AZ

“Sülh qovşağı” layihəsini kar qulaqlara eşitdirmək heç bir fayda verməyəcək -ŞƏRH

Ermənistan Baş nazirinin ofisi “Sülh qovşağı” təşəbbüsünü işıqlandırmaq üçün türk mediasının nümayəndələrini ölkəyə dəvət edəcək. Bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib. Arutyunyanın sözlərinə görə, yaxın günlərdə iranlı ekspertlərin də 4 gün davam edəcək səfəri planlaşdırılır. Bundan əlavə söyləyib ki, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. “Sülh qovşağı” əsas müzakirə mövzusu olmayacaq, amma yenə də ona toxunulacaq. 

Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, “Sülh qovşağı” terminologiya kimi Zəngəzur ifadəsinin dövriyyəyə girməsindən sonra alternativ olaraq yaradılıb:

“Çünki Zəngəzur sözü beynəlxalq səviyyədə legitimləşib. Hər kəs bu ifadəni işlədir və Zəngəzur dəhlizindən danışır. Ona görə də Zəngəzur sözünün beynəlmiləşməsinə imkan verməmək üçün ermənilər “Sülh qovşağı” ifadəsini yaratmağa çalışdılar. Lakin sözügedən proses baş tutmadı. Bu gün regional və qeyri-regional ölkələrdə Zəngəzur dəhlizindən danışılır. Digər tərəfdən isə sözügedən layihə ortalığa atılması dolayısıyla Zəngəzurun dəhliz statusunda fəaliyyətinin qarşısını almağa hesablanıb. Həmin məsələdə Ermənistanın havadarları da prosesdə iştirak edirlər. Ermənistan “Sülh qovşağı” adı altında açılacaq yeni nəqliyyat-kommunikasiya sistemlərində Azərbaycanı əvəzləyəcək dövlətə çevrilmək istəyir. Bu isə Ermənistanın geosiyasi əhəmiyyətini artıracaq məsələdir. Ancaq bu mümkün deyil. Ermənistan açılacaq yeni nəqliyyat-kommunikasiya sisteminin sadəcə bir tərkib hissəsi olaraq “sülh qovşağı” prosesə qatıla bilər. Yəni körpü rolunu oynayacaq ölkə Ermənistan yox, Azərbaycandır. Ümumiyyətlə iki əsas qlobal nəqliyyat sistemi mövcuddur. Birincisi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir ki, bu da Azərbaycandan keçir. İkincisi isə Asiya və Avropanı bağlayan Şərq-Qərb dəhlizi var ki,  burada birləşdirici amil yenə Azərbaycandır. Azərbaycan hər iki dəhlizin kəsişdiyi yerdə yerləşir. Bundan başqa Azərbaycanın günü-gündən inkişaf edən müasir infrastrukturları var. Ermənistanın isə belə imkanları mövcud deyil. Ona görə də “Sülh qovşağı” layihəsini beynəlxalq səviyyədə təqdim etmək və kar qulaqlara bunu eşitdirmək heç bir fayda verməyəcək”.
Seçilən
72
50
sherg.az

10Mənbələr