AZ

Zəfər xronikası. 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

Bakı, TurkicWorld

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

Trend müsahibəni təqdim edir:

-Cənab Prezident, sağ olun ki, gərgin iş qrafikinizdə bizim agentliyimizə müsahibə üçün vaxt tapmısınız. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücuma başlamasının dünən düz bir ayı tamam oldu. Siz ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirirsiniz?

-Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir. Bu bir ay ərzində mən dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin.

-Cənab Prezident, Siz artıq qeyd etdiniz ki, Bakı hərbi fazanı maksimum tez bir müddətdə başa çatdırmaqda maraqlıdır. Sizin fikrinizcə, hazırda hərbi faza nə qədər uzun müddət davam edə bilər və Bakı yalnız Dağlıq Qarabağın ətrafındakı yeddi rayonla kifayətlənməyə hazırdırmı?

-Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çoxsaylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayacaqlarını anlamaları üçün bu, kifayətdir. Lakin təəssüf ki, onlar dediyim kimi, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər. Bunu nəzərə alaraq biz, əlbəttə, gələcək fəaliyyətimizi planlaşdıracağıq. İşğal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar - ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini biz hamımız bilirik. Lakin iş belə gətirib. Onlar 200 ildir orada yaşayırlar. Erməni əhalinin bundan sonra da orada yaşaması barədə bizim heç bir planımız yoxdur. Əksinə, mən həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşayır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də mehriban qonşuluq şəraitində. Biz müharibənin vurduğu yaraları sağaltmağa çalışacağıq.

-Yəni, belə çıxır ki, erməni hərbçilər işğal edilmiş bütün ərazilərdən çıxarılmayınca Bakı dayanmayacaq.

-Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib. Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu. Ona görə də atəşkəsə riayət edilməməsi bizim təqsirimiz deyil. Buna görə erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfindən rədd edilib. Lakin Ermənistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər.

-Cənab Prezident, Siz yerində qeyd etdiniz ki, Bakı baza prinsiplərinə əsasən sadiqdir. Bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan Ordusu tərəfindən demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac var.

-Bu, yenə də erməni tərəfin davranışından asılı olacaq. Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Hərçənd, bu bir ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada bizi qane etməyən müəyyən məqamlar var. Birinci mərhələdə beş rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə isə, əlbəttə, indi bu, artıq aktual deyil. Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliliyi müəyyən edilmişdi. Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır.

-Siz artıq XİN rəhbərlərinin sabahkı görüşü mövzusuna toxundunuz, bütövlükdə Bakının gözləntilərini təsvir etdiniz. Lakin dəqiqləşdirmək istərdim, hər halda, Bakı güman edir ki, erməni tərəfi konstruktivlik nümayiş etdirəcək və danışıqlar mücərrəd, uzun-uzadı deyil, daha konkret xarakter daşıyacaq.

-Düşünürəm ki, bəli, hər halda, biz buna ümid edirik. Hərçənd, erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Lakin, eyni zamanda, düşünürəm, döyüş meydanında Ermənistanı məğlub etməyimiz hər halda onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrlərini aldada, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər. Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb. Bu, 1994-cü il atəşkəs anından sonra ilk dəfə idi. Ona görə ki, o vaxtdan bəri danışıqlar prosesi müxtəlif intensivliklə gedir, tərəflər baza prinsiplərinin bəndlərini razılaşdırırdılar. Axı, bu prinsiplər göydən düşməyib. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrləri tərəfindən təklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırmışdılar. Əlbəttə, proses ləng gedirdi, lakin ümumiyyətlə, müəyyən tərəqqi vardı. Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar bizə və bildiyimə görə vasitəçilərə də vədlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar bircə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlmişkən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi həm öz xalqının, həm də dünya ictimaiyyətinin nəzərində tamamilə hörmətdən düşüb. Mən təəccüblənirəm, necə olub ki, belə alçaldıcı məğlubiyyətdən sonra o, indiyə qədər istefa verməyib.

