AZ

Azərbaycan COP29 ərəfəsində

Beynəlxalq aləmin diqqəti yenidən Bakıda

Müasir dövrün çağırışlarına cavab verən çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edən Azərbaycan qlobal və regional sabitliyə töhfəsini verir. Yaxın günlərdə qlobal problemlərin mənfi təsirlərinin getdikcə artdığı, bəşəriyyəti ciddi şəkildə narahat etdiyi zamanda paytaxt Bakı COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəkdir. COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir, yaşıl enerji növlərinin yaradılmasını və dünya bazarına nəqlini enerji siyasətinin prioritet istiqaməti kimi göstərir. Belə bir tədbirin qlobal ekoloji təhlükəsizliyin təmin olunmasının vacibliyindən irəli gəlir. Bu günə qədər Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünə cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Paytaxtımızda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumları müxtəlif ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiyanı həyata keçirib. Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilib. Əlbəttə ki, paytaxtımızda təşkil olunan beynəlxalq tədbirlərdə müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Bu və ya digər məsələlərin həll yolunu tapmaq üçün dünyanın cəm olunduğu Bakı təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsində mühüm məkandır.

"APARDIĞIMIZ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA MİQYASINDA ÇOX GÜCLÜ MÖVQELƏRƏ SAHİB OLMUŞUQ"

Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük nüfuza sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Əlbəttə ki, müasir dünyanı narahat edən məsələlər məhz bu tədbirlərdə müzakirə olunur. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından, COP29-un əhəmiyyəti böyükdür. Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir. Beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. "COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı." Bu fikirləri ötən ilin dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirdə dövlət başçımız bildirib.

"BEYNƏLXALQ BİRLİK DÜNYANIN BÜTÜN ÖLKƏLƏRİDİR VƏ BU ÖLKƏLƏR YEKDİLLİKLƏ AZƏRBAYCANA ÖZ BÖYÜK DƏSTƏYİNİ GÖSTƏRMİŞDİR"

Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu, tədbir Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, beynəlxalq birlik 30-40 ölkə deyil: "Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik".

İQLİM DƏYİŞMƏLƏRİNİN QARŞISININ ALINMASI İSTİQAMƏTİNDƏ BİRGƏ SƏYLƏR VƏ ÇAĞIRIŞLAR

Vurğulayaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Bildiymiz kimi, COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də belə bir tədbirin keçirilməsində ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.

ÖLKƏMİZİN, XALQIMIZIN NÖVBƏTİ BÖYÜK UĞURU

Xatırladaq ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən ilin dekabrın 11–də keçirilən plenar iclasında verilib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident bildirib.

1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.

Azərbaycanda ətraf mühitin qorunması, mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür. Ətraf mühitin mühafizəsi, insanların ekoloji sağlam mühitdə yaşaması və təbii sərvətlərdən əhalinin rifahının yaxşılaşdırılması üçün səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir. Rəsmi məlumatlara istinadən deyə bilərik ki, 2023-cü ildə əvvəlki illə müqayisədə ətraf mühitin mühafizəsinə çəkilmiş xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat təşkil etmişdir. Bu vəsaitin 595 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olmuş, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənmişdir. 2023-cü ildə ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb. Son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb.

"TƏMİZ ƏTRAF MÜHİT VƏ YAŞIL ARTIM ÖLKƏSİ"

Məlumdur ki, ötən il dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Azərbaycanın davamlı iqtisadi inkişafını nəticəsində COP29 kimi nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkəmizdə zəruri infrastruktur yaradılmışdır. Müasir standartlara cavab verən avtomobil və dəmir yolları, hava limanları şəbəkəsi, mehmanxanalar, konfrans mərkəzləri və s. COP29-un yüksək səviyyədə təşkilində önəmli amillərdir. Cənab Prezidentin bildirdiyi kimi, COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
49
sesqazeti.az

1Mənbələr