AZ

Bakıda ər arvadının intim videolarını aşkar etdi: "Sənin yox, onun arvadıyam..."

Bakının Xəzər rayonunda 1987-ci il təvəllüdlü Elşad qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Xəyaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Elşad rəsmi nikahda olan arvadı Xəyalənin ona xəyanət etdiyini öyrənub.

Bundan sonra Xəyalə əri ilə ailədaxili münaqişələr səbəbindən şiddət görən qadınlar üçün nəzərdə tutulmuş sığınacağa yerləşib.

Elşad 2022-ci il mayın 13-də arvadının sığınacağa yerləşməsindən xəbər tutub. Saat 19 radələrində sığınacağın qarşısına gəlib. Giriş qapısının bağlı, içəri girməyin qadağan olmasına baxmayaraq, hasardan tullanıb və binaya daxil olub. Arvadının mətbəx otağında uşaq əşyasını yuduğunu görüb və həmin otağa keçib.

Orada mətbəx bıçağını götürüb, arvadını otaqdan çıxarıb və binanın kənarına aparıb. O, arvadına 16 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Elşadın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 158.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma) maddələri ilə ittiham elan edilib.

“Arvadımı mühafizəçi ilə öpüşən vəziyyətdə gördüm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 2010-cu ildə Xəyalə ilə tanış olub, bir-birini sevib, rəsmi evləniblər: “Bizim 3 uşağımız dünyaya gəldi. Evləndikdən sonra Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşamağa başladıq. Valideynlərim də bizimlə birlikdə qalırdılar. Anam 2017-ci ildə öz əcəli ilə dünyasını dəyişdi, atam isə hazırda həmin evdə yaşayır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Xəyalə ilə evli olduqları dövrdə aralarında ailədaxili münaqişələr olub:

“Xəyalə sərbəst yaşamaq istədiyini deyirdi və bir neçə dəfə Bərdə rayonuna, atasının evinə də getdi. Hirsim soyuduqdan sonra gedib onu yenidən evə gətirirmişəm.

Təxminən 5 ay əvvəl Xəyalə qadın problemi ilə əlaqədar, həmçinin kor bağırsağından xəstəxanada əməliyyat olundu. Əməliyyatdan əvvəl Xəyalə artıq bir həftə idi ki, xəstəxanada qalırdı. Zəif olduğundan həkim ilk olaraq müalicə almağı, sonra əməliyyat olunmağını tövsiyə etdi.

Əməliyyatdan əvvəl xəstəxanada olarkən, ərzaq alıb Xəyalənin yanına getdim. Palataya daxil olanda xəstəxananın mühafizəçisi Fərhadla onu öpüşən vəziyyətdə gördüm. Fərhad dərhal palatadan qaçdı. Xəyalə isə səhv hərəkət etdiyini dedi, uşaqlara görə onu bağışlamağımı istədi. Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində izahatımız da alındı.

Sonra Xəyalə əməliyyat olundu və evimizə getdik. Uşaqların xətrinə arvadımı bağışladım və ona mobil telefon işlətməyi qadağan etdim. Lakin aramızda mübahisələr olduğundan Xəyalə yenə Bərdəyə atası evində getdi. Təxminən bir həftə sonra Xəyalə əlaqə ilə saxladım, uşaqları görmək istədiyimi dedim.

Xəyalə ona mobil telefon alsam, mənimlə barışacağını bildirdi. Mən də ona mobil telefon alıb, Bərdəyə getdim və Xəyaləni evə gətirdim. Təxminən 3 ay keçdi, sakitçilik oldu”.

“Cinsi əlaqədə olduqlarını dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Xəyalənin telefonunu götürərək yoxlayanda onun başqa nömrədə “Whatsapp” proqramından istifadə etdiyini görüb: “Oraya girəndə Xəyalənin bir oğlanla yazışdığını, həmin oğlana çılpaq şəkildə çox sayda şəkil, videolar atdığını gördüm.

Xəyalə əvvəlcə hər şeyi inkar etdi. Sonra uşaqların xətrinə onu bağışlamağımı istədi. Həmin oğlanın adını dəqiq xatırlamıram. Lakin Xəyalə mənimlə evlənməmişdən əvvəl o oğlanla sevgili olduqlarını, bir-birini istədiklərini, lakin ailəsinin razı olmadığını, həmin oğlan ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olduqlarını dedi.

Mən artıq dözmədim və Xəyaləni öldürmək istədim. Lakin qohumlarım məni sakitləşdirdi və boşanmağın ən yaxşı yol olduğunu dedilər. Mən də razılaşdım”.

