AZ

2025-ci ilin büdcəsində riskli neft proqnozu - Bu hadisələr qara qızılı dəyərdən salacaq...

Dünyada gedən münaqişələr, İran-İsrail savaşı fonunda neftin qiyməti necə dəyişə bilər? Hazırda bu sual hər kəsi düşündürür. Çünki ilin sonudur və növbəti ilin dövlət büdcəsində neftin bir bareli üçün proqnozlar hesablanmaqdadır. Özəlliklə Azərbaycan kimi büdcəsinin əsasını neft gəlirləri təşkil edən resurs ölkələrində bu qiymətin doğru proqnozlaşdırılması büdcənin daha aşağı risklə icra olunması baxımından çox vacibdir. Bər, hazırda ilin sonuna doğru və növbəti il üçün proqnozlar necədir? DÜnyada gedən iqtisadi-siyasi proseslər, münaqişələr fonunda 2025-ci ilin büdcə zərfində neft neçə dollardan götürülməlidir? 

Bu barədə Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyadakı münaqişələrə rəğmən neftində qiyməti çox ciddi artım müşahidə olunmur: "Dünyada geopolitik gərginliyin artması, İsrail- İran qarşıdurması, Yaxın Şərqdəki vəziyyət, Husilərin gəmilərə hücumu, Hörmüz boğazındakı problemlər, Qırmızı Dənizdəki problemlər - bütün bunlar neft qiymətlərinə indi çox ciddi təsir göstərir. Hələ bu qədər problemlərə  baxmayaraq neftin qiyməti 75-76 dollardan çox artmır. 

N.Cəfərli qeyd edib ki, neftin qiymətinə daha çox fundamental problemlər və istehlak problemləri  təsir göstərir: “Hasilatla bağlı ABŞ  lider ölkəyə çevirilib,  hər gün 13.4 - 13.5 milyon barel neft istehsal edir ki, bu da tarixi rekorddur. Neft ölkələri anlayır ki, onlar nə qədər hasilatı azaltmaq yolu ilə neftin qiymətini yüksəltməyə çalışsalar, o qədər ABŞ neft istehsal edir və bazarda onların yerini tutur. Ona görədə bu makroiqtisadi amillər, Çin iqtisadiyyatının sürətinin azalması və digər bu kimi məsələlər neft iqtisadiyyatına daha çox təsir göstərir”.

İqtisadçı nəzərə çatdırıb ki,  başqa dövr olsaydı bu qədər geosiyasi gərginlikdə neftin qiyməti 150 dollar olardı, amma olmadı: "Ona görə də hökumət büdcə formalaşdırarkən neft qiymətinə daha çox konservativ yanaşmalıdır,  bu həmişə də belə olub. Bu il ilk dəfədir ki, 2025-ci büdcəsində başqa cür yanaşmaq istəyirlər. Əvvəllər neftin  qiymətini daha aşağı götürürdülər,  daha konservativ yanaşma olurdu. Neft daha baha olanda ilin ortasında büdcə parametrlərini dəyişib rahat şəkildə idarə edə bilirdilər. İndi 75 dollar götürmək istəyirlər, bu da risklidir. Çünki gələn il də neft qiymətlərinin geosiyasi gərginliklər azalarsa, daha kəskin düşməsi gözlənilir. Hətta, 50-60 dollara düşməsi gözlənilir”.

Ekspert vurğulayıb ki,  Tramp qalib gəlsə neft bazarında daha aşağı qiymətlər görəcəyik: "Çünki, Tramp administrasiyası  Amerika və dünya üçün daha ucuz neft istəyir. Ona görə də Azərbaycan hökuməti daha konservativ yanaşma qoymalıdır. 75 dollar kifayət qədər yüksəkdir və ola bilər ki,  gələn il biz bazarda daha aşağı qiymətlər görək”.

Tehran Yusifli,

Sitat.info 

Seçilən
50
33
sitat.info

10Mənbələr