-Cənab Prezident, Siz qeyd etdiniz ki, Ermənistanın baş naziri son vaxtlar çox davakar bəyanatlar verir, bəyanatların ritorikasının özü davakardır. Lakin bütövlükdə, onun sonuncu bir neçə bəyanatını izləsək, əvvəlcə o deyirdi ki, bu münaqişənin diplomatik nizamlanması yolu yoxdur. İki gün bundan əvvəl deyib ki, Ermənistan ağrılı güzəştlərə hazırlaşmalıdır. Lakin dünən ritorika dəyişdi, Sizin dediyiniz kimi, daha davakar oldu. Siz necə hesab edirsiniz, bu, nə ilə bağlıdır?

-Bunu şərh etmək mənim üçün çətindir. Yəqin ki, Ermənistanın baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxlayacağam. Yəqin ki, bu cür hərbi məğlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, bu cür qeyri-ardıcıllığı necə izah etmək olar. Axı, bu qeyri-ardıcıl bəyanatlar və hərəkətlər, ilk növbədə, ölkənin rəhbəri kimi onun özü üçün tamamilə irrasional və zərərli, həm də onun ölkəsi üçün təhlükəli və zərərlidir. Çoxları sual verir, bu hərbi toqquşmalar nə üçün məhz indi baş verdi? Nə üçün əvvəl olmadı? Hətta Azərbaycana qərəzli münasibət bəsləyənlər və Ermənistanı açıq dəstəkləyənlər də özlərinə bu sualı verməyə məcburdurlar. Axı, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axı, Azərbaycanda heç nə dəyişməyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistanın əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilərə aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistanın baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranmasındadır. Ermənistanın əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhqiramiz çıxışları özünə rəva görmürdü. Onların heç biri cinayətkar Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özünə rəva görmürdü. Onların heç biri Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanmır, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmırdı və sair və ilaxır. Yəni, bütün bunlar baş nazir Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir. Onun ölkə daxilindəki bəyanatlarını şərh etməyəcəyəm. Lakin onun nizamlama ilə bağlı məsələlərdə etdikləri Ermənistan üçün çox təhlükəlidir. Bu gün Ermənistan bunu aydın görür. Buna görə düşünürəm ki, Minsk qrupunun həmsədrləri sabah Ermənistanın xarici işlər nazirinin qarşısında məsələni dəqiq qoymalıdırlar. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verməli olur. Həqiqətən o, acınacaqlı vəziyyətdədir. O, necəsə vəziyyətdən çıxmalı, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardıcıl hərəkətləri izah etməli olacaq. Paşinyan gah ağrılı güzəştlərdən danışır, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromisə getməyə hazırdır, daha sonra deyir ki, Qarabağı axıra qədər müdafiə edəcək, gah deyir ki, Qarabağ Ermənistandır, sonra deyirdi ki, biz danışıqları Dağlıq Qarabağla aparmalıyıq. Yəni, bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələlərin çoxu aydınlaşacaq.

-Siz artıq Minsk qrupunun fəaliyyətinə toxundunuz. Mən belə bir aspekti dəqiqləşdirmək istərdim. Siz Azərbaycan xalqına sonuncu müraciətinizdə vasitəçiləri onların faktiki fəaliyyətsizliyinə görə kifayət qədər sərt tənqid etdiniz. Bu, o deməkdirmi ki, Bakı Minsk qrupunun formatının dəyişdirilməsində israr edəcək? Bunu nə üçün soruşuram? Ötən həftə Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyünü istisna etməyib.

-Bu bir ay ərzində mən Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışmışam və Azərbaycan xalqına müraciətimdə dediklərim əsl həqiqətdir. Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu.

-Yeri gəlmişkən, bəzi ekspertlər bununla əlaqədar 2+2 formulunu təklif edirlər. Bu formul, belə deyək, rəsmi Bakı üçün nə dərəcədə məqbuldur?

-İki tərəf Ermənistan və Azərbaycandır. Bəs o biri iki tərəf kimlərdir?

-Türkiyə və Rusiya.

-Bu, bizim üçün məqbul olardı. Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi.

-Cənab Prezident, Siz dəfələrlə demisiniz ki, münaqişənin nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistana qarşı hansısa formada sanksiyalar tətbiq etməlidirlər. Sizin fikrinizcə, bu sanksiyalar nədən ibarət ola bilər?

