bəyannaməsinə istinad edir. Burada isə Azərbaycana qarşı ərazi iddiaları olan müddəalar yer alıb. Yəni konstitusiya həmin müddəaların tələblərini icra etməlidir. Düzdür, Qarabağı işğaldan azad etmişik. Bundan sonra praktiki olaraq, Ermənistanın Qarabağla bağlı addım atması qeyri-mümkündür. Lakin yeni reallıqların formalaşması, yaxud Ermənistanda hakimiyyətin dəyişilməsi ehtimalı nəzərə alınmaldır, – deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, Ermənistan konstitusiyasında sözügedən dəyişikliklər olmadan sülh müqaviləsi imzalanarsa, davamlı olmayacaq.
“Yəni yeni hakimiyyət müqavilədən imtina edə, konstitusiyanın tələbini əsas götürərək, ərazi iddialarını davam etdirə bilərlər. Yaxud elə Paşinyan hökuməti də iqtidarda qalarsa və regionda şərtlər özlərinin xeyrinə dəyişərsə, yenə də bunun baş verməsi mümkündür. Azərbaycan isə bu ehtimalları nəzərə alaraq məhz erməni xalqı ilə sülh müqaviləsinin bağlanmasını istəyir. Yəni xalq referenduma getməli və konstitusiyanın dəyişdirilməsinə razı olmalıdır,” – deyə o bildirib.
Nəsimi Ələsgərli