“O oğlanla yaşayacağını dedi”

Elşad qeyd edib ki, Xəyalənin ailə üzvləri ilə əlaqə saxlayıb, videonu, şəkilləri onlara da göndərib: “Qohumları onu qəbul etmədiklərini dedilər. Mən Xəyalədən telefonunu alaraq satdım. Bir gün sonra isə o, evdən qaçaraq polis şöbəsinə getdi və məndən şikayət etdi. Guya Xəyaləni döydüyümü, təcavüz etdiyimi söylədi, sığınacaq istədiyini bildirdi. Onu sığınacağa yerləşdirdilər. Sonra uşaqları da oraya apardılar.

Xəyalənin şikayəti əsasında məni Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət edərək izahatımı aldılar. Mən orada Xəyalənin dediklərinin yalan olduğunu bildirdim. Məqsədinin məni tutduraraq sərbəst həyat yaşamaq istəməsi olduğunu dedi.

Hadisədən bir gün əvvəl sığınacağa gedərək Xəyaləyə şikayətini geri götürməsini, boşanaraq hər kəsin öz həyatını yaşayacağını söylədim. Xəyalə məndən boşanacağını, lakin atasının evinə getməyəcəyini, mənimlə heç bir əlaqə saxlamaq istəmədiyini, onsuz da hər şeyin üzə çıxdığını, həmin oğlanla yaşayacağını dedi. Sığınacaqdan çıxdıqdan sonra Xəyalənin valideynləri ilə əlaqə saxladım və Bakıya gəlmələrini xahiş etdim”.

“Razı salmağa çalışdım”

Elşadın sözlərinə görə, Xəyalənin valideynləri Bakıya gəldikdən sonra birlikdə sığınacağa gediblər: “Yenə söhbət zamanı Xəyalə heç kimlə razılaşmadı. Ailəsinə də qulaq asmadı və hamıdan imtina etdiyini bildirdi.

Biz sığınacaqdan çıxıb getdikdən bir neçə saat sonra, saat 19 radələrində təkrar sığınacağa qayıtdım. Yenə Xəyalə ilə danışaraq bəlkə onu razılığa gətirə biləcəyimi düşündüm. Lakin o mənimlə danışmağa çıxmadı. Məcbur qalıb hasardan sığınacağın həyətinə tullandım.

İlk olaraq sığınacağın mətbəxinə baxdım və Xəyaləni orada gördüm. Yanında sığınacağa nəzarət edən qadın vardı. Ona kənara çəkilməyi məsləhət gördüm. Xəyaləni isə mətbəxdən həyətin kənarına çıxartdım. Mətbəxdən çıxarkən oradan bıçağı götürdüm. Yenə Xəyaləni razı salmağa çalışdım. Amma o məni günahkar çıxarmağa başladı.

Mən də dözməyib bıçaqla Xəyalənin bədəninin müxtəlif yerlərinə çox sayda xəsarətlər yetirməyə başladım. Zərbələrdən Xəyalə yerə yıxıldı, ona təpik atdım. Səs-küyə digər qadınlar da yığışdılar. Mən bıçağı kənara atıb hasardan küçəyə tullandım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Sonra da təslim olmaq üçün 3-cü Polis Bölməsinə getdim”.

“Əməlimdən peşmanam”

Elşad qeyd edib ki, Xəyaləni bıçaqla xəsarətlər yetirərkən niyyəti onu öldürmək olub: “Buna səbəb Xəyalənin mənə xəyanət etməsi, haqqımda yalandan şikayət etməsi və bundan çox qəzəblənməyim olub.

Xəyaləyə bıçaqla xəsarət yetirməzdən əvvəl onunla normal danışmağa, yola gətirməyə çalışdım. Lakin mənə qulaq asmadı. Öz həyatını yaşayacağını və məni istəmədiyini bildirdi. Yalnız sənəddə mənim arvadım olduğunu, əslində özünü Valehin arvadı saydığını dedi. Mən də bıçaqla onu qətlə yetirdim.

Cinayət hadisəsi zamanı orada Xəyalə və məndən başqa heç kim yox idi. Xəyaləyə neçə bıçaq zərbəsi vurduğumu dəqiq xatırlamamışam. Ancaq onun bədəninin müxtəlif nahiyələrinə sığınacağın mətbəxindən götürdüyüm bıçaqla çoxlu sayda zərbələr vurdum.

Hadisə vaxtı mən heç bir xəsarət almamışam. Əynimdə olan paltarlar Xəyaləyə xəsarət yetirərkən onun qanına bulaşıb. Psixi xəstəliyim olmayıb. Bununla bağlı heç bir yerdə qeydiyyatda olmamışam. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişəm. Əməlimdən peşmanam”.

Seçilən
43
10
publika.az

10Mənbələr