-Bəli, siz haqlısınız. Mən bu barədə danışmışam. Özü də təkcə indi yox. Mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağırışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq.

-Münaqişə donduruldu?

-Əlbəttə, donduruldu. Hərçənd hamı başa düşürdü ki, bu, əbədi davam edə bilməz. Hamı bunu hələ 10 il əvvəl başa düşürdü. Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar, onu artikulyasiya etmədilər və yeni tezis fikirləşib tapdılar ki, status-kvo davamlı deyil. Axı, bunlar tamamilə fərqli məsələlərdir. Axı, biz bunu gözəl başa düşürük. Deməli, həmsədr ölkələr Ermənistana hətta hər hansı siyasi təzyiq göstərmək cəhdindən də geri çəkildilər. Status-kvonun davamlı olmadığını hamı bilirdi. Son hadisələr də bunu göstərdi. Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün, - hələ gec deyil, - sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.

-Siz necə hesab edirsiniz, bir ay davam edən hərbi faza müddətində həmsədr ölkələr bitərəfliyi tam qoruyub saxlaya biliblərmi?

-Bilirsinizmi, mən bu barədə öz mülahizələrimi bildirmişəm və demişəm ki, əlbəttə, hər bir ölkənin, o cümlədən Azərbaycanın da öz xarici siyasət prioritetləri ola bilər. Biz bəzi ölkələrlə daha sıx münasibətdəyik, bəziləri ilə münasibətlərimiz o qədər də sıx deyil, bəzi ölkələrlə münasibətlərimiz tarixi amillərə, başqaları ilə münasibətlərimiz daha praqmatik amillərə əsaslanır. Buna görə də həmsədr ölkələrdə çox strukturlaşdırılmış və fəal erməni icmalarının mövcud olmasına biz həmişə anlaşıqlı münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz hətta bu vəziyyəti təhlil edəndə onların qərarların qəbuluna daha çox harada təsir etmək imkanını müəyyənləşdirməkdə çətinlik çəkirik. Buna görə biz həmin amili həmişə nəzərə almışıq və indi də nəzərə alırıq. Birinci mərhələdə, hərbi toqquşmaların ilk günlərində bəzi sapmalar bizdə bitərəfliyə şübhə oyadırdı, indi isə düşünürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə mənim əlaqələrim, habelə əminəm, - Azərbaycanın aldığı beynəlxalq dəstək, - indi gördüyümüz bitərəfliyə gətirib çıxarıb. Bir daha deyirəm, kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil. Lakin beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət edilməsi baxımından, əlbəttə, vasitəçilər buna əməl etməlidirlər. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər.

-Nizamlamaya qərəzsiz yanaşmalıdırlar.

-Tamamilə doğrudur. Ona görə ki, vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir.

-Siz nisbətən yaxın vaxtlarda bəyan etmisiniz ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Bu, prinsip etibarilə təzə reallıqdır. Bu, o deməkdirmi ki, məsələn, Azərbaycan öz mövqeyini dəyişib və ya ilkin mövqeyini bir qədər sərtləşdirib.

-Bilirsinizmi, artıq 17 ildir ki, mən bu barədə danışıram, vasitəçilər də bunu bilirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri mənim mövqeyimi bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini, həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamıram. Lakin onlar hamısı təsdiq edə bilər, mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr var. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sirr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın.

-Cənab Prezident, son vaxtlar Ermənistanın rəhbərləri tez-tez, bilmirəm bunu necə adlandıraq, şantaja başlayır, bəyan edirlər ki, əgər hərbi faza davam etsə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu halda onlar özləri onu hələ indiyə qədər tanımayıblar. Hələlik yalnız bəyan edirlər. Lakin bununla belə, onlar ümidlərini itirmirlər ki, hansısa ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar müxtəlif ifadələrlə, xilas olmaq və sair xatirinə Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqlar. Siz necə hesab edirsiniz, Yerevan tərəfindən belə tanıma nə dərəcədə gözlənilir və bu, münaqişənin nizamlanmasında hansı nəticələrə gətirib çıxara bilər?

-Sizin bu sualınız Ermənistanın indiki hakimiyyət orqanlarının qeyri-ardıcıl və qeyri-səmimi olmasına bir daha dəlalət edir. Ona görə ki, onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər. Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Onların siyasətinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, - təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, - onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bütün tarixboyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliklə, məkrliliklə, necə deyərlər, ilanı başqasının əli ilə tutmaq cəhdləri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gəlmişkən, bu barədə nisbətən yaxın vaxtlarda demişəm, qoy, bu gün tanısınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib. Axı, Qoşulmama Hərəkatı - 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İslam Əməkdaşlıq Təşkilatını da əlavə etsək, - düzdür, orada Qoşulmama Hərəkatının üzvləri olanlar da var, olmayanlar da, - budur dünya birliyi. Ermənistanın ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şıltaqlığına görə Azərbaycan ilə münasibətləri korlamaq, özü də, sadəcə, korlamaq deyil, deyərdim ki, bu, hər hansı ölkə ilə diplomatik münasibətləri dərhal pozmağa gətirib çıxarar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımırlar. Özü də elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən təcavüzkardırlar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyaqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar.

-Siz çox yaxşı dediniz. Rusiya münaqişə zonasına hərbi müşahidəçilər göndərilməsini təklif etmişdi. Baş nazir Paşinyan, prinsip etibarilə sülhməramlıların münaqişə zonasına daxil olmalarına razılaşdı və bunların rusiyalı sülhməramlılar olmasını istisna etmədi. Yəni, bir növ kazus alınır: hərbi müşahidəçilər, yoxsa sülhməramlılar? Ümumiyyətlə, bu məsələ barədə rəsmi Bakının mövqeyi necədir?

-Bu bənd baza prinsiplərində əks olunub. Lakin biz onu heç vaxt ciddi müzakirə etməmişik. Ona görə ki, sadəcə, biz həmin bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Lakin baza prinsiplərində həmin qüvvələrin hansı müddətə göndəriləcəyi, onların hansı ölkələrdən olacağı barədə göstərişlər yox idi. Yəni, sadəcə, ona görə ki, biz o bəndə çatmamışdıq. Biz əvvəlcə sazişin əsas bəndlərini razılaşdırmalı idik. Ermənistanın baş nazirinin münaqişə zonasında sülhməramlılar olmasını istədiyini bəyan etməsinə gəldikdə isə, əvvələn, bu, onun işi deyil. Ona görə ki, biz münaqişə zonası deyəndə başa düşmək lazımdır ki, bu, Azərbaycanın ərazisidir. Əgər biz Azərbaycanla Ermənistanın sərhədində sülhməramlılardan danışırıqsa, bu, başqa məsələdir. Bəli, amma indi, mən belə başa düşürəm ki, Azərbaycan ərazisi haqqında danışırlar. Buna görə də, təbii ki, həlledici sözü biz deməliyik, çünki bu mövzu geniş müzakirə edilməyib. Məncə, bu barədə danışmaq hələ tezdir. Lakin öz tərəfimdən qeyd etmək istərdim ki, bu barədə danışanda, əvvələn, başa düşmək lazımdır ki, ehtimal edilən müşahidəçilərin mandatı necə olacaq, onlar harada dislokasiya ediləcək. Başa düşmək lazımdır ki, təmas xətti yoxdur, buna görə də dislokasiya yerləri harada olacaq.

Ermənistan beynəlxalq hüququ pozur, atəşkəsi pozmaqda davam edir, bizim şəhərlərimizi atəşə tutur. Bu yaxınlarda “Euronews” kanalında bir reportaj verilirdi. Orada raketin necə uçması aydın görünürdü. Özü də raket hərbi mövqelərə deyil, bizim şəhərlərə uçur. Buna görə də sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir.

-Bütövlükdə, indiki vaxtda Azərbaycan, Ermənistan və Rusiya hərbçiləri atəşkəsin monitorinqinin hər hansı mexanizmini müzakirə edirlərmi?

-Xeyr. İndi belə müzakirələr aparılmır.

-Siz Ermənistanın baş naziri ilə Qarabağ barəsində danışıqlar aparılması üçün Moskvaya gəlməyə hazırsınızmı və hansı şərtlərlə?

-Mən belə dəvət almamışam. Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistanın, Azərbaycanın və Rusiyanın rəhbərlərinin - prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra bu cür görüşlər olmayıb. Ermənistanın əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qaçırmamışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədri kimi nizamlamada xüsusi rol oynayır. Çünki Rusiya həm də tarixən istər Ermənistanla, istərsə də Azərbaycanla həmişə sıx əlaqə saxlayır və bu gün siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycanla və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşumuzdur. Buna görə, əlbəttə, belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmişə müsbət mövqedən baxmışıq və baxacağıq.

-Yəni, belə dəvət olarsa, Siz gəlməyə hazırsınızmı?

-Bəli. Özü də, siz dediyiniz kimi, heç bir şərtsiz. Buna sübut odur ki, sabah bizim Xarici İşlər nazirləri Cenevrədə, yenə hər hansı şərtlər olmadan görüşəcəklər. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayan vaxt bizim Xarici İşlər naziri, - onun Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə səfəri planlaşdırılmışdı, - o, oraya getdi. Ermənistanın xarici işlər naziri isə bir həftə əvvəl, oktyabrın əvvəlində oraya getməli idi, imtina etdi. Humanitar atəşkəs məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin görüşü barədə Moskvadan təklif alınanda da bizim Xarici İşlər naziri Cenevrədən oraya uçdu. Yəni, biz heç bir şərt qoymuruq. Amma mən yenə çox şübhə edirəm ki, Ermənistanın indiki hakimiyyəti nizamlanma üzrə konstruktiv işə qabil olsun.

-Erməni tərəfin bəyanatlarına qayıtsaq, baş nazir Paşinyan daim deyir ki, Türkiyənin xüsusi təyinatlıları, türkiyəli hərbçilər Azərbaycana, belə deyək, sadəcə, kömək etmirlər, onlar hərbi fazaya fəal cəlb ediliblər. İndi belə fikirlər də əlavə olunub ki, münaqişənin hərbi fazasının həllində pakistanlı xüsusi təyinatlılar Azərbaycana fəal kömək edirlər. Siz bu bəyanatları necə şərh edərdiniz və ümumiyyətlə Sizin fikrinizcə, hazırda nizamlamada Türkiyənin rolu nədən ibarətdir və perspektivdə bir rol nədən ibarət ola bilər?

-Bu, Paşinyanın növbəti yalanıdır. Onu da deməliyəm ki, Ermənistanın əvvəlki prezidentləri ilə mənim ünsiyyətim zamanı buna oxşar heç bir hal olmayıb. Bəli, biz düşmənlərik, biz bir-birimizə qarşı müsbət əhvalda ola bilmərik, lakin danışıqlar masası arxasında heç vaxt belə ağ yalan olmayıb. Sadəcə, belə insunasiyalar da olmayıb. Bunlar hamısı yalandır. Burada Türkiyənin heç bir xüsusi təyinatlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur. İndi onun ağzı o qədər qızışıb ki, guya hansısa pakistanlı xüsusi təyinatlılar var. Yeri gəlmişkən, buna görə məncə etiraz notası da alıb. Bu, cəfəngiyatdır, belə şey yoxdur. Bu, əvvələn, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətini ört-basdır etmək cəhdləridir. Guya döyüş meydanında vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyat danışır. Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan gətirdiyi terrorçular Rusiya ərazisinə soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu ki, tamamilə cəfəngiyatdır. Rusiyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yəqin ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistana məxsus Su-25 təyyarəsini vurub. Hamı bilir ki, bu, yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyirlər. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistan atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlənilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilməsini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkinci dəfə də yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur. Axı, o, yalan deyir. Bu dəhşətli dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə, xarici diplomatlar birbaşa dağıntılar yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistan deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərbə endirmişik? Yalançılığın, ən başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi? Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun pakistanlı, türkiyəli xüsusi təyinatlılar barəsində dedikləri növbəti sərsəmlikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları gətirmişik. Ondan nə desəniz gözləmək olar.

-Hər halda, münaqişənin nizamlanmasında Türkiyənin sonrakı rolunu dəqiqləşdirmək istərdim.

-Bəli, nizamlamada Türkiyənin rolunu görürük, səmərəli roldur. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə bu da, hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq.

-Cənab Prezident, hər halda belə bir risk varmı ki, Azərbaycan ilə Ermənistan arasında münaqişə genişlənərək daha böyük regional münaqişəyə çevriləcək, ona iri dövlətlər də qoşulacaq?

-Səmimi desək, bunu tam istisna edə bilmərəm. Lakin öz tərəfimdən deməliyəm ki, biz buna gətirib çıxara biləcək hər hansı hərəkətlər etməyəcəyik. Bu münaqişəni beynəlmiləlləşdirə biləcək heç bir təxribat olmayacaq. Bu, bizə lazım deyil. Son bir ayda dəfələrlə demişəm ki, biz bunun əleyhinəyik. Bütün ölkələri təmkin nümayiş etdirməyə, müdaxilə etməməyə çağırmışam. Mən şadam ki, belə də olur. Hərçənd Ermənistanın münaqişəni beynəlmiləlləşdirmək üçün daimi cəhdləri, Ermənistan rəhbərliyinin Rusiyadan az qala Ermənistan tərəfində döyüşmək üçün Rusiya qoşunlarını göndərmək barədə daimi xahişləri məhz mənim dediyim ilanı özgə əli ilə tutmaq məsələsidir. Buna görə əminəm ki, region ölkələri, həm Rusiya, həm Türkiyə, həm İran, həm də Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər.

-Bu yaxınlarda Prezident Putin bəyan etdi ki, indiki eskalasiyanın gedişində hər iki tərəfdən ölənlərin ümumi sayı təqribən beş min nəfərdir. Siz də olan rəqəmlər də belədir, yoxsa onlar bir qədər fərqlənir?

-Mən demişdim ki, biz həlak olan hərbi qulluqçuların sayını münaqişə, müharibə başa çatandan sonra açıqlayacağıq. Müharibə başa çatdıqdan sonra. Dinc sakinlərə gəlincə, biz məlumatları dərc edirik. Mən sizə dedim: 69 nəfər həlak olan və 300-dən çox yaralı var. İtkilərə gəlincə, mən bizim fərziyyələrə görə Ermənistanın hansı itkiləri ola biləcəyini deyə bilərəm.

-Maraqlı olardı.

-Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərəsində 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydındır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd S-300 qurğusu, 40-a yaxın “Osa”, “TOR”, “KRUQ”, “KUB” zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yük maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablasaq, hələ nə qədər səngərlərdə məhv edilib. Axı, biz bu səngərləri, təmas xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni, bizim məlumata görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralananlar isə müharibədə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə gəlincə, mən yenə dedim ki, biz onları sonra açıqlayacağıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, hesab edirəm ki, hər bir insan həyatı dəyərlidir, lakin bütün bunlarla bərabər, bizim itkilərimiz minimaldır.

-Bu mövzunu davam etdirmək istərdim. Bəzi hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan, belə deyək, hərbi əməliyyatların aktiv fazasında pilotsuz uçuş aparatlarından fəal istifadə edilməsi hesabına həlak olanların sayını minimuma endirməyə müvəffəq olub. Hətta bəziləri, elə ABŞ-dan olan hərbi ekspertlər hesab edirlər ki, bu, XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modelidir. Əks-hücum aparılarkən dronların xeyrinə seçim edilməsi nə ilə bağlı idi?

-Bilirsiniz, Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bir neçə çarpaz hava hücumundan müdafiə sistemləri var. Onlar Ermənistan ərazisindən göndərilən raketlərin çox hissəsini vurur. Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş “T-72” tankları, ən müasir “T-90” tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sirr deyil. “Polonez”, “Lora”, “Ekstra”, “Qasırğa” raketləri və sairə. Yəni, biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin müharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-cı illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun “siçovul yuvası” var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir. Mən bilirəm ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq. Bu yaxınlarda Müdafiə Nazirliyində hərbçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz uğurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda indi bizə lazım olan, amma, sadəcə, anbarlarda qalmış texnikanı almamaq təcrübəsini əsas götürməliyik.

-İstifadə edilməmiş qalıb?

-Bəli.

-Cənab Prezident, Siz qeyd etdiniz ki, eskalasiyanın indiki fazasında erməni tərəfinin dinc şəhərləri atəşə tutması halları tez-tez baş verib. Gəncənin iki dəfə şiddətli atəşə tutulması, Bərdənin dünən atəşə tutulması, həlak olanların ümumi sayı 70 nəfərə yaxındır, - bu, döyüş əməliyyatları zonasından kənarda yaşayan şəxslər üçün lap çoxdur, - və 300-dən çox yaralı. Lakin, eyni zamanda, Bakıdan daim bəyanatlar səslənir ki, beynəlxalq birlik bu atəşlərə görə Ermənistanı lazımınca qınamır. Yəni, beynəlxalq birlik həm Bakıya, həm də Yerevana dinc vətəndaşların atəşə tutulmasını dayandırmaq kimi çağırışlar etməklə kifayətlənir. Lakin Bakının Ermənistanın əməllərini ittiham etməsi beynəlxalq birlik tərəfindən lazımınca qarşılanmır?

-Bəli, bu, belədir. Lakin bu, bizim üçün yenilik deyil. Bütün bu işğal illəri ərzində Ermənistanın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi, xeyr. Məgər kimsə Ermənistanı işğala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistanın pislənəcəyinə o qədər də ümid etmirdik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik.

-Bundan başqa, erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu – Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün müəyyən risklər yarada bilərmi?

-Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret olaraq, Səngəçal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neft və qaz əsasən avropalı istehlakçılara lazımdır. Sirr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq.

-Avropanın cənubu.

-Neftin göndərilməsi məsələsinə gəldikdə bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Yəni, əgər bu neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Lakin bu da onları dayandırmır. Axı, onlar Bakı-Novorossiysk neft kəmərini bombalamağa cəhd göstərmişdilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyanı bağlayır. Həmin Rusiyanı ki, Ermənistan ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstər tarixi baxımdan, istər beynəlxalq arenada dəstək mənasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmaqdır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmiş enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı mahiyyətini göstərir. Başqa məsələdir ki, biz həmin raketlərin çoxunu havada məhv etmişik. Bir hissəsi tutulub, bir hissəsi partlamayıb. Bu da onların hərbi potensialından xəbər verir. Amma, əlbəttə, belə bir təhdid var və biz ona adekvat reaksiya verməliyik. Mən həmişə demişəm, bu gün də deyirəm, Bərdə şəhərinin vəhşicəsinə bombardman edilməsinə, orada 7 yaşlı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaraq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayrağımızı yeni şəhərlərə sancmaqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombalamayacağıq. Sizə lap yaxın vaxtlara aid bir nümunə göstərim. Artıq çoxdandır ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə söhbət gedir. Prinsip etibarilə bu mövzu Moskvada səslənib. Bu ayın 10-da humanitar mülahizələrə əsasən biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəfələrlə müraciət etmişik ki, gəlin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüatı ilə deyim, mən həlak olmuş erməni hərbçilərinin cəsədləri barədə tapşırıq vermişəm ki, onları maksimum dərəcədə refrijiratorlarda (soyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalanda nə hala düşür.

-Cəsədlərin parçalanmaması üçün.

-Bəli, tamamilə doğrudur. Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gətirirdilər ki, gəlin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünüzmü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtərəfli qaydada Ermənistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahıl insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanlarının cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz hər halda cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq. Başa düşürsünüz? Bunu hamı başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyırıq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtanlarına aldanmamalıdır. Bəli, aydındır ki, onlar Rusiya Federasiyasında inteqrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər. Anlamalıdırlar ki, biz haqlıyıq. Biz öz torpağımızda vuruşuruq. Onlar bizim torpaqda ölürlər.

-Cənab Prezident, Siz dəfələrlə vurğulamısınız ki, hərbi faza gec-tez başa çatacaq. Bununla əlaqədar Sizə iki sualım var. Birincisi, Siz bütün rayonların işğaldan azad edilməsindən, yəni, həm Dağlıq Qarabağın, həm də yeddi rayonun qaytarılmasından sonra Azərbaycanın iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu, Azərbaycanın iqtisadi artım sürətinə necə təsir göstərə bilər?

-Bunu demək çətindir. Bilirsinizmi, bu barədə müxtəlif ehtimallar var. Əlbəttə, böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensialdır. Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Həm təbii faydalı qazıntılarla, həm qızılla, sink və qurğuşunla zəngindir. Yeri gəlmişkən, Ermənistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılın qanunsuz hasilatını həyata keçirir. Lakin biz, əlbəttə, onların hamısını müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyik. Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək.

-Bərpa işləri.

-Bəli, əlbəttə. Çünki, hətta bizim göstərdiyimiz kadrlardan da görünür ki, orada bircə ev də qalmayıb. Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur. Buna görə qarşıda bizi çox böyük xərclər gözləyir. İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yəqin ki, birinci mərhələdə ümumi daxili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək.

-İnşaat sektoruna.

-Bəli, sözsüz. Bir də, əlbəttə, məşğulluq məsələsinə. Tikinti materialları istehsalı ilə bağlı olan hər şeyə. Lakin bu, milyardlarla məsrəf demək olacaq. Biz dəymiş ziyanı hesablayacağıq. Mən artıq komanda vermişəm, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılmasına dair təlimatlar vermişəm. Cəmi bir neçə gün bundan əvvəl bu cür tapşırıq verilib. Biz hər şeyi inventarlaşdıracağıq, orada qalanların uçotunu aparacağıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə 5-10 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək. Lakin, başa düşürsünüzmü, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur.

-Nəhayət, sonuncu sual. Siz Qarabağ münaqişəsi başa çatandan, nizamlanandan sonra bizim regionda vəziyyətin geosiyasi inkişafını və qüvvələr nisbətini necə görürsünüz?

-Zənnimcə, vəziyyət, əlbəttə, münaqişədən əvvəlki kimi olmayacaq. Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalıb. Məsələn, Rusiya və NATO arasındakı qarşıdurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə daha çox səmimi və etimada əsaslanan əlaqələrə malikdirlər, nəinki Türkiyə ilə NATO üzvü olan hər hansısa başqa ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır. Buna görə də, bax, belə dəqiq strukturlaşdırılmış stereotip geosiyasi təfəkkür də ikinci plana keçir. Mən hesab edirəm ki, bu, müsbət amildir. Çünki reallıqları əsas götürmək lazımdır, reallıqları isə siyasətçilər öz fəaliyyətləri ilə yaradırlar. Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır. Çünki bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıqdan danışmaq olar. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb. Mən Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana necə verməsini dəfələrlə demişəm. Bu, tarixi faktdır. 1918-ci il mayın 29-da, Cümhuriyyətin yaranması elan ediləndən bir gün sonra İrəvan verilib. Özü də müzakirələr zamanı qanunverici orqanının İrəvandan olan deputatları bunun əleyhinə idilər, lakin onların fikrini heç kim nəzərə almadı. Bax, beləcə İrəvanı götürüb veriblər. Buna görə də, necə deyərlər, olan olub, keçən keçib. İndi Ermənistan yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu, onlara yalnız fayda gətirə bilər, başa düşürsünüzmü, yalnız fayda. Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar. Baxın, bu gün Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alır. Bu, tamamilə yeni təhlükəsizlik sistemidir. Bu, sadəcə, hava hücumundan müdafiə kompleksinin alınması deyil, yeni təhlükəsizlik, qarşılıqlı etimad sisteminə bir addım yaxınlaşmaqdır. Bunu qarşılıqlı etimad olmadan əldə etmək mümkün deyil. Biz Rusiyadan S-300-ləri çoxdan almışıq. Bu da qarşılıqlı etimad amilidir. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir. Amma Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun.

-Bütün suallarımıza ətraflı cavab verdiyinizə görə bir daha sağ olun.

Seçilən
69
10
turkic.world

10Mənbələr