Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmməd Əbdülhəsənov küçəsinə illər əvvəl içməli su çəkilib, hətta evlərə də verilib. Ancaq yaydan etibarən içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı həmin ünvanda yaşayan sakinlərdən Bizim.Media-ya şikayət daxil olub. Qəsəbə sakini Sabir Əliyevin sözlərinə görə 4 il əvvəl sözügedən əraziyə içməli su çəkilib və sayğaclar quraşdırılıb. Amma su gəlmir:
"Əvvəl heç olmasa qışda su gəlirdi, yayda isə ancaq gecələr içməli su verilirdi. Bu il isə yayın əvvəlindən etibarən içməli su sadəcə 1-2 dəfə gecə 1 saat verilib. Yəni, su yoxdur, camaat ya su maşınına 20-30 manat verib, çənini doldurur, ya da kəndin içindən qablarla su daşıyırlar".
Vətəndaşın sözlərinə görə, şor su üçün quyulardan istifadə edirlər:
“İçmək üçün isə məsciddən, bulaqlardan su daşıyırıq. Məhəlləmizdən su idarəsinə şikayətlər edilib, baxılacağı deyilsə də, hələ də gəlmir. Kəndin başqa ərazilərində isə bizdən fərqli olaraq içməli su var”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-ya bildirilib ki, ərazidə içməli suyun verilməsi üçün bu gün işlərə başlanılacaq:
"Suyun verilməsi ilə bağlı araşdırma aparıldıqdan sonra mövcud problemin həlli istiqamətində işlər görüləcək".
Qeyd edək ki, həmin qəsəbənin Hacı Vasidbəy Xanlarov küçəsində də sakinlər bənzər problemdən əziyyət çəkirlər.
Bu məsələ də qurumun nəzərinə çatdırılıb.
Nəzrin Mirzəyeva